YAP-çı deputatın aydınlaşdırması

aydin mirzezadeYaxud,  Aydın Mirzəzadə hələ  Əli Abbasovda səhv tapa bilmir

Hökumətimizin “fərasətli” kadrları hər gün bizə sürprzlər edir. Aydın olur ki, bu ölkədə səlahiyyət sahibi olan hər kəs qazanmağın çeşidli yollarını kəşf edib. MTN generalının var-dövlətinin siyahısı gözümüzü qamaşdırdı, nazir müavini 500 min “haqq” verdiyini, idarə rəisi ayda 30 min paket aldığını, nazir aylıq xərcinin 200-300 min manat olduğunu etiraf etdi və bu etiraflar davam etməkdədir.

Ən maraqlısı isə budur ki, bütün bu “sürpriz”ləri təqdim edən əsas şəxslər hakim partiyanın üzvləridi. Yeri gəlmişkən, bir müddət əvvəl hakim partiyanın üzvü mandat alverinə görə həbs olundu və bir müddətdən sonra azadlığa çıxdı. Bir müddət əvvəl YAP-ın Yasamal şöbəsinin sədri Tağı Əhmədov Akif Çovdarova 3 milyon manat verdiyini bildirdi və.s Yəni, hakim partiyanın vəsiqəsini daşıyan xeyli sayda vəzifəli var ki, fəaliyyətində müəmmalı məqamlar rəqs eləyir. YAP vəsiqəsi daşıyanların qaranlıq fəaliyyəti ilə bağlı üzə çıxan faktlara bütövlükdə nəzər salmaq da olar. Amma yazımızın məqsədi YAP-çı deputat Aydın Mirzəzadənin baş verənlərə münasibətinə şərh verməkdir.

Son günlərin əsas müzakirə mövzusu Rabitə nazirliyində baş verənlərdi. Nazirliyin bir neçə məsul şəxsi həbs olunub və bu istiqamətdə istintaq davam edir. Fakt budur ki, nazirlikdə küllü miqdarda yeyiniti baş verib və ipin ucunu dartdıqca yeni korrupsiyanın izləri görünür. Bilzidiyiniz kimi Rabitə nazirliyinin keçmiş şefi Əli Abbasov YAP Siyasi şurasının üzvüdür. Bu adam haqqında hər gün mətbuatda yeni xəbərlər yer alır, onun çirkli fəaliyyətinə diqqət çəkilir.

Bütün bunları nəzərə alaraq YAP-çı deputat Aydın Mirzəzadəyə sual edilib ki, Əli Abbasov niyə partiyadan xaric edilməyib. Aydın müəllim də məsələyə belə aydınlıq gətirib: “Yeni Azərbaycan Partiyasından 3 halda çıxmaq mümkündür. Birinci halda şəxsi təşəbbüslə. İkinci halda, cinayət hadisəsi törədərsə, üçüncü halda isə partiyanın imicinə xələl gətirən hərəkətə yol verərsə. Bu hallarda şəxsin partiyadan çıxarılması mümkündür. Düzdür, Əli Abbasovla bağlı mətbuatda çox yazılar yazılır. Hələ ki onun haqqında nə məhkəmə qərarı, nə də cinayətlərdə iştirakı barədə rəsmi bir açıqlama var. Ona görə də partiya Əli Abbasovun üzvlük məsələsinə hələ ki baxa bilməz”.

Belə çıxır ki, Əli Abbasovun əmələri nə partiyaya xələl gətirib, bu əməllərdə cinayət tərkibi var. Rabitə nazirliyindəki mənimsəmə sübuta yetirilibsə, Əli Abbasovun bahalı mülkləri üzə çıxıbsa, nazirliyin məsul şəxsləri “paket”dən, “haqq”dan danışırsa, daha hansı məhkəmə hökmünü gözləmək olar. bu adamın özü ilə bağlı məhkəmə hökmü yoxdursa da, rəhbərlik etdiyi qurumdakı eybəcərliklər göz qabağındadır.

Görünür, hakim partiya üçün bu kimi hallar təbii xarakter daşıyır. Tağı Əhmədovdan 3 milyonun mənbəyini soran oldumu, Eldar Mahmudova güldən ağır söz deyən tapıldımı ki, Əli Abbasova da etiraz edən olsun?

Aydın Mirzəzadənin yanaşmasından da aydın görünür ki, dövlətə vurulan zərər, partiya maraqlarına zidd deyil. Hansısa məmur milyonları talan edib rahat ömür serə bilər. Amma həmin məmur hökuməti tənqid edərsə, ümumi qaydaları pozarsa, ömürlük həbsə də göndərilə bilər.

Necə olur ki, Aydın Mirzəzadə müxalifət funksionerləri, tənqidçi jurnalistlər, ilahiyyatçılar həbs olunanda məhkəmə hökmünü gözləmədən konkret mövqe sərgiləyir, amma məmur cinayətlərinə mövqe bildirmək lazım olanda hüquq sevdalısı olur?

Açığı, biz Əli Abbasovun YAP-dan çıxarılmasını istəmirik. Belə adamların məlum qurumda birləşməsi məqsədə və reallığa uyğundur. Sadəcə olaraq hökumət təmsilçilərinin biabırçı açıqlamalarını diqqətə çatdırmaq istəyirik. Günahsız insanları qondarma ittihamlarla həbs eləyiblər, saysız-hesabsız cinayətlər törədənlər isə azadlıqda gəzirlər.

Biz sözlə, Aydın Mirzəzadə hələ Əli Abbasovda səhv tapa bilmir. Ona görə də onun partiyadan çıxarılması müzakirə mövzusu deyil.

İlham