Hüquqlar Tanrının bəxşişidirsə…

saadet-cahangir-koseSəadət Cahangir

 Ölkədə hüquq pozuntuları elə həddədir ki, məsləhət istəyən insana haqqını arayacaq ünvan göstərməkdə də çətinlik çəkirsən. “Məhkəməyə müraciət et” deməyə qorxursan ki, “xeyri olacaqmı” sualı gələcək ardınca. Məsələnin həllinə yardım ola biləcək başqa bir işıq ucu da yox ki, göstərib rahatlıq tapasan. İllər öncə xarici şirkətdə işləyən bir tanışımızın şəxsi torpaq sahəsi ilə bağlı ciddi problemi yaranmışdı. Adamın Pirşağı tərəfdəki sənədli-sübutlu torpağını götürüb başqasına satmışdılar. O vaxt həmin işdə necə absurd və əsassız qanunsuzluqlara yol verildiyinin şəxsən şahidi olmuşdum. Həmin söhbətdən 10 ildən çox vaxt keçir və eyni özbaşınalıqlar təkrarlana-təkrarlana davam edir. Son zamanlar da tanıdığım daha iki insanın başına belə iş gəlib. Ölkə dərəbəylikdir, bir sözlə. Sənin rəsmi sənədlə sahib olduğun əmlakı dədələrinin malı kimi götürüb satırlar və sən qalırsan ölkənin qanun, haqq, hüquq tanımayan qapılarında sürünə-sürünə. Dünyanın hüquqlarla bağlı elə bir qanun kitabı, elə bir konvensiyası, elə bir öhdəliklər çərçivəsi yoxdur ki, orda “şəxsi mülkiyyət toxunulmazdır” tezisi keçməsin. Bu məsələnin formulu ən qədim filosofların fikirlərində belə yer alıb. 18-ci əsrin maarifçi filosofları isə bu məsələyə açıq şəkildə nöqtə qoydular: bərabər şəkildə azad olmaq üçün bərabər hüquqlara malik olmaq hər kəsin haqqıdır. Hüquqlar hökumətlərin verdiyi bəxşiş deyil. Onlar təbii və dəyişməzdir. İnsanlar hökumətləri Allahın onlara verdiyi hüquqları qorumaq üçün yaradırlar. İndi bunu durub bizim hökumətə necə və hansı dildə ərz edəsən ki, anlasın, görəsən?

Yaşadığımız məkanda təkamül, qanun, hüquq, fəlsəfə anlayışlarının bir zəhrimara yaradığı yox. Ölkənin idarə olunması cəmiyyətin ölmüş öküzün boyunduruğuna bağlanıb dartılmasına bənzəyir. Haqq aradığımız bütün ünvanlarda da “hüquqların dili mənəvi cəhətdən natamamdır”. Amma 18-ci əsr filosoflarının bu fikri bizim halda  o dərəcədə natamamdır ki, onda nə hüquq, nə mənəviyyat  adına bir şey tapa bilməzsiniz. Azərbaycanda bir ovuc imtiyazlı elə hesab edir ki, onların hüququ da, qanunları da, insanları da istədiyi kimi tapdamaq haqqı var. Hərçənd, Tomas Ceffersonun dediyi kimi, kimsə nə belində yəhər, nə də Allahın lütfü ilə onları qanuni şəkildə minəcək ayaqqabılı imtiyazlı olaraq doğulmuşdur. Bu ölkədə hökumətə qanun anlatmaq müşkül işdir, doğru. Amma dərd odur ki, insanlarımıza da haqlarını anlatmaq çətin məsələdir. Bizim insanlar ipi o qədər boş buraxır ki, dana əldən çıxıb bir anda gözdən itib gedir, ondan sonra haray-həşir qoparıb imdad diləməyə başlayır. Yəni bu torpaq sahiblərinin başına gələnlərlə bağlı qarşılaşdığım məsələlərdə bir şeyə əmin oldum: möhtəkirlər, dələduzlar, yalançılar aldadır və bizim insanlar da çox asanlıqla aldanır. Yüz yol deyirik, bura bir başqa məmləkətdir, qardaşım, dördgözlü olmasan, gözünün birini çıxarıb apararlar, xəbərin belə olmaz…

Mülkiyyət hüququ tapdanan tanışımız əlini dizinə vura-vura deyir ki, “daha bu qədər də olmaz, barı, şəxsi mülkiyyət hüquqlarımıza toxunmasınlar”.  Deyirəm, ay adam, elə bu düşüncənin nəticəsidir, quyuya düşüb çapalayırsan də. Hüquq da bir sistemdir axı, necə ola bilər ki, bir detalı sıradan çıxanda, o biri detalına xətər toxunmasın və işi yağ kimi getsin? Ədaləti, hüququ, azadlığı ya bütöv sistem şəklində və hamı üçün təmin edərsən, ya da hər addımda  əzab-əziyyətinə qatlanmalı olarsan. Bunun nə başqa bir izahı var, nə də başqa bir yolu. Hüquqlar hökumətlərin deyil, Tanrının bəxşişidirsə, onu qorumaq da sizin özünüzə qalır artıq…