Cabbar Savalanlı hospitalda müayinədən keçib

Əsabəli Mustafayev: «Tibbi rəy obyektiv olmasa, məhkəməyə müraciət edəcəyik»

Aprelin 30-da heç bir xəbərdarlıq edilmədən qəfil hərbi xidmətə aparılan AXCP Gənclər Komitəsinin üzvü, keçmiş vicdan məhbusu C.Savalanlı bugünlərdə hospitalda tibbi müayinədən keçib. Bu barədə gənc fəalın vəkili Əsabəli Mustafayev məlumat verib.
Vəkil müayinənin nəticələri barədə hələ ki məlumatsız olduğunu deyir: “Cabbar hazırda Cəlilabadda Sərhəd Qoşunlarında xidmət edir. Hospitalın rəyinin necə olduğunu bilmirik. Təəssüf ki, əlaqə saxlamaq imkanımız yoxdur. Amma hər ehtimala qarşı iddia ərizəsini hazırlamışıq. Əgər rəy obyektiv olmasa, hərbi komissarlığı məhkəməyə verəcəyik. Cabbarın eşitmə qabiliyyətində ciddi problem olmasına və bu barədə mötəbər həkim rəyinin möcvudluğuna baxmayaraq hərbi komissarlıq onu ordu üçün yararlı hesab edib”.
Ə.Mustafayev bildirib ki, Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunacaq iddia ərzində C.Savalanlının tibbi müayinədən keçirilməsi və bu kimi tələblər əksini tapacaq.

Gültəkin