Fövqəlnazirə qarşı dosyeni kim yığır?

Mahal İsmayıloğlu: «Kəmaləddin Heydərova qarşı ifadənin alınması yalnız yuxarı siyasi eşalondan gələn qərarla reallaşdırıla bilər»

Bir mənzili bir neçə nəfərə satmaqla 1000-ə yaxın vətəndaşın pulunu mənimsəyən “Mur-Ay” MMC-nin təsisçisi və baş direktoru Elxan Hüseynovun müavini Bəybala Sultanovun ölkə başçısı Ilham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və fövqəladə hallar naziri Kəmaləddin Heydərova ünvanladığı məktubda kifayət qədər maraqlı məqamlar var. Belə ki, B.Sultanov və E.Hüseynovdan həbs olunan zaman fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Prezident Administirasiyasının şöbə müdiri Zeynal Nağdəliyevə qarşı ifadə alınıb. Düzdür, məlumat işıq üzü gördükdən sonra DIN rəhbərliyi məktubda yazılanların reallıqdan uzaq olduğunu bildirsə də, bir məqamı nəzərə almaq lazımdır ki, hazırda ayrı-ayrı təcridxanalarda saxlanılan E.Hüseynov və Bəybala Sultanovun eyni faktları açıqlaması təsadüfə az oxşayır.

Amma onu da qeyd etmək lazımdır ki, hər iki şəxsə qarşı ifadənin alınması yuxarı səviyyədən gələn qərardan sonra reallaşa bilər. Çünki K.Heydərov hakimiyyət daxilində iri bir qruplaşmaya rəhbərlik edən şəxsdir. Belə olan halda ona qarşı ifadənin alınması cəhdi ya qruplaşmalararası savaşın təzahürü, ya da K.Heydərova qarşı kompramatın toplanması kimi qiymətləndirilə bilər.
Ekspert Mahal Ismayıloğlunun fikrincə, hakimiyyət daxilində vaxtaşırı bu cür informasiya savaşı meydana gəlir. Bu savaşın bəzi detallarının müxalifət mediasına çıxdığını deyən M.Ismayıloğlu vurğuladı ki, hakimiyyət daxilində mövcud olan qanunları pozmadığın təqdirdə yiyələndiyin postda uzun müddət qala bilərsən: “Məsələn, Misir Mərdanov və Kəmaləddin Heydərov çoxlu tənqidlərlə üzləşmələrinə baxmayaraq, postlarında hələ də qalmaqdadırlar. Buna səbəb onların heç bir təşəbbüs göstərmədən hakim ailənin onlardan tələb etdikləri qaydaları yerinə yetirmələridir. Kəmaləddin Heydərova qarşı ifadənin alınması isə yalnız yuxarı siyasi eşalondan gələn qərarla reallaşdırıla bilər. Bu isə hakimiyyətdaxili qarşıdurmanın hələ də davam etdiyini göstərir”.

Hikmət