Tərəflər 5 ayrı məsələ barədə birgə qərar qəbul etdilər
Dünən Ictimai Palatanın Koordinasiya Şurasının və Ziyalılar Forumunun üzvləri arasında növbəti görüş olub. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, tərəflər arasında əməkdaşlıq perspektivləri, iki qurumun birgə keçirəcəyi Demokratik Müşavirəyə hazırlıq məsələləri, eləcə də siyasi məhbuslar problemi, onların azadlığa buraxılması istiqamətində görülən işlər müzakirə olunub. Tərəflər birgə fəaliyyətlə bağlı aşağıdakı razılıqları əldə ediblər.
1.Ziyalılar Forumu və Ictimai Forum arasında ümumi əməkdaşlıq davam etdirilsin;
2. Ziyalılar Forumu və Ictimai Forum tərəfindən köklü demokratik dəyişikliklər uğrunda çıxış edən ictimai-siyasi qüvvələrin konsolidasiyası məqsədi ilə Demokratik Müşavirə bu ilin payız aylarında keçirilsin;
3. Ümumrespublika Demokratik Müşavirəsində ölkədə demokratik dəyişikliklər uğrunda çalışan bütün qüvvələrin və şəxslərin iştirakı təmin olunsun;
4. May ayında yerli və xarici KIV nümayəndələri üçün birgə brifinq keçirilsin;
5. Bütün siyasi və vicdan məhbuslarının azadlığa buraxılması barədə bəyanat qəbul edilsin.
“Bizim üçün Ziyalılar Forumu ilə əməkdaşlıq çox mühümdür”
IP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli görüşdən sonra bildirib ki, tərəflər arasında əməkdaşlıqla bağlı prinsipial razılıq əldə olunub: “Bizim üçün Ziyalılar Forumu ilə əməkdaşlıq çox mühümdür. Forumda təmsil olunan ziyalıları, onların ölkənin ictimai-siyasi həyatındakı iştirakını çox yüksək qiymətləndiririk. Ona görə də bu əməkdaşlıqda maraqlıyıq. Görüş zamanı məlum oldu ki, Ziyalılar Forumu da Ictimai Palata ilə əməkdaşlığın genişlənməsində və davamında maraqlıdır. Ona görə də ciddi razılaşmalar əldə olundu. Ən böyük razılaşma da Ümumrespublika Demokratik Müşavirəsinin birgə hazırlanıb keçirilməsidir. Olduqca önəmlidir ki, biz ölkəmizin demokratik potensialını demokratik dəyişikliklər naminə bir araya gətirək. Bu məsələdə də Ictimai Palata ilə Ziyalılar Forumunun mövqeyi üst-üstə düşür. Hesab edirik ki, demokratik dəyişikliklər uğrunda mübarizə aparan ölkənin bütün ictimai-siyasi qüvvələrini demokratikləşmə naminə səfərbər olmasına ehtiyac var. Bu məqsədlə Ümumrespublika Müşavirəsi keçirəcəyik və çalışacağıq ki, bütün demokratik potensialı səfərbər edək”.
“Olduqca səmimi, açıq və dostyana görüş oldu”

IP Koordinasiya Şurasının üzvü, Müsavat başqanı Isa Qəmbər görüşün olduqca səmimi şəraitdə keçdiyini, orada Ictimai Palata ilə Ziyalılar Forumu arasında əməkdaşlığın inkişafına dair ciddi fikir mübadiləsinin aparıldığını deyir: “Bu iki qurumun birgə təşkil edəcəyi Demokratik Müşavirə ilə bağlı müəyyən razılaşmalar əldə olundu. Eyni zamanda vicdan məhbusları, siyasi məhbuslarla bağlı birgə bəyanatın qəbul edilməsi razılaşdırıldı. Bu tipli bir sıra başqa məsələlərlə də bağlı razılıq əldə olundu. Hesab edirəm ki, kifayət qədər səmimi, açıq və dostcasına bir görüş oldu. Ölkədəki vəziyyət, təşkilatların mövqeləri və hədəfləri dəyərləndirildi. Bilirsiniz ki, yaxın günlərdə Bakıya minlərlə jurnalist gələcək. Biz də bu mərhələdə brifinqin keçirilməsini məqsədəuyğun hesab etdik. Bu tədbirin vaxtı yaxın günlərdə bəlli olacaq”.
“Görüş məhsuldar keçdi”
.jpg)
Ziyalılar Forumunun üzvü Cəmil Həsənli görüşün məhsuldar keçdiyini və bir sıra prinsipial məsələlərlə bağlı razılıq əldə olunduğunu bildirir: “Biz müəyyən məsələlərdə Ictimai Palataya dəstək veririk. Birgə tədbir barədə də razılığa gəlmişik və onu əlverişli bir vaxtda keçirəcəyik. Əldə olunan razılışmalardan biri də, Ictimai Palata ilə Ziyalılar Forumu arasında əməkdaşlığın inkişafıdır. Azərbaycanın demokratikləşməsi uğrunda, konstitusion prinsiplər uğrunda mübarizədə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik”.
Gültəkin


