
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub. Prosesdə baş verənlərlə bağlı vəkil Şahin Rəfiyev məlumat verib. O bildirib ki, prosesdə vəsatətlə çıxış edərək, cinayət işinin xitam verilməsini və müvəkkili ilə istintaq təcridxanasında görüşə icazə verilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb. Prosesdə zərərçəkmiş Şahmar Qurbanov vəkillərin və prokurorun suallarını cavablandırıb. Şahin Rəfiyev qeyd edib ki, zərərçəkən şəxs vəkillərə qarşı aqressiv cavablar verib:
” Suallarımıza “xatırlamıram”, “unutmuşam”, “sizə adiyyatı yoxdur” kimi cavablar verdi. O, Çovdarova 500 min və brilyant verdiyini desə də yerini və vaxtını xatırlamadığını bildirib. Məhkəmə də bunları cavab kimi qəbul edib”.
Vəkil onu da qeyd edib ki, prosesdə fasilə elan edilib: “Şahmar Qurbanovun dindirilməsi başa çatıb. Yalnız həmin epizodla bağlı şahidlər dindiriləcək. İlkin olaraq “Riyad Farm” mühafizə xidmətinin rəisi Etibar Qasımov şahid qismində ifadə verəcək”.
Şahin Rəfiyev onu da qeyd edib ki, Akif Çovdarov nəfəs almaqda çətinlik çəkir: “İki həkimin nəzarətindədir. Özünü pis hiss edir, nəfəs ala bilmədiyi üçün prosesdə fasilə elan edildi”.
Zərərçəkmiş şəxs Şahmar Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, prosesdə Çovdarovun vəkilləri ona işə aid olmayan suallar verib: “Hadisə 10 il bundan qabaq baş verib. İndi bəzi detalları unuda bilərəm. Adam 1 ay qabaq nə geyindiyini yadından çıxarır. Amma bu sualların mənim biznes əlaqələrimə aiddiyatı yoxdur”.
Zərərçəkmiş şəxs onu da qeyd edib ki, Çovdarova 300 minlik qızıl-brilyant və 500 min dollar nağd pul verib: “Çovdarov özünə 1 ədəd 3 karatlıq, 9 ədəd də 1 karatlıq brilyant aldı. Sonradan o, məndən Eldar Mahmudovun adından 2 dənə 4 karatlıq, 1 dənə 5 karatlıq brilyant aldı. Dedi ki, Eldar Mahmudova çatacaq”.



