Möhtəşəm məktəbin məzununun məktubu

Möhkəm durun, getdik:
“Sən şöhrətli ailədə doğulmadın! Çünki şöhrəti özün qazanmalıydın! Qazandın da!
…Bakıya gəldin, dövlət qulluğunda işə girdin, çevikliyin, intizamın, ağlınla yuxarıların diqqətini çəkdin, qiymətləndirildin, pillə-pillə qalxdın. Tale səni ən böyük mənəvi dəstəyinlə, Xədiceyi-Kübranla – Zərifə xanımla qarşılaşdırdı. Sevginin və sədaqətin örnəyinə çevrildiniz! Övladların dünyaya gəldi. Buracan olanlar sənin həyatının birinci dövrü, bura qədərkilər sənin BISƏTiniydi! Sən böyük bir missiyanın icrası üçün hazırlanırdın!
…Sonra gördün ki, Azərbaycanı on beş “qardaş” arasında başa çıxarmaq üçün başa keçməlisən. Sonra gördülər ki, artıq Azərbaycana sığmırsan. Səni Kremlə çağırdılar. Doğma Bakıdan hicrət elədin. Məkkədən Mədinəyə vardın!
…Sən Azərbaycan siyasətinin peyğəmbəri idin! Sənin Quranın qurduğun Azərbaycan idi! Ölməzlərə də rəhmət düşür! Allah sənə rəhmət eləsin, Heydər baba!”
Əziz oxucular, bu, Azərbaycan yaltaqlıq ədəbiyyatının yeni şedevrindən bir parça idi. Müəllifi isə nə Zəlimxan Yaqubdur, nə Fikrət Qocadır. Yazıçılar Birliyinin üzvü Əsəd Cahangir adlı bir tənqidçidir. Adı tənqidçi, özü tərifçi.
Üstəlik, görün adam nə qədər başını itirib ki, bütpərəstliyin ən son həddi olan yazısını təkallahlı bir dinə aid anlayışlarla bəzəyib, süsləyib: bisət, hicrət, Quran…
Inanın ki, Azərbaycanda necə çirkin bir idarəetmənin hökm sürdüyünü, ölkənin necə çirkin bir yerə gəldiyini, ölkə insanının nələrsə uğruna özünü necə aşağılamaq məcburiyyətində qaldığını bəzən bizim onlarla, yüzlərlə yazımızdan çox, bu cür mədhiyyələr, sicilləmələr daha dəqiq, daha aydın göstərir. Mən Əsədə acımıram. Qəzəblənmirəm də. Mən öz vətəndaşlarını normal həyatını qurmaq, ən elementar məişət qayğılarından azad olmaq üçün bu hallara düşürənləri qınayıram.
Tənqidçi nə üçün tərifçi olur?
“Qafqazinfo” saytı Əsəd Cahangirin bu cızmaqarasını  “Möhtəşəm məktub” adı altında çap edib. Və əlbəttə, yanılıb! Bu, möhtəşəm məktub-zad deyil. Bu, olsa-olsa, mayası şəxsiyyətə pərəstişdən, yaltaqlıqdan və donosbazlıqdan yoğrulmuş Yazıçılar Birliyi adlı möhtəşəm məktəbin məzununun məktubudur. Belə məktubların, məddahlıq nümunələrinin heç biri səmimiyyət duyğusuna əsaslanmır. Mütləq arxasında hansısa şəxsi niyyət, məqsəd dayanır.
Elə Əsəd Cahangir də bunu gizlədə bilməyib. Öz “möhtəşəm məktub”unu görün necə tamamlayıb: “Heydər baba, yadındadır, Zərgərpalanda Yazıçılara ev tikilməsi üçün torpaq bağışlamışdın. Orda indi hündür bir göydələn tikilib. Doqquz mənzil də yazıçılara veriblər. Amma sənin vaxtında bir yazıçıya dördotaqlı mənzil verirdilərsə, indi dörd yazıçını bir otağa verirlər. Bircə dəfə bu problemi çözəcək adamların yuxusuna gir, de ki, niyə mənim mədəni kursumu davam etdirmirsiniz? Axı mən yazıçıya, sənətkara belə bihörmət yanaşmırdım! Göstərəcəyin köməyə görə ruhun qarşısında bəri başdan baş əyirəm!”
Vəssalam! Budur bunların əsl üzü! Bunların Heydər Əliyev, yaptokratiya sevgisinin bütün məzmunu məhz belə xahişlərdən, yalvarışlardan ibarətdir – mənzil, orden, medal, təqaüd, deputat mandatı. Lap axırda da – Fəxri Xiyaban!
Hansı məktəbin məzunu?
“Möhtəşəm məktəb” məsələsini daha yaxşı anlamaq üçün gəlin yaxın keçmişə qayıdaq: təxminən 10 il əvvəl, başda Anar olmaqla, 5-6 yazıçı guya, Qarabağın taleyindən dəhşət narahat olmuş və Heydər Əliyevə müraciət etmişdi. Yaptokratların ulu rəhbəri onları qəbul etdi, qabağına qoyub üç saat dəxlisiz söhbətlər elədi, bizim xalqsız xalq yazıçıları-şairləri də boyunlarını büküb, “mıkk” da eləmədən dinlədilər.
“Ulu rəhbər” lap axırda soruşdu: “Mənə başqa nə sözünüz var?” “Xoruzun quyruğu” da bu sualdan sonra göründü. Adını unutduğum hansısa şairə təqaüd istəyən kim, hansısa şəxsi probleminin həllini arzulayan kim…
Indi bildinizmi niyə Əsəd Cahangirə də “möhtəşəm məktəbin məzunu” deyirəm. Cızma-qarasından da görünür ki, dərsini pis çalışmayıb. Anar müəllimi isə adına layiq məddah yetişdirməsi münasibəti ilə ürəkdən təbrik edirəm!