Onlar ölkədəki siyasi məhbus probleminin həll olunmasını istəyir

Dünən Müsavat Partiyasının qərargahında istiqlalçı deputatlar (1990-95-ci illərdə fəaliyyət göstərmiş və Azərbaycanın dövlət müstəqilliyi qazanması barədə Konstitusiya Aktına imza qoyan sabiq deputatlar nəzərdə tutulur – red.) toplantı keçirərək, dövlət başçısı Ilham Əliyevə müraciət ediblər. Müraciət hazırda vicdan məhbusu olan istiqlalçı deputat Arif Hacılı və başqa vicdan məhbuslarının azadlığa buraxılması ilə bağlıdır. Toplantıda istiqlalçı deputatlardan Müsavat başqanı Isa Qəmbər, Hacıbaba Əzimov, Ixtiyar Şirin, Sülhəddin Əkbər, Ibrahim Ibrahimli, Ictimai Palatadan Koordinasiya Şurasının üzvləri AXCP sədri Əli Kərimli, Pənah Hüseyn və Rahim Hacıyev iştirak edirdilər.
Ən böyük sərvətimizi müdafiə etməliyik

VAMBP sədri Hacıbaba Əzimov qeyd etdi ki, bu müraciətə hazırda toplantıda iştirak etməyən və xaricdə olan digər istiqlalçı deputatlar da qoşulmaq barədə şifahi razılıq veriblər. Onlar Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Mətləb Mütəllimli, Isgəndər Həmidov, Firudin Cəlilovdur: “Hakimiyyət xalqa elə təqdim edir ki, guya bunlar müstəqilliyin banisidir. Müstəqillik uğrundan çarpışan fədakar insanlara qarşı bu hakimiyyətin repressiya siyasəti olub və hazırda da davam etməkdədir. Arif Hacılı kimi istiqlalçı deputat bu millətin, ölkəmizin demokratikləşməsi uğrunda canı ilə, qanı ilə mübarizə aprıb. Istiqlalçı deputatları adından bizlər tələb edirik ki, Arif Hacılı kimi insan zindanda yatmamalıdır. O və onun silahdaşlarının həbsdə saxlanılması Azərbaycan adına haqsızlıq, utancverici bir durumdur”.
Daha sonra H.Əzimov I.Əliyevə ünvanladıqları müraciəti oxudu. Müraciətdə istiqlalçı deputatlar A.Hacılı və digər siyasi məhbusların azad olunmasını istəyirlər. Imzalanan sənəddə qeyd olunur ki, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində istiqlalçı deputatlardan Arif Hacılı da fəal iştirak edib. Postsovet ölkələrində istiqlalçı deputatlara xüsusi qiymətin verildiyini vurğulayan deputatlar qeyd edirlər ki, siyasi məhbus probleminin həlli Azərbaycanın beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərə və ölkədə vətəndaş həmrəyliyinin bərqərar olmasında əhəmiyyətli rol oynaya bilər.
Tarix saxtalaşdırılır

Daha sonra çıxış edən I.Ibrahimli qeyd etdi ki, hakimiyyətin tarixi saxtalaşdırma siyasətinə Azərbaycan xalqı öz qiymətini çoxdan verib: “Xalqımızın istiqlalçı deputatlara, ölkəmizin demokratik qüvvələrinə münasibəti birmənalıdır. Milli maraqlarımıza düşmən kəsilən hakimiyyət tarixi saxtlaşdırır. Əlbəttə, tarix bütün bunlara öz obyektiv qiymətini verəcək. O gün çox da uzaqda deyil”. I.Ibrahimli daha sonra bildirdi ki, A.Hacılı, eləcə də digər istiqlalçı deputatar öz mövqelərindən heç bir zaman geri çəkilməyəcəklər və axıra kimi mübarizə aparacaqlar.
MKP sədri Ixtiyar Şirin bildirdi ki, Azərbaycanın müstəqiliyinin əldə olunmasında rolu olan adamların taleyinə hazırda biganə yanaşılır. Istiqlalçı deputatlara münasibətin nümunəsi isə A.Hacılının həbs olunmasıdır: “Arif bəy gəncliyini Azərbaycanın müstəqilliyi, dövlətçiliyin bərpası, demokratikləşməsi uğrunda mübarizəyə həsr eləmiş şəxsiyyətdir. Belə bir şəxsiyyətin qanunsuz olaraq həbsdə saxlanılması dövlətimiz və xalqımız üçün böyük faciədir. Arif Hacılının həbsdə saxlanılması hakimiyyət üçün də bir ləkədir. Hazırda Arif bəylə yanaşı həbsdə olan bütün siyasi məhbuslar azad edilməlidir”. Azərbaycanın 18, 19-cu əsrin qaydaları ilə idarə olunduğunu deyən I.Şirin vurğuladı ki, Azərbaycanda köklü dəyişikliklərin olmasına çalışılmalıdır.
Siyasi məhbus probleminin olması Azərbaycana ləkədir

