Polis Təhminə Tağızadəni niyə saxlayıb?

Jurnalist: «Səbəb göstərildi, guya mən ANS-in adından istifadə etmişəm».

Polis rəisi:”Onun vəsiqəsi üzərində olmayıb”

«Gəncə şəhərinin Nizami küçəsində yolun genişləndirilməsi məqsədilə evləri sökürlər. Sakinlər tərəfindən edilən şikayət əsasında, həmçinin jurnalist fəaliyyətimlə – Böyük Britaniyanın IWPR – Sülh və Müharibənin İşıqlandırılması İnstitutu üçün həmin yerdən reportaj hazırlamaq üçün burada fotoaparatla çəkiliş aparmaq istədim. Lakin əsaslı səbəb göstərilmədən polis şöbəsinə aparıldım».
Bunu APA-ya Gəncədə yaşayan jurnalist Təhminə Tağızadə deyib. O bildirib ki, məsələ Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Rasim Musayevin yanında araşdırılıb və o vəziyyətlə bağlı məlumat verib.
T.Tağızadə polis idarəsində məsələnin araşdırılması üçün sənədlərin məhkəməyə göndəriləcəyini də bildirib: «Səbəb göstərildi, guya mən ANS-in adından istifadə etmişəm».

T.Tağızadə məsələ ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olmadığını və əgər lazım gələrsə hüquqlarını qorumaq üçün zəruri addımlar atacağını da deyib.

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Rasim Musayev APA-ya açıqlamasında deyib ki, Təhminə Tağızadə saxlanılmayıb və buna lüzum yoxdur: «Şəhərdə aparılan tikinti ilə bağlı material hazırlayarkən, kimsə deyib ki, bu, ANS-in işçisidir. Hətta Təhminə Tağızadənin guya ANS-in adından istifadə etdiyini də deyiblər. Polis əməkdaşları isə əvvəlcə onu tanımayıblar, həmçinin Təhminə Tağızadənin vəsiqəsi də üzərində olmayıb. Məsələnin araşdırılması üçün o Kəpəz rayon Polis Şöbəsinə dəvət edilib. Sonradan onun kimliyi məlum olduqda buraxılıb. Mən də bununla bağlı həmin rayonun polis rəisi ilə danışmışam. Hər halda onun ANS-in işçisi kimi özünü təqdim edib-etməməsi məsələsi də araşdırılır. Onun saxlanması halı isə olmayıb».

***

Gəncə Media Mərkəzinin əməkdaşı, ANS-in keçmiş müxbiri Təhminə Tağızadəni polis saxlayıb. Jurnalistin “Azadlıq” radiosuna dediyinə görə, o, Gəncədəki 6 saylı məktəbin yanında yolun genişləndirilməsi ilə əlaqədar evləri sökülən sakinlərlə söhbət edərkən saxlanıb. Jurnalist kompyuterinin mülkigeyimli şəxslər tərəfindən alındığını və Nizami rayon polis şöbəsinə aparıldığını, eyni zamanda ona bələdçilik edən Elşən adlı gəncin də saxlandığını deyir.

Müstəqil jurnalist kimi fəaliyyət göstərən Təhminə Tağızadə deyir ki, Cavad Xanın dəftərxanasının sökülməsi barədə videonu sosial şəbəkələrdə paylaşdıqdan sonra ona qarşı təzyiqlər başlayıb.

Gəncə şəhər Polis İdarəsindən “Azadlıq” Radiosuna məsələni araşdırıb məlumat verəcəklərini bildiriblər.