YAP-ın gənclər təşkilatının ofisində… bir-iki deputat və iqtidarın vitse-spiker səviyyəsində qatıldığı Şuşanın işğalına həsr olunmuş anım günü keçirildi.
Bəli, 19 il əvvəl “Qarabağ” vədi ilə hakimiyyətə gəlmiş iqtidar, heç olmasa bu günün hüznü ilə yaşamalı idi, nəzərə alsaq ki, bu zaman Ermənistan prezidenti S.Sərkisyan Şuşada qələbəni bayram edirdi.
Həmin “anma” mərasimində əslən qarabağlı vitse-spiker, Heydər Əliyev hakimiyyəti zamanı ev-eşiyini itirmiş Bahar Muradovanın çıxışından sitat:
“Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra torpaqlarımızın bir hissəsi azad edildi(?)”.
Bax budur, iqtidarın Qarabağ siyasəti – insanların gözünün içinə çəkinmədən yalan söyləmək, özü də əslən qarabağlı olan “zavallı”ların dili ilə.
Ermənistanın Qarabağı bu qədər işğalda saxlamasının səbəbini elə Əliyevlərin korrupsioner rejimində axtarmaq lazımdır. Ermənistanın keçmiş nazirlərindən, hazırda QHT sektorunda fəaliyyət göstərən Darpinyan familiyalı birisinin təxminən 8 il əvvəl söylədiyi fikirlərinə diqqət edin: “Azərbaycan iri neft layihələrinə imza atdığı zaman biz çox narahat idik, Qarabağı saxlaya bilməyəcəyimizi zənn edirdik, lakin bu ölkədəki korrupsiya və rüşvətxorluq bizim dadımıza çatdı”.
Bütün dünyada işğalçı kimi qəbul edilən ermənilərin yeganə bəhanəsi də elə budur: “Biz Qarabağ ermənilərinin bu amansız, korrupsioner, insan haqları və demokratiyanın olmadığı bir rejimdə yaşamasına müsaidə edə bilmərik”.
…Rusiya Miqrasiya Xidmətinin rəsmi məlumatına görə, təkcə 2011-ci ildə onlara əmək qabiliyyətli 500 min Azərbaycan vətəndaşı müraciət edib. Rusiyanın müvafiq qurumlarının verdiyi başqa məlumata görə, təkcə Moskva vilayətində əhalinin 14%-ni azərbaycanlılar təşkil edir. Bu nə az, nə çox, 2 milyon deməkdir!!!
Qarabağ probleminin analoqu ilə üzləşmiş qonşu Gürcüstan demokratik imici ilə hər gün Avropaya bir addım yaxınlaşmaqla işğalçı Rusiyanı mat qoymaqda davam edir. Rus pasportlu (!) Osetiya və Abxaziyanın bir gün Avropa Birliyi pasportunu tərcih edəcəyi qaçılmazdı.
…Avropa hakimiyyətə demokratik çağırışlar edəndə Qarabağ “doğmalaşır” – “niyə işğal altında olan torpaqlarımız haqda danışmaq istəmirsiniz, ermənipərəstsiniz, Azərbaycan xalqının düşmənlərisiniz” və s. Elə ki, erməni işğalını Avropa pisləyir, hakimiyyət “parlaq diplomatik” qələbəsini qeyd edir(!).
Avropa heç vaxt Qarabağı Ermənistan ərazisi kimi tanımayıb, bu onun bütün konvensiyalarına ziddir. Amma Qərbin demokratik dəyər toplumu var, burada avtoritarizmə, insan haqlarının tapdanmasına, saxta seçkilərə, söz azadlığının boğulmasına, korrupsiayaya, qeyri-azad rəqabətə yer yoxdur.
Biz çox şanslıyıq ki, Qərb erməni hiylələrinə uymayaraq problemin yalnız avtoritarizmdə olduğunu israrla bəyan edir və Qarabağ məsələsində onların xeyrinə heç bir addım atmır, əgər iqtidarın söylədiyi kimi, “ermənipərəst” olsaydı, elə YAP-ın Şuşanı “anma” günündən geninə-boluna istifadə edərdi.
…19 ildir ki, övladları hərbi xidmət yaşına çatmış valideynlər “Murov” və “təmas xətti” sindromunu mütləq yaşayırlar, heç kimə sirr deyil ki, ildə 4 dəfə Vətən torpağının bu iki müqəddəs nöqtəsi əsl gəlir mənbəyinə çevrilir. Övladlarının Murovda “donmaması” və “təmas xətti”ndə “düşmən gülləsinə tuş gəlməməsi” üçün valideynlər “gərəkli” addımları atmağa məcburdular.
…1992-ci ildə könüllü olaraq ön cəbhəyə getmək üçün təkcə Sumqayıt Hərbi Komissarlığına 80 min ərizə daxil olmuşdu.
…Bir neçə gün əvvəl “ÜNS” yaradıclıq teatrının səhnəsində tədbir keçirilirdi. Bütün iqtidar rəsmiləri ön cərgə üstündə az qala bir-birini “qırmağa hazır” idilər. Çünki bu tədbirdə Lomonosov adına MDU-nun Bakı filialının rektoru, eyni zamanda “ÜNS” teatrının rəhbəri(?), professor Nərgiz Paşayevaya Macarıstanın “Komandor Xaçı” ordeni təqdim ediləcəkdi. Gülümsəyib əl çalmaq, üzə xoşbəxtlik, eyni zamanda süni yaltaqlıq ifadəsi vermək üçün bəzi iqtidar rəsmiləri gözəl şans yaxalamışdılar. Lakin onlar gözəl bilirdilər ki…
Macarıstan deyəndə milyonlarla Azərbaycan vətəndaşının dilinə iki kəlmə hakim olur – “RAMIL SƏFƏROV!!!”.

Korrupsiyaya qurban verilən Qarabağ
•