Prokuror polislə mübahisəyə görə işdən qovuldu

Baş prokuror Zakir Qaralov Gəncə şəhər prokurorunun böyük köməkçisi Fuad Həsənovu tutduğu vəzifədən azad edib. “Azadlıq”a daxil olan məlumatlara görə, Zakir Qaralovun bu addımına səbəb Fuad Həsənovun polislə mübahisə etməsi olub.
Məlumatlarda bildiririlir ki, bir neçə gün əvvəl Fuad Həsənov avtomobilini içkili vəziyyətdə idarə edərkən yol-hərəkəti qaydalarını kobud şəkildə pozub. Bu baxımdan Gəncə şəhər Yol Polisi Idarəsinin post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Fuad Həsənov yol polisləri tərəfindən saxlanılmasından hiddətlənib və mübahisəyə başlayıb. Prokuror köməkçisi nizam-intizama dəvət edilməsinə məhəl qoymayıb. Polislər onu Nizami rayon Polis Şöbəsinə aparmaq məcburiyyətində qalıblar. Məsələ barədə yuxarı orqanlara da məruzə olunub. Məsələyə Respublika Prokurorluğu səviyyəsində münasibət bildirilib və Zakir Qaralovun müvafiq əmrilə F.Həsənov vəzifəsinən kənarlaşdırılıb, prokurorluq orqanlarından xaric ediliblər.

Informasiya şöbəsi