Siqaret birdən-birə niya bahalaşıb?

Hökumət səbəbini bilmir, deputat isə şübhələnir

İqtisadi İnkişaf Nazirliyi son günlər bazarlarda tütün məhsullarının qiymətinin qalxmasına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev yanvarın 5-də “Media forum” saytına deyib ki, tütün məhsullarının bahalaşması haqda nazirlikdə konkret məlumat yoxdur. Onun sözlərinə görə, ümumiyyətlə İqtisadi İnkişaf Nazirliyi son günlərdə tütün məhsulları üzərində monitorinq aparmayıb: “Biz 2010-cu il dekabrın 16-dan ərzaq məhsulları üzərində, bayramla bağlı daha çox tələb olunan bir qrup məhsulun və Yeni il hədiyyələrinin monitorinqini aparmışıq. Tütün məhsulları ilə əlaqədar isə son günlərdə hər hansı araşdırma olmayıb. Bu məhsulların qiymətlərini dövlət tənzimləmir. İqtisadi qanunvericiliyə uyğun olaraq dövlətin tənzimləmədiyi qiymətlər bazar prinsipləri, tələb-təklif əsasında müəyyənləşir. Qiymətlərin süni şəkildə dəyişdirilməsi halı aşkar ediləndə isə dövlət araşdırması əsasında, qanuna uyğun tədbirlər görülür”.
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, birdən-birə siqaretin qiyməyində artımın olması şübhələr doğurur.
“Media forum”a açıqlamasında Vahid Əhmədov deyib ki, bu artım heç bir maliyyə böhranı ilə, iqtisadi böhranla əlaqəli deyil, süni artımdır: “Ola bilər, hansısa inhisarçılıqla, iqtisadi fəaliyyətdə yaranan problemlə bağlı olsun. Bu bir yandan insanların siqaret aludəçiliyindən azad olmasına kömək də edə bilər, amma o biri yandan da kiminsə süni yolla külli miqdarda vəsait əldə etməsi kimi qiymətləndirilə bilər”.
Son günlər Azərbaycanda “West”, “Davidoff”, “Kent 8”, “Kent 4” markalı siqaretlərin qiyməti 10 qəpik, bəziləri isə 20 qəpik bahalaşıb. Media xəbər verir ki, sadə “West”in qiyməti 70 qəpikdən 80 qəpiyə, “Kent 8”in qiyməti isə 1 manat 20 qəpikdən 1 manat 30 qəpiyə qalxıb.