«Hakimiyyətin düşmən elan etdiyi bir adamın əlində 7 il ərzində heç toyuq hini də qala bilməz»
Cəmil Həsənli: «Bəzi hüquq müdafiəçiləri utanıb-qızarmadan Avropa Şurasından «siyasi məhbus» anlayışının tərifini tələb edirlər»
Son vaxtlar mətbuatda sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev haqqında müxtəlif məlumatlar yayılmaqdadır. Bu məsələlərə aydınlıq gətirilməsi məqsədilə Fərhad və Rafiq Əliyev qardaşlarının hüquqlarının müdafiə komitəsinin sədri, professor Cəmil Həsənliyə müraciət etdik.
– Cəmil bəy bu günlərdə mətbuatda Fərhad və Rafiq Əliyev qardaşlarının həbsdə ola-ola guya “Azəriqazbank” vasitəsi ilə əməliyyat aparmaları barədə yazı gedib. Bunu necə qiymətləndirirsiniz?
– Təəssüf edirəm ki, mətbuat son vaxtlar “Bank sektorundakı həbslərin arxasındakı müdhiş sirri”ni 7 ilə yaxındır ki, məhbus həyatı yaşayan Fərhad və Rafiq Əliyev qardaşlarının guya hansısa bank əməliyyatını həyata keçirmələri ilə izah edir. Ola bilər ki, Azərbaycanda yaşamayan, onun maliyyə həyatına bələd olmayan hansısa bir sadəlövh adam belə “məcara”lara inana bilsin. Lakin bizim hakimiyyətin siyasi məhbuslara olan münasibətdən xəbərdar olan, ölkənin bank və maliyyə həyatına az-çox bələd olan, Fərhad və Rafiq Əliyev qardaşlarına son 7 ildə verilən ağlasığmaz cəza üsullarından məlumatlı olan hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, hətta Azərbaycan qanunlarının məhbuslara verdiyi hüquqlardan cəza evində məhrum olan hakimiyyətin özünə düşmən hesab etdiyi şəxslər bank əməliyyatları həyata keçirə bilməzlər. Necə olur ki, Fərhad Əliyev 7 ildir səhhətində yaranmış ciddi problemlərlə bağlı elementar tibbi yardım almaq hüququndan məhrum edilir, lakin hər şeyin hesabının aparıldığı ölkəmizdə həbsdə ola-ola bank əməliyyatları apara bilir. Əgər qəzetlərimiz banklarımızda baş verən “möcüzələrdən” yazmaq istəyirlərsə, bunun üçün kifayət qədər heyrətamiz məqamlar vardır. Məsələn necə oldu ki, ölkəmizdə rüşvəti bank hesablarına köçürməyə başladılar. Necə oldu ki, ölkənin bank sektoru az sayda adamın əlinə keçdi? Axı hamı bilir ki, bu ölkədə bank kapitalı kimlərin əlində cəmləşib və bu şəraitdə 7 ildir siyasi məhbus həyatı yaşayan adamların bank əməliyyatı həyata keçirməsi fonunda ölkəmzin “bank sektorunun müdhiş sirrini açmaq” ölkənin maliyyə resurslarını mənimsəmiş monopolist dairələrə bəraət qazandırmaq cəhdidir.
Fərhad Əliyevin azadlığa çıxmasına mane olurlar
– Bir müddət əvvəl mətbuatda hansısa bir obyektin F. Əliyevin əlindən alınması haqqında da məlumat getmişdi?
– Hakimiyyətin özünə düşmən elan etdiyi bir adamın əlində 7 il ərzində heç toyuq hini də qala bilməz. Bütün bunlar hamısı Münhaüzenin sərgüzəştləri kimi bir şeydir. Fərhad və Rafiq Əliyev qardaşlarına qarşı irəli sürülmüş saxta ittihamda onların guya qanunsuz “ələ keçirdikləri” bir sıra obyektlərin adı və ünvanı sadalanırdı. Qardaşların həbsindən sonra da, həmin “obyektlər” öz fəaliyyətlərini davam etdirirlər. Sual olunur: Fərhad və Rafiqə qarşı ittihama çevrilmiş, onların guya “qanunsuz ələ keçirdikləri” iddia edilən bəlli ünvanlar, onların həbsindən sonra necə fəaliyyət göstərə bilər? Ya bəlkə, məhkəmənin qərarı ilə bu obyektləri müsadirə edib dövlətə qaytarıblar və sonra həmin obyektləri hansısa qanuni yollarla kimlərəsə veriblər? Bu istiqamətdə obyektiv jurnalist araşdırmaları aparılsa doğrudan da “müdhiş sirlər açıla bilər”. Nazir olduğu dövrdə F.Əliyevin dövlət üçün tikdirdiyi binanın nəinki özünü, hətta, özülünü də dağıdan bir hakimiyyətin onun əlində nəyinsə qalmasına yol verdiyini düşünmək sadəlövhlük olardı. Əlbəttə, bütün bu əsassız məlumatlar, yalan şayiələr təsadüfdən mətbuata sızmır. Bütün bunlarda maraqlı dairələr var və həmin dairələr Fərhad və Rafiq Əliyev qardaşlarının Azərbaycan qanunlarının onlara verdiyi imtiyazlardan yararlanaraq azadlığa çıxmalarına mane olan dairələrdir. 2005-ci ilin oktyabrında saxta ittihamlarla, əsası olmayan iddialarla, sübuta yetirilməmiş dəlillərlə qanunsuz şəkildə həbs edilən Fərhad Əliyev bu günə qədər eyni dairələrin yalan məlumatlarının “cəzasını” çəkməkdədir.
