“Dalğaların toplanması” iqtidar mənsublarını niyə hiddətləndirib?
Tanınmış dramaturq, yazıçı, Ziyalılar Forumunun üzvü Rüstəm Ibrahimbəyovun hakimiyyəti tənqid etməsi ona qarşı təzyiqlərin başlanmasına səbəb olub. Ibrahimbəyovu hətta dönük adlandırmaqdan belə çəkinməyən iqtidar mənsubları onun fəaliyyətinə də maneəçilik törədir. Bir neçə gün əvvəl növbəti belə hücumlardan birinə cavab verən tanınmış ziyalı hökumətdən ona qarşı başlanmış təzyiqlərin səbəbi kimi son çıxışlarını və “Literaturnıy Azerbaydjan” jurnalında dərc edilən “Slojenie voln” (“Dalğaların toplanması”) povestini göstərdi.
Povestin nədən iqtidar mənsublarının qəzəbinə səbəb olduğunu bilmək üçün onu əldə edib oxuduq. Qısa məzmunu barədə bir neçə kəlmə yazıb ona qiymət verməyi oxucuların öhdəsinə buraxırıq.
Povestin əsas qəhrəmanlarından biri, Murtuz adlı qəssab öz qəssabxanasını qonşuluqdakı kitabxananın hesabına genişləndirmək istəyir. Bunun üçün bütün müvafiq qurumların razılığını da alıb (təbii ki, rüşvət hesabına). Hətta kitabxananı uzun illər qoruyub saxlayan yaşlı qadına da prosesə mane olmamaq üçün 50 min dollar pul təklif edir. Lakin ölkənin tanınmış (Sovet Ittifaqı Qəhrəmanı, tarixçi-alim, orduda baş verən korrupsiya faktlarını araşdıran və Irandakı dini qruplaşmanın hədəfinə çevrilən) akademiki buna mane olur. Kitabxananın qəssabxanaya çevrilməsinə razılıq vermiş qurumlar isə akademikə bata bilmir. Evi dinlənilən akademikin mühafizəsi olmadan dostu ilə görüşə getməsi isə ona baha başa gəlir. Eldar adlı dostu ilə kafedə görüşən akademikə yaxınlaşan oğlan aldığı sərt cavabdan sonra onlardan aralanmalı olur. Lakin bir neçə dəqiqədən sonra küçəyə çıxan akademik məhz həmin şəxsin bıçaq zərbəsi nəticəsində dünyasını dəyişir. Istintaq isə akademikin sonuncu dəfə onunla görüşən Eldar adlı dostunu həbs edərək ağır işgəncələrə məruz qoyur və o, qətldə ittiham edilərək 11 il müddətinə azadlıqdan məhrum edilir. Bütün bunlardan isə son nəticədə qazanan məhz qəssab olur. Artıq heç bir maneə ilə üzləşməyən Murtuz kitabxananı qəssabxanaya çevirməyə nail olur.
Povestdə həmçinin Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra respublikada korrupsiya hallarının artması və indiki dövrdə baş verənlərdən də bəhs edilir. Hətta günahsız yerə həbs edilən Eldarın xilası barədə düşünən dostlarından birinin səsləndirdiyi ifadə isə çağırış kimi də qəbul edilə bilər: “Zibilin növləri olmur. Əgər kimsə ətrafda baş verənlərə dözürsə, ölkənin digər vətəndaşlarından heç bir üstünlüyü yoxdur…”. Povestin sonunda isə müəllif üçüncü minilliyin əvvəlində Bakıda kitabxananın ləğv edilməsi nəticəsində baş qaldıran dalğanın gələcək nəsilləri də yaxalayacağını deyir.
Fizzə