S.Əkbər isə vurğuladı ki, Azərbaycan hazırda çətin dövrünü yaşayır. Hakim elitanın hazırda tarixin axarını düzgün dəyərləndirə bilmədiyini deyən S.Əkbər vurğuladı ki, hakimiyyət dünyada baş verənləri düzgün qiymətləndirməlidir: “Ölkənin inkişafı baxımından demokratiyanın alternativi yoxdur. Ölkəmizin milli maraqları naminə keçid yumşaq olmalıdır və siyasi dialoq şəraitində keçməlidir. Dialoqun olması üçünsə cəmiyyətdə siyasi-psixoloji mühit yaradılmalıdır. Hakimiyyət müxalifətin bu cür mədəni yanaşmasını qiymətləndirməlidir. Siyasi motivlərlə insanların, millət vəkilinin həbsə salınması hakimiyyətin, eyni zamanda cəmiyyətin ayıbıdır. Bir an öncə Azərbaycan bu ayıbdan qurtulmalıdır. Qarşıdan Azərbaycanın müstəqilliyi günü gəlir. Azərbaycanın müstəqilliyinin əldə olunmasında xidmətləri olan Arif bəyin həbsdə saxlanılması böyük günahdır. Biz Arif bəyin dostları olaraq onun yanındayıq”.
I.Qəmbər isə hesab edir ki, siyasi məhbus probleminin qalması Azərbaycanın imicinə böyük zərbədir və eyni zamanda hakim rejimə ziyandır: “Bizim zindanda olan dostlarımız möhkəm, iradəli, əzmli insanlardır. Onlar bilirlər ki, azadlıq uğrunda mübarizə aparırlar. Onlar adi qanun pozuntusuna görə həbsə düşməyiblər. Ona görə də həbsdə olmaqları ilə azadlığa xidmət edirlər. Biz hazırda daha bir xoşməramlı addım atırıq. Amma eyni zamanda biz azadlıq uğrunda mübraizə missiyamızı davam etdirəcəyik. Çünki bu bizim taleyimizdir. Heç bir hadisə demokratiya uğrunda gedən insanları yolundan sapdıra bilməz. Bunu hamı bilməlidir və hakimiyyət bunu dərk etməlidir. Hakimiyyət başa düşməlidir ki, Azərbaycanı bu dərəcədə nüfuzdan salmaq bağışlanmaz əməldir”.
Dövləti qurduğumuz zaman gələcəyini bu cür təsəvvür etmirdik

AXCP sədri Ə.Kərimli çıxışında vurğuladı ki, hakimiyyətdə bu dövləti quranlara, ermənilərlə savaşanlara qarşı xüsusi bir qəzəb var. Hazırda Azərbaycanın çox ciddi tarixi bir mərhələdə olduğunu deyən Ə.Kərimli vurğuladı ki, heç zaman olmadığı qədər dünyanın diqqəti Azərbaycana yönəlib: “Bu ilk növbədə ”Eurovision” yarışması ilə bağlıdır. Bizim iki istedadlı gəncimiz böyük uğur qazanıb. Kim prezident olsaydı onlar uğur qazanacaqdı. Amma bu yarışmadan Azərbaycanın dünyaya necə təqdim olunacağı artıq hökumətin xidmətidir. Təəssüf ki, bu xidmət neqativdir. Bir anlığa düşünün ki, Azərbaycanda korrupsiya, siyasi məhbus problemi olmasaydı, vətəndaşların mülkiyyətləri zorla əlindən alınmasaydı o zaman dünya mətbuatı nədən yazacaqdı? Azərbaycanın pozitiv cəhətlərindən, tarixindən yazacaqdılar. Amma dünya Azərbaycanla tanışlıqdan sonra dəhşətə gəlir. Azərbaycan barədə beynəlxalq arenada tənqidi yazıların getməsinin məsuliyyəti hakimiyyətin üzərindədir”.
Ə.Kərimlinin sözlərinə görə, adamlardan dünyagörüşünə görə qisas almaq kimi cılız hərəkəti etməklə Azərbaycan dövlətinin imici ayaq altına atılır. Belə bir məqamda bu dövlətin qurulmasında rol almış insanlar öz sözlərini deməlidirlər. Hazırda ölkədə demokratiyanın bərqərar edilməsinin bir milli məsələ olduğunu deyən Ə.Kərimli bildirdi ki, bu dövləti qurduqları kimi, bu dövlətdə qanunu, demokratiyanı da bərqərar etməyi bacarmalıdırlar.
Sonda çıxış edən P.Hüseyn qeyd etdi ki, bu günlərin əsas siyasi məsələsi vicdan məhbuslarının azad olunmasıdır: “Bu bizim üçün ən önəmli, namus, qeyrət məsələsidir. Bundan əvvəl biz vicdan məhbuslarının azad olunması ilə bağlı müraciət etmişdik. Amma budəfəki müraciəti istiqlalçı deputatlar hazırlayıblar. Hesab edirəm ki, ”Eurovision” ərəfəsində bu müraciət lazım idi. Düzdür, çoxları deyir ki, “Eurovision”u siyasətə qatmayın. Amma hər kəs bilir ki, bu yarışma çağdaş siyasi mədəniyyətin bir formasıdır”.
Xəyal