Utanıb-qızarmayan hüquq müdafiəçiləri
– Fərhad Əliyev haqqında Avropa məhkəməsinin 2010-cu ildə qəbul etdiyi qərarın icrası ilə bağlı bir-birinə zidd olan bir sıra məlumatlar verilir. Burada vəziyyət necədir?
– Məsələ burasındadır ki, Fərhad və Rafiq Əliyev qardaşlarının qanunsuz olaraq tutulduqları, qərəzli şəkildə cəzalandırıldıqları Avropa məhkəməsinin müvafiq qətnamələri ilə təsdiq edildi. Məhkəmə 2010-cu ilin noyabr ayında F. Əliyev, 2011-ci ilin dekabr ayında R.Əliyev haqqında öz qərarını açıqlayıb. Qərarda nə yazılır? Qərarda göstərilir ki, F.Əliyev həbs edildikdən sonra məhkəmə qarşısına çıxarılana qədər qanunla nəzərdə tutulan 48 saatlıq müddət pozulmuşdur. Avropa məhkəməsi təsdiq edib ki, Fərhad Əliyevin uzunmüddətli həbsi, yəni məhkəməyə qədərki dövrdə 1 il 6 ay həbsdə saxlanmasına dair Azərbaycan məhkəmələri tərəfindən verilmiş qərarlar ədalətsiz olub. Avropa Məhkəməsi öz araşdırmaları zamanı müəyyən edib ki, Fərhad Əliyev 2007-ci ilin aprel ayının 19-dan may ayının 21-nə qədər həbs haqqında heç bir qərar olmadan qanunsuz olaraq həbsdə saxlanıb. Deməli, bir il yeddi aydır Avropa Məhkəməsi öz qərarı ilə təsdiq edir ki, Azərbaycan vətəndaşı məhkəmənin qərarı olmadan qanunsuz şəkildə həbsdə saxlanılıb. Indi sual olunur: bu qanunsuz əməllərə yol vermiş, F.Əliyevi məhkəmə hökmü olmadan öz təşəbbüsləri ilə həbsdə saxlamış vəzifəli şəxslər haqqında hökumətimiz hansı tədbirləri görmüşdür? Əgər insan məhkəmə hökmü olmadan məmur göstərişi ilə həbsdə saxlanılırsa bu hansı hüquqi anlayışlarla izah olunur? Feodal qaydalarına əsaslanan belə hüquqi anlayışları bu il 200 illik doğum tarixi tamam olan M.F.Axundov “Lənkəran xanının vəziri”ndə gözəl təsvir etmişdi. Görünür, bəzi hüquq prosedurlarına görə biz hələ də Lənkəran xanının vəzirinin tərtib etdiyi “cinayət məcəlləsi” ilə hərəkət edirik. Daha sonra, Avropa Məhkəməsinin qərarında göstərilir ki, həbsdən sonrakı ilk günlərdə dövlət orqanlarının və vəzifəli şəxslərin kütləvi informasiya vasitələrində Fərhad Əliyevin barəsində və cinayət işi haqqında yayımlanan bəyanatları, onun təqsirsizlik prezumpsiyasını pozmuşdur. Bütün bu pozuntuları nəzərə alaraq, məhkəmə hesab edib ki, baş vermiş hüquq pozuntuları ilə Fərhad Əliyevə mənəvi və maddi zərər vurulmuşdur. Sənəddə göstərilir ki, qərarın qəbul edildiyi tarixdən etibarən 3 ay ərzində dövlət mənəvi zərərə görə Fərhad Əliyevə 16 000 avro (bu məbləğə hesablanacaq vergi məbləği üstə gəlməklə) ödəməlidir. Bir insanın bu qədər hüququ pozulduğu halda və pozulmuş hüquqların yalnız bir qisminin Avropa Məhkəməsinin qərarı ilə tanındığı halda, bir sıra yüksək vəzifəli məmurlarımız, insan hüquqlarından daha çox, insan alveri ilə məşğul olan bəzi hüquq müdafiəçilərimiz utanıb-qızarmadan Avropa Şurasından “siyasi məhbus” anlayışının tərifini tələb edirlər. Əgər bir insan bir il altı ay dövlət çevrilişi ittihamı ilə həbsdə saxlanılırsa və bu ittiham sübuta yetirilmədiyindən bircə gecə ərzində tamamilə başqa ittihamla təqsirli bilinirsə, əgər bir insan məhkəmənin hökmü olmadan həbsdə saxlanırırsa, əgər cinayəti məhkəmə tərəfindən sübuta yetirilmədən bir insan haqqında ölkə rəsmiləri televiziya və mətbuatda cinayətkar ifadəsi işlədirsə, müasir beynəlxalq hüquqda bunun “siyasi məhbusdan” başqa daha hansı adı var?
Fərhad Əliyevin işi bir il niyə yubadılıb?
– Azərbaycanın Avropa Məhkəməsi yanındakı nümayəndəsi Çingiz Əsgərov bildirir ki, Məhkəmənin F.Əliyev haqqında qərarları yerinə yetirilib və hökumət məhkəmənin müəyyən etdiyi kompensasiyanı ona ödəyib.
– Əlbəttə, tutduğu vəzifəyə görə cənab Çingiz Əsgərov Fərhad və Rafiq Əliyev qardaşları haqqında Avropa məhkəməsinin qəbul etdiyi qərarlarının icra olunmasına bilavasitə məsuliyyət daşıyan şəxslərdən biridir. Mövcud qanunvericiliyə və Azərbaycanın qəbul etdiyi beynəlxalq öhdəliklərə görə Avropa Məhkəməsi tərəfindən qəbul olunmuş qərarlara yerlərdə, o cümlədən Avropa Şurasının üzvü kimi Azərbaycanda 3 ay ərzində baxılıb müvafiq qərar qəbul edilməlidir. Diqqət yetirin F.Əliyev haqqında Avropa Məhkəməsi 2010-cu ilin noyabr ayının 9-da qərar qəbul edib, lakin Ali Məhkəmə Cinayət Kollegiyasından, Şahin Yusifovun imzası ilə vəkil Elton Quliyevə 2011-ci ilin sentyabr ayının 16-da göndərilən məktubda qeyd edilir ki, “Fərhad Əliyevin işi üzrə Avropa Məhkəməsinin qeyd olunan qərarı Azərbaycan Respublikası Ali Məhkəməsiniə daxil olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq ərizəçinin işinə yenidən baxılması üçün əsasların olub-olmamasını müəyyən etmək mümkün deyildir”. Əgər 3 ay ərzində baxılmalı olan işin sənədləri, yəni Avropa Məhkəməsinin F.Əliyev haqqında qərarı bir il ərzində Ali Məhkəməyə göndərilməyibsə, bunun məsuliyyətini kim daşıyır? Axı bu qərarı vaxtında çatdırmaq cənab Çingiz Əsgərovun bilavasitə vəzifə borcudur. O, cənab prezidentin 2003-cü ilin noyabr ayının 8-də təsdiq etdiyi müvafiq əsasnamə ilə işləməlidir və həmin əsasnamin 10.11-ci bəndində göstərilir ki, Avropa Məhkəməsində “iddiaçıya pul kompensasiyalarının ödənilməsi və ya pozulmuş hüquq və azadlıqların bərpa olunması haqqında Məhkəmə tərəfindən qərar qəbul edildiyi halda, Məhkəmə qərarının tam və vaxtında icra edilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarına məlumat verir”. Birincisi, Ç.Əsgərov F.Əliyev haqqında qərarı vaxtında Ali Məhkəməyə çatdırmır, ikincisi isə o, bildirir ki, F. Əliyevin işinə Ali Məhkəmədə yenidən baxılmasına ehtiyac duyulmayıb. Indi sual olunur, Avropa Məhkəməsinin qərarına yenidən baxlıb-baxılmamasını Ç.Əsgərov müəyyən edir, ya Ali Məhkəmə qərarı aldıqdan sonra özü bunu müəyyənləşdirməlidir? Əgər Ali Məhkəmə Avropa Məhkəməsinin qərarını almayıbsa və onunla tanış deyilsə, necə müəyyən edə bilər ki, bu işə yenidən baxılsın, ya baxılmasın. Bu halda Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndə Ali Məhkəmənin funksiyasını mənimsəmiş olur. Onun borcu sənədi aidiyyəti dövlət orqanına vaxtında göndərməkdir. F.Əliyevin Ç.Əsgərov haqqında məhkəmə qaydasında iddia qaldırması da məhz, onun öz üzərinə düşən vəzifəni icra etməməsi bağlıdır.
Qərarlar icra olunmamış qalıb
– Deməli, Ç.Əsgərova qarşı iddia qaldırılması bununla bağlıdır.
– Bir sıra mətbuat orqanları və şərhçilər səhv olaraq belə bir iddianın qaldırılmasını F.Əliyevin guya ölkənin siyasi rəhbərliyi ilə münasibətləri kəskinləşdirməməsi kimi yozur və yazırlar ki, o, hətta, cavabdeh qismində Azərbaycanın siyasi hakimiyyətini və ya Ədliyyə Nazirliyini deyil, Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu göstərib. Əvvələ, siyasi rəhbərlik ilə münasibətləri kəskinləşdirmək istəməyən şəxs Avropa Məhkəməsinə müraciət etməzdi. F.Əliyevin birinci müraciətinə baxılıb və müvafiq qərar qəbul edilib.
Ç.Əsgərovun və digər rəsmi şəxslərin günahı üzündən həmin qərarlar icra olunmamış qalmaqdadır. Onun ikinci müraciəti baxılmaq ərafəsindədir və birinci qərarın yerinə yetrilməmsi ilə bağlı üçüncü şikayəti isə müvafiq prosedurdan sonra göndərilmək ərəfəsindədir. Avropa Məhkəməsinin qərarında vətəndaşın bu qədər hüququnun pozulduğu təsdiq edilir, onun qanunsuz həbs olunduğu göstərilir, Ç.Əsgərov isə bildirir ki, bu işə yenidən baxılmasına ehtiyac duyulmadı. Əgər dünyanın iman gətirdiyi məhkəmə bir şəxsin qanunsuz həbs edildiyini təsdiq edirsə, deməli, qanunsuz həbsdən sonra gələn bütün hüquqi prosedurlar qanunsuz xarakter daşıyır.
F.Əliyevin işinin vaxtında aidiyyəti orqanlara çatdırılmaması, müvafiq dövlət orqanlarının bu işə yenidən baxmaq istəməməsi məhz bununla bağlıdır.
Çingiz Əsgərov yalan deyir, kompensasiya ödənilməyib
– Cəmil bəy, Ç.Əsgərov mətbuat vasitəsi ilə elan etdi ki, mənəvi ziyana görə Avropa Məhkəməsinin müəyyən etdiyi kompensasiya F.Əliyevə hökumət tərəfindən ödənilib.
– Təəssüf ki, bu açıqlama doğru deyil. Məhkəmənin qərarına görə, F.Əliyevə 16 min avro, onun Britaniyalı vəkilinə isə 25 min avro ödənilməlidir. Əgər söhbət F.Əliyəvə ödənilən 16 min avro məbləğində kompensasiyadan gedirsə, nə F. Əliyevə, nə onun ailə üzvlərinə 3 ay müddətində ödənilməli olan bu məbləğ, üstündən 19 ay keçməsinə baxmayaraq bu günə kimi ödənilməyib. Əgər Ç.Əsgərov bunun ödənildiyini iddia edirsə, zəhmət olmasa açıqlasın ki, həmin kompensasiya hökumət tərəfindən hansı banka, hansı hesab nömrəsinə, kimin adına olan bank hesabına köçürülüb. Halbuki, dövlət yalnız kompensasiya ödəməklə vəzifəsini bitmiş hesab etməməlidir. Baxmayaraq ki, F.Əliyevlə bağlı bu da yerinə yetirilməyib. Müvafiq hakimiyyət orqanları qərada göstərilmiş pozuntuları aradan qaldırmaq istiqamətində, yeni pozuntulara yol verməməmək istiqamətində tədbirlər görməli halda, siyasi məhbuslara aid işlər qəsdən Ali Məhkəmənin plenumuna çıxarılmır. Bu isə F.Əliyevə münasibətdə qanunvericiliyin tələblərinin kobudcasına pozulmasının davam etməsidir.
Azad



