Dövlət Statistika Komitəsinin mətbuat xidməti 2016-cı ilin ilk 9 ayının evlilik və boşanma statistikasını açıqlayıb. Bəlli olub ki, 2016-cı ilin 9 ayının göstəricilərində bu rəqəm aya 1066, həftəyə 245, günə isə 35 boşanma halı kimi öz əksini tapır. Bu nikahların 9 600-ü uğursuzluğa düçar olaraq, boşanma ilə nəticələnib. Nəzərə alsaq ki, açıqlamada ilin son 3 ayının statistikası əksini tapmayıb, deməli rəqəmlər hələ artacaq. 2015-ci ilin yekun statistikasına görə, qeydə alınan 68 773 nikahın 12 764-ü boşanma ilə nəticələnib.
Statistikaya baxanda məlum olur ki, son 10 ildə boşanmalar ümumi evliliyin 10 faizini təşkil edirdisə, təkcə son iki ildə boşanmalar evliliyin 20 faizini təşkil edir. Nəzərə alsaq ki, qeyd olunan statistika rəsmi nikahların göstəricisidir. Hələ ölkədə nə qədər qeyri-rəsmi nikahla evlənib-boşananlar da var axı. Onların bu statistikaya daxil olmadığına nəzərə alsaq, vəziyyət düşündüyümüzdən də ağırdır.
Bəs son illərdə ailələrin sürətlə dağılmasının səbəbi nədir? Təbii ki, sosial-qtisadi vəziyyətin hər gün daha da ağırlaşması özünü bu sahədə də açıq şəkildə biruzə verir. Yeni evlənən cütlüklərin ailələrinin dağılmasının əsas səbəbi işsizlik, daimi və ardıcıl iş yerlərinin olmamasıdır.
2016-cı ilin 9 ayının statistikasında bir başqa fakt isə evliliklərin öncəki illərə nisbətən azalması faktıdır. Hökumətin hər dəfə səsləndirdiyi “ölkəmiz inkişaf edir”, “ölkəmizdə işsizlik faizi azalır” tipli açıqlamaları ilə nədənsə, bu faktlar uzlaşmır.
Ailələrin sürətlə dağılması faktı ciddi faktdır. Praktika göstərir ki, dağılmış ailələrin övladları psixoloji sarsıntılarıa, valideyn nəvazişindən məhrum böyüyür. Axı bu ölkənin gələcəyi bu uşaqların ixtiyarında olacaq. Sağlam ailələr sağlam dövlətin, dövlətçiliyin təməlidir.
Aydındır ki, hökuməti bu məsələlər narahat etmir. Əgər narahat etsəydi, milyardları ofşor zonalara deyil, gənc ailələrin ucuz ipotekalı mənzillərlə təmin edilməsinə, yeni iş yerlərinin açılmasına, işsiz ailələrin işlə təmin edilənə qədər sosial müavinətlərlə təmin olunmasına sərf edərdi. Sosial-iqtisadi vəziyyətin daha da ağırlaşacağını, böhranın daha da dərinləşəcəyini nəzərə alsaq ümumiyyətlə evliliklərin azalması böhranı yaşanacaq. “Zəngin neft ölkəsində”, “Qafqazın lider dövlətində” insanın özünü dolandırmağa çətinlik çəkdiyini nəzərə alsaq, nikahların nəinki dağılmasının, ümumiyyətlə nikaha daxil olma sayının azalması təəccüblü deyil.
Son zamanlarda ölkədə baş verən intihar hallarına diqqət edin. İntiharların çoxunun səbəbi insanların “yaşamaq”da çətinlik çəkməsidir. Dövlətin qayğısından məhrum olan vətəndaşların başqa yerdən bir ümidi də qalmayıb. Ümumiyyətlə hökumət nə üçündür? Niyə insanlar dövlətin, dövlətçiliyin qorunması üçün lazım gələndə canından da keçir? Demokratik dəyərlərin hakim olduğu ölkələrdə vətəndaş çətinə düşəndə öz dövlətinin əlini kürəyində hiss edir. Siz insan həyatının ən qiymətli nemət olduğu demokratik ölkələrdə hər hansı bir ailənin evsizlikdən, işsizlikdən əziyyət çəkdiyi üçün dağıldığını müşahidə edə bilməzsiniz. Çünki o hökumətləri xalq öz halal səsi ilə seçir. Seçir ki, ona xidmət eləsin. Xalq seçməyəndə isə vəziyyət olur Azərbaycandakı kimi.
Aqil Məhərrəmov