Bir cümləlik hesabat

Ötən il üçün özümə qısa bir hesabat verdim. Təkcə ilin dəyişməsinə görə yox, həm də xeyli vaxtdır yaşca yeni onilliyə daxil olmuşdum . Bir az düşündüm və məni gülmək tutdu. Yaşa görə bu illərə baxsam, mən həminkiyəm və sevdiyim dəyərlərə, arxasınca getdiyim işlərə görə mənə “hələ cavandır” deyənlər yenə də cavan deyə bilərlər. Cavanlığıma gülmədim. Yaşam tərzimə görə mənim kimilərinə məsuliyyətsiz, evini-ailəsini, gələcəyini düşünməyən, xeyrini bilməyən, axmaq deyənlər yenə də bunu söyləyə bilərlər. Elə buna görə gülməyim tutdu. Hələ də çoxlarına görə, biz xeyrini bilməyən adamlarıq. Bizim ölkədə Şər tərəfə qarşı çıxıb, Xeyir tərəfdə olmaq xeyrini bilməmək sayılır indi. Nə vaxtsa, tanışlarımdan biri mənə demişdi ki, cəmiyyətimizdə bizim kimi adamlara gülürlər. Sevindim ki, mən yenə həminkiyəm. Nadanların bizə gülməsi isə əsas deyil, əsas odur ki, birlikdə oturub ürəkdən gülə biləcəyimiz dostlarımız, həmkarlarımız, soydaşlarımız var. Və biz yenə də ölkəmizin indiki miskin halına, problemlərinə barışmaz müxalifik. Barışmırıq…

***

Ötən ilin son günündə bir neçə həmkarımla həbsdə olan cəsur jurnalist Eynulla Fətullayevin ailəsinə baş çəkdik. Onun anasının əlindən öpdük. Atasının maraqlı söhbətlərinə qulaq asdıq. Sonra Elçibəyi ziyarətə getdik. Famil Cəfərli, Natiq Cavadlı, Elşən Balaxanılı yolda məndən Elçibəydən danışmağı xahiş etdilər. Mən də xeyli danışdım. Sonra onlara söylədim ki, əgər bir dəfə yaxşı bir stol açsalar, Bəyin 30 yaşımda mənə verdiyi hədiyyəni onlara göstərə bilərəm. Onları da maraq götürdü və qonaqlıq verməyə razılıq  verdilər. Sonra Əbülfəz bəyin abidəsi önündə dik dayandıq. Hərə öz sözünü dedi və mən onlara işarə verdim ki, gedək Xəlil Rzanın qəbrinə baş çəkək.
Mən yaxşı şeir deyