Onlar Azərbaycan ədəbiyyatında çoxdurlar, hətta deyərdim ki, itinətökdürlər. Ümumiləşmiş obrazları isə belədir: guya yerdə, ətraflarında baş verənlərin bunlara heç bir dəxli yoxdur, onları ancaq bəşəri mövzular maraqlandırır. Və yenə guya bu günün oxucuları onları başa düşmürlər, yazdıqlarının əsl qiymətini isə 100, 200 il sonra verəcəklər.
Guya ədəbiyyat ictimai-siyasi, sosial gerçəklərin fövqündədir. Yazıçının missiyası isə başqa dünyadan informasiyalar gətirməkdir.
Belələri adətən, bəzəkli cümlələr qururlar. Qurduqları cümlələr mütləq ağırtonnajlı olur, öz aləmlərində dərin fəlsəfi məna kəsb edir. Ən sevimli mövzuları – qadın, ölüm, qəbir, göy üzünün o üzü, “insan, zaman, məkan”dır. Mücərrəd, təyinatsız mövzularda at oynatmaqdan ötrü sinov gedirlər. Göylərlə əlləşirlər. Buludların üstündə gəzirlər. Reallıq hissi onlara yaddır.
Bunların əsl qarın ağrısının nə olduğunu müəyyənləşdirmək çətindir. Özləri hansısa xırda məişət problemi, işıqsızlıq, qazsızlıqla üzləşəndə, “JEK”dən arayış almaq üçün get-gələ salınanda dərdlərini adam dilində, hamının başa düşəcəyi şəkildə yazırlar. Başqa vaxt isə əndrabadi cümlələrin, ilk baxışda çox müdrik, dərin fəlsəfi mətnlərin arxasında gizlənirlər. Yeddi başın olsa, yeddisini də çatdatsan da nə demək istədiklərini anlamağa çətinlik çəkirsən.
Söz oyununu sevirlər. Işləri-gücləri sözü şəkildən şəkilə salmaq, sözün başına itoyunu açmaqdır. Bu zaman nə demək istədiklərini oxucunun anlayıb-anlamayacağı onlara maraqlı deyil, əsas odur ki, yazdıqları kənardan cəzbedici, maraqlı görünsün.
Guya Tanrı onları sözün tozunu almaq kimi dərindən fikirləşdikdə heç bir anlam verə bilməyəcəyin missiya ilə yükləyib. “Mən sözü qoruyuram” cümləsinə onların hər çıxışında, müsahibəsində, rəsmi, qeyri-rəsmi atmosferdəki bütün söhbətlərində rast gəlirsən. Özlərini “sözü qorumağa” məsul hesab etsələr də, söz üstündə söyülən, döyülən, həbs edilən, sürgün olunan bir nəfəri də qorumazlar.
Infarkt keçirməyə meylli olurlar. Guya əsl yazıçının, şairin ürəyi tez-tez ağrımalı, ömründə heç olmasa, bir dəfə infarkt keçirməlidir. Və yenə guya həkim ona içməyi qəti qadağan edib, amma o, bunu vecinə də almır, əvvəlkindən daha çox içir, guya indiki həyatı onun üçün heç bir əhəmiyyət kəsb etmir, onun üçün əsas olan ölümdən sonrakı həyatdır və s. və i.
Mən belələrindən birini tanıyıram, əslində imza olaraq siz də tanıyırsınız, kifayət qədər məşhur bir şairdir, deyilənə görə, yüngülvari bir ürək tutmasından sonra bütün dost-tanışa sevincək mesajlar yazırmış ki, infarkt keçirib, qaranlıq bir tuneldə imiş, tunelin bir ucundan zəif işıq gəlirmiş, işıq yaxınlaşanda isə onun əslində Elçibəy olduğunu görüb. Nə bilim, daha nə! Çətin məsələdir, ağır dərddir, adam deməyə söz tapmır.
Ədəbiyyatda yeganə uğuru istedadda görürlər. Anadangəlmə, yaranmasında özlərinin heç bir xidməti olmayan istedadlarının hesabına ədəbiyyata, oradan da əbədiyyətə iddia edirlər. Çalışmaq, özünü gəlişdirmək, yeniləmək, mütaliə, analitik təfəkkürə sahib olmaq onlardan uzaqdır. Istedad var, vəssalam! Gəvəzələ ki, gəvəzələyəsən. Zəvzəklə ki, zəvzəkləyəsən.
Müdrik görünmək üçün əldən-ayaqdan gedirlər. Guya mütləq hər sözlərindən ağsaqqallıq, hikmət yağmalıdır. Ömürlərinin yarısı dərin məzmunlu kəlamlar, aforizmlər düzəltməklə keçir. Bütün hallarda isə ortaya sarsaqlıqdan başqa bir şey çıxmır. Öz cəsarətsizliklərini belə, müdrikliklə əlaqələndirirlər. Guya onları cari məsələlər yox, bəşəri məsələlər maraqlandırır, guya polisin işgəncə ilə öldürdüyü vətəndaşın taleyi haqqında susub, “ölümün özünü necə öldürmək olar?” kimi cəfəng fəlsəfi-səfsəfi suallar ətrafında baş sındırmaq lazımdır.
Oxucuları daim aşağılayır, onları “savadsız”, “kütbeyin”, “qafil” adlandırmaqdan zövq alırlar. Oxucularının qayğıları, ağrıları onlar üçün heç nə ifadə eləmir. Guya hər şeyin fövqündədirlər. Amma başqa vaxt da utanmadan oxucudan şikayətlənir, oxucunu anlamamaqda, kitablarını almamaqda ittiham edir. Heç kim də bu qırışmalların yaxasından tutub demir: xeyir ola, oxucun əziləndə, onun haqqı çeynənəndə, səsi saxtalaşdırılanda, evi başına uçurulanda, taksisi əlindən alınıb bir qarın çörəyə tamarzı qoyulanda onun müdafiəsinə qalxmırsan, çətin anlarında onun yanında dayanmırsan, onun dərdlərinin tərcümanına çevrilmirsən, onun səsi, fəryadı olmursan, amma sonra da oxucudan özünə, yazılarına diqqət tələb edirsən? Oxucunun sənin dədənə borcumu var? Oxucu yazdıqlarında öz ağrılarını görməyəcəksə, xeyir ola sənin kitabını almalıdır? Oxucu yerdə itzülmü çəksin, sən də göylərdə ulduzlarla oyna, Günəşlə mazaqlaş, buludlar üstündə süz, sonra da qayıt kitablarının oxunmamasından şikayətlən! Belə də arsızlıq, həyasızlıq olarmı?
Amma onlar deyirlər ki, olar. Onlar – “qanunda dahi”dirlər. Onlar həmişə “böyük” düşünür, böyük öskürür, böyük qusurlar. Ayaqları yerə dəymir. Uçurlar. Axırda qonacaqları yer isə – hansısa rektorun pəncərəsinin ağzı da ola bilər, hansısa icra başçısının qəbul otağı da. Oxucunun gözündə böyük görünmək üçün min hoqqadan çıxan belələrinin az-çox vəzifəli birinin yanında necə kiçildiklərini öz gözlərinizlə görməniz lazımdır. Mən yüz kərə yazım, sizə onsuz da uydurma kimi görünəcək. Bu vəziyyəti təsəvvür etməkdə insan zəkası acizdir.
Üstəlik, yazmağın bir faydasını da görmürəm, belələrini qələmlə ağıllandırmaq mümkün deyil. Onlara tibb elmi kömək olsun!

“Qanunda dahilər”
•
•