Yaxud, böhranda boğulan hökumətin saman çöpündən yapışmaqlığı
Son zamanlar Azərbaycanda sərgi üzərinə sərgi keçirilir. Nəqliyyat naziri Ziya Məmmədov deyib ki, bu sərgilər ölkə əhəmiyyətlidir, ölkəmizə yeni investisiyalar gətirəcək.
Suda boğulan saman çöpündən yapışar deyiblər. Ziya Məmmədovun timsalında hökumət elə zənn edir ki, investorları sərgilərlə aldatmaq, ölkədəki layihələrə cəlb etmək mümkün olacaq. Əvvəla, böyük şirkətlər hər hansı ölkəyə investisiya yatırmazdan əvvəl köklü şəkildə araşdırmalar edirlər. Biznes mühiti üçün şəraitin hansı səviyyədə olduğunu araşdırırlar. Ziya Məmmədovun səsləndirdiyi fikirlə eyni gündə Vergilər Nazirliyi 998 müəssisə rəhbərinin ölkədən çıxışına qadağa qoyulduğunu açıqlayıb. Aralarında 8 nəfər xarici vətəndaş da var.
Öncə baxaq ki, bu qədər müəssisə rəhbərinin ölkədən çıxışına qadağa qoyulmasının mənası nədir? Məqsəd onları vergi borcunu ödəməyə məcbur etməkdirsə, çətin ki, bu yolla buna nail olunsun. Böhran ölkəni cənginə alıbsa, iş adamları sərhəddən o yana buraxılmamaqla varlanası deyillər. Əksinə, belədə xariclə biznes əlaqəsi imkanlarından da məhrum olurlar, işgüzar dünyada etibarları da qalmır.
Vergi borclarının yığılıb bu həddə qədər şişməsi isə ayrı bir problemdir. Əgər ölkədə yerli sahibkarlar üçün uğurlu biznes mühiti yoxdursa, xarici investorlar niyə bura investisiya yatırsınlar? Ağlı başında olan böyük şirkətlər araşdıranda görməyəcəklər ki, Azərbaycanın özünün iş adamları Gürcüstana investisiya yatırır? Gürcüstanda 2016-cı ilin ilk yeddi ayının kapital axınına baxanda məlum olur ki, bunun 38-40 faizi Azərbaycanın payına düşüb. Ərəb investorlarının Azərbaycanda araşdırmalar edib, investisiyanı Gürcüstana yatırdığını bütün dünya gördü axı. Şərait olsaydı, əlbəttə ki, elə o investisiyanı Azərbaycana yatırardılar.
Başqa bir məsələ dövlət orqanlarının özünü rekert kimi aparmasıdır. Başqa hansı ölkədə iş adamlarını Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Azərbaycan reallığında bu, elə-belə idarə deyil, “bandotdel”adı ilə vahimə saçan işgəncə yuvası kimi tanınır) aparıb, “Sən filan bankdan kredit götürmüsən. Vaxtıdır, vaxtı deyil, bilmirik, borclu olduğun bütün məbləği dərhal ödəməlisən” kimi tələblərlə işgəncə altında saxlayırlar?
Keçmiş MTN-nin iş adamlarının başına açdığı oyunlar, onlardan şantaj, hədə-qorxu yolu ilə aldığı külli miqdarda pulların taleyi hələ də qaranlıq olaraq qalır. Bütün bu hadisələrin fonunda Eldar Mahmudovun hələ də cəzasız qaldığı ölkəyə niyə hansısa investor investisiya yatırmalıdır?
Məhkəmələrdən ümumiyyətlə danışmaq yersizdir. Sifarişli qərarlar çixaran məhkəmələrin olduğu ölkədə o investorlarin hüquqların gərək olduğu təqdirdə kim qoruyacaq?
Bütün bu sadalanan faktları bir kənara qoysaq, onların olmadığını fərz etsək, bu dəfə başqa bir fakt ortaya çıxır. İllərdir yarıtmaz siyasət nəticəsində ölkə iqtisadiyyatı neftdən asılı hala salınıb. Neftin pulları ilə manatın məzənnəsini birtəhər saxlayır. Neftin qiyməti ucuzlaşan kimi, manat da başladı sürətlə ucuzlaşmağa. Mərkəzi Bankın rezervləri son iki ildə təxminən 15 milyard dollardan 4 milyard səviyyəsinə enib. Manat son iki ildə 130 faiz devalvasiyaya məruz qalıb. Belə olan halda heç bir investor gəlib bu ölkəyə investisiya yatırmaz.
Ciddi şəkildə ölkəyə investisiyalar cəlb etmək, böhrandan çıxmaq haqqında düçünürüksə, bunun üçün ölkədə iqtisadi sabitlik yaratmaq, gömrükdə baş verən özbaşınalığı qaydasına salmaq, monopoliyaları ləğv etmək, biznes sahəsində rəqabətlilik yaratmaq, məhkəmə sistemində islahatlar həyata keçirmək, müstəqil məhkəmələr yaratmaq lazımdır. Bir cümlə ilə desək, ölkədə ciddi islahatlar həyata keçirilməlidir.
Ziya Məmmədov və onun timsalında hökumət bilməlidir ki, halva-halva deməklə ağız şirin olmur.
Aqil Məhərrəmov