aliyev-ehmedinejad-bakida

Hakimiyyət İranla tarana getdi

Bakı və Tehran arasında qarşılıqlı ittihamlar təhqirə keçdi

Azərbaycanla İran arasında gərginləşən münasibətlər pik həddə çatıb. Ötən həftə Təbrizdə Azərbaycan konsulluğu qarşısında təşkil edilən etiraz aksiyasına Bakıdan mayın 11-də cavab verilib.

Günorta saatlarında əsasən gənclərdən ibarət bir qrup İranın Azərbaycandakı səfirliyi qarşısında şüar və plakatlarla aksiya keçirib. Polis aksiyayanın qarşısını almağa cəhd belə göstərməyib, əksinə səfirliyə gedən yolu bağlamaqla aksiyanın təhlükəsizliyini təmin edib. Qaldırılan şüarlarda İranın ali dini rəhbərliyi və prezidentinə qarşı təhqiramiz münasibət ifadə olunub.

Eyni gündə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) “İranın bəzi din xadimlərinin çağırışlarından və Təbrizdəki Azərbaycan konsulluğu qarşısında keçirilən aksiyada səslən fikirlərdən narahat olduğunu” bildirən bəyanat yayıb.

«Biz, Azərbaycan dövlətinin adına olmazın həqarətlər yağdırılmasını, onun dövlət atributlarının təhqirini, Prezidentinin ünvanına qonşu İran dövlətinin bəzi din xadimlərinin təhqiramiz ifadələr işlətməsini heç bir vəchlə qəbul etmirik. Bunu daxili işlərimizə müdaxilə hesab edirik. Bu təxribatların əsl məqsədi heç də qələmə verildiyi kimi dini təəssübkeşlik, İslami həmrəylik, qardaşlıq nümayişi və ya xalqımızın guya heysiyyətinin qayğısına qalınması deyil.  İslam adından sui-istifadə edərək sabitliyimizə xələl gətirmək və cəmiyyət daxilində qarşıdurma yaratmaqdır», – deyə bəyanatda bildirilir.

Sənəddə deyilir ki, ölkə başçısı İ.Əliyev Azərbaycan ərazisindən İrana qarşı hər hansı təcavüzə imkan verilməyəcəyini bəyan edəndən sonra bu növ aksiyaya yol verilməməliydi: «Azərbaycan dövlətinin və cəmiyyətinin qəbul etmədiyi gey-parad və buna bənzər məsələlərin olacaq kimi qələmə verilməsi, ölkə əleyhinə aramsız təhdidlər səsləndirilməsi qərəz və məkrdən başqa bir şey deyil».

Bəyanatda həmçinin qeyd edilir ki, Azərbaycan ən böyük problemi olan ərazi bütövlüyünün bərpası məsələsində dünya birliyinin ədalətli mövqeyinə, dost və qardaş ölkələrin dəstəyinə ümid bəsləyir: «Acı reallıq ondan ibarətdir ki, həqiqətən İslami həmrəylik, dini təəssübkeşlik nümayişi tələb olunan zamanlarda bu dəstəyi hiss etməmişik».

Bəyanatda təəssüflə deyilir ki, Şuşa, Ağdam məscidlərinin və yüzlərlə digər islami ibadət məkanlarımızın dağıdılmasına, bir milyon Azərbaycan müsəlmanının öz doğma yurdundan didərgin salınmasına cavab olaraq İranın nüfuzlu din xadimlərinin fətvaları eşidilməyib. Əksinə, bu ölkənin təcavüzkar dövlət olan Ermənistana davamlı olaraq maddi və mənəvi dəstəyi müşahidə edilir.

Xatırladaq ki, ötən həftə Təbrizdə Azərbaycan konsulluğu qarşısında “Eurovision” əleyhinə aksiya təşkil olunmuşdu. Bu, son vaxtlar İranla Azərbaycan arasında hökm sürən “soyuq müharibənin” axırıncı epizodlarından biri idi. Azərbaycan prezidenti İlham Əliyevin ünvanına “sionist” şüarının qaldırıldığı həmin aksiyanı Tehran rejiminin növbəti əzələ nümayişi də hesab etmək olar. Görünür, Azərbaycan rəhbərliyi bunu elə belə də qəbul edib və Tehran rejiminə eyni tərzdə cavab vermək qərarına gəlib.

İnformasiya şöbəsi