Hər dəfə hakimiyyət onu tənqid edənlərə, onun talançılığını qəbul etməyənlərə qarşı yeni iyrənc bir addım atanda, birinin cibindən tank əleyhinə qumbara, birinin qulağından heroin çıxaranda, birini evindən, birini ofisindən, birini ölkədən, birini dünyadan çıxaranda, birinin üzünə əxlaq mücəssəməsi sifətində fahişə durğuzanda, birini tualetdə təharət alarkən, birini evində yatarkən quraşdırdıqları gizli kameralarla çəkib əvvəl özləri baxıb, sonra camaata göstərəndə… qısası udduğu havanı insanların burnundan, yediyi ağuya dönmüş çörəyi gözündən gətirəndə deyirsən ki, yox, bu, daha ağ oldu!
Hər dəfə deyirsən. Hər dəfə. Və elə bilirsən ki, daha bundan oyanası olmaz. Ancaq sonra əvvəlkindən elə iyrənc bir iş görürlər ki, yenə də eyni sözləri deməyə məcbur olursan: “Yox, vallah, bu, daha ağ oldu!”
Küçədə ucadan danışdığına görə bir gənci həbs eləmişdilər. Yanılmıramsa, cəbhəçiydi; ondan yazmışdım da. Onda da hamı isterik gülüşə boğulub heyrətlənmişdi.
Indi isə Ictimai Palatanın 22 aprel mitinqinin qəhrəmanı olan qadının evinə, daha doğrusu, kirayədə qaldığı evinə basqın edilib (onu elə mitinqin səhəri günü evindən bayıra atmışdılar). Oğlu Əlirza Muxtar “Yeni Müsavat”ın müxbirinə bildirib ki, polis onun anasının yatdığı otağın pəncərəsi önündən narkotik “tapıb”: “Anam Quran oxuyan qadındır. Onun otağından narkotik maddə tapıla bilməz. Bizim nəslimizdə narkoman yoxdur”.
Baxın, gəncləri Azadlıq meydanına səsləyən Cabbar Savalanlının, hakimiyyətdəkilərə dəhşətli həcvlər yazan Mirzə Sakitin, mafiyanın oyununa qoşulub sonradan mafiyaya kələk gəlməsi üstündə həbsə atılıb illər sonra əfv edilən, indi isə “Eurovision” yarışmasını siyasiləşdirmək olmaz” deyən Eynulla Fətullayevin ayaqqabısından narkotik vasitə “tapanda” hardasa anlamaq olardı. Deyirsən, nə bilmək olar, kişidi də, bir də gördün, dərd dov gəldi, meyli çəkdi, bir baş dartmaq istədi. Hərçənd, filtrsiz siqareti güclə almağa imkanı çatan Sakitin, bir anasıyla gününü güclə sovuran Cabbarın, maddi imkanı pis olmasa da, məhbəsdə hansı təhdidlərlə üz-üzə qaldığını bilən Eynullanın üstündən narkotik tapıldığını eşidəndə də “bu, daha ağ oldu” demək zorunda qalmışdıq. Ancaq Şirinbacı ananın narkotikdən istifadə eləməsi… Yox, bu lap ağ oldu!
Təkcə ağ deyil, həm də nə qədər bəsit! Məgər bunlar öz iyrəncliklərinin bu qədər bəsit olduğunu, onlara kimsənin inanmadığını bilmirlərmi? Bilirlər. Bizdən də yaxşı bilirlər. Ancaq veclərinə deyil. Sadəcə “Tütək səsi” filmində deyildiyi kimi, qisas alırlar. Demişdim axı, dövlətimiz çox güclüdü. Yaşlı bir anadan qisas almağı, dizini yerə gətirməyi bacarmasa, daha nə dövlət olardı ki? Pardon. Dövlət yox, hakimiyyət. Azərbaycanda dövlət yoxdu. Dövlətçilik yoxdu. Təkcə hakimiyyət var. Mafiya qaydaları ilə hərəkət edən hakimiyyət. Bəlkə Eynulla öz hərəkətlərinə də haçansa bu prizmadan, bu məntiqlə yanaşıb haqq qazandıracaq. “Nə siyasət, – deyəcək, – mafiya hara, siyasət hara? Mən o vaxt anlatmaq istəyirdim ki, Azərbaycanda dövlət var ki, nəyisə də siyasiləşdirəsən?..”
O yerdə ki, hökumətlər gəlib sadəcə, dövlətin qanunlarıyla iqtidarda olursa, orda dövlət olur, yox, dövlət və onun qanunları hansısa iqtidarın köləsinə çevrilirsə, artıq o yerdə dövlətdən danışmağın yeri yoxdu.
Istiqlalçı deputatlar isə Arif Hacılı ilə bağlı Ilham Əliyevə müraciət imzalayıblar. Belə başlayır: “Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev cənablarına. Hörmətli cənab Prezident! ”Azərbaycanın ən böyük sərvəti müstəqilliyimizdir”. Bu fikir Sizə məxsusdur?..”
Nə isə. Allah bir də bu milli qəhrəmanlarımıza belə qəhrəmanlıq qismət eləməsin. Narkotik ağ olsa da, bu, daha ağdan da o yanadı.

Narkotikdən də ağ…
•
•