Noyabrın 23-də Milli Şuranın Koordinasiya Mərkəzinin(KM) növbəti toplantısı olub. Toplantıda ölkədəki sosial-siyasi vəziyyət, iqtisadi durum, Azərbaycana təsiri ola biləcək beynəlxalq proseslər müzakirə edilib.
Milli Şuranın sədri professor Cəmil Həsənli, KM üzvü, Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli noyabrın 22-də Birləşmiş Ştatların Bakıdakı səfirliyində ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinklə keçirdikləri görüş haqqında KM üzvlərinə məlumat veriblər. Onlar bildiriblər ki, Müsavat Partiyasının başqanı Arif Hacılı və REAl hərəkatının icraçı direktoru Natiq Cəfərlinin iştirak etdiyi görüşdə Azərbaycandakı mövcud siyasi-iqtisadi durum, Azərbaycan-Amerika münasibətlərinin bu günü və sabahı, insan haqları, siyasi məhbus məsələsi, iqtisadi və idarəçilik islahatlarının zəruriliyi kimi məsələlər ətrafında müzakirələr aparılıb. Ölkədə maliyyə böhranının dərinləşməsi ilə bağlı vurğulanıb ki, faktiki olaraq manatın üçüncü devalvasiyası baş verib. Belə ki, ikinci devalvasiya zamanı manat 27 qəpik həcmində dəyərin itirmişdisə, son devalvasiyadan sonra keçən müddət ərzində bu dəyərdən düşmə 29 qəpik həcmində olub.
Koordinasiya Mərkəzinin toplantısında Qarabağ müharibəsində şəhid və qazı olmuş insanların sosial təminatı ilə bağlı geniş müzakirə aparılıb. Müzakirələr zamanı qeyd edilib ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” rəsmi qanun olmasına baxmayaraq hökumət uzun illərdir bu qanunla üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Həmin qanunun tələblərinə görə Qarabağ müharibəsində şəhid olan hər bir döyüşçünün ailəsinə 11 min manat pul vəsaiti ödənilməlidir. Eyni zamanda, qanunun tələbinə görə, vətən uğrunda döyüşlərdə yaralanıb əlil olmuş hər bir döyüşçüyə 8 min 800, ikinci qrup Qarabağ əlillərinə 6 min 600, üçüncü qrup Qarabağ əlillərinə isə 4 min 400 manat sığorta pulu ödənilməlidir. KM üzvləri çıxışlarında qeyd ediblər ki, Avropa Oyunlarına, Formula 1 kimi mənasız idman yarışlarına milyard manatlarla vəsait xərcləyən, nazirinə 300 min, nazir müavininə 30-50 min manat aylıq paket verən bədxərc bir hakimiyyət öz canını vətən torpaqları uğrunda müharibədə fəda etmiş, Qarabağ döyüşlərində qanını axıtmış döyüşçülərin qan pulunu uzun illər ərzində verməməsinin izahı ola bilməz.
Müzakirələr zamanı xatırlanıb ki, düşmən dövlət olan Ermənistan işğal əməliyyatında həlak olmuş və birinci qrup əlil statusu almış hər bir əsgər və zabitinə 20 min 900 dollar kompensasiya ödəyib. Eyni zamanda müharibədə II və III qrup əlil olmuş ermənilərə isə bunun yarısı, 10 min 400 dollar həcmində kompensasiya verilib. Bu halda sual olunur: uzun illər ərzində hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıq olan bir hökumət indiyə qədər şəhid və qazilərin qan pulunu ödəməməsini nə ilə izah edə bilər? Müzakirələr zamanı ona da diqqət yetrilib ki, bir vaxtlar şəhid ailələri üçün müəyyən edilmiş 11 min manat 14 min dollara bərabər idisə, manatın dəfələrlə devalvasiyasından sonra indi bu, 6 min dollardan bir qədər artıq edir. Ona görə KM üzvləri şəhid ailələrinə və qazilərə ödənilməli olan vəsaitin indekzasiyasının keçirilməsini zəruru hesab ediblər.
Toplantıda REAL hərəkatının lideri İlqar Məmmədovun Ali Məhkəmədə keçirilmiş son məhkəmə prosesində qanunsuz olaraq həbsdə saxlanmasından hiddət ifadə edilib. Avropa İnsan Haqları Məhkəməsinin hələ 2014-cü ildə İlqar Məmmədovun dərhal azad edilməsi haqqında qərarı olmasına baxmayaraq bu qərarın yerinə yetirilməməsi qanunsuzluq aktı kimi qiymətləndirilib.
Toplantıda “Rabitə işi” ilə bağlı açılan rüsvayçı korrupsiya faktları ilə bağlı hökumətdən və hakim Yeni Azərbaycan Partiyasından izahat tələb olunmasının zəruriliyi vurğulanıb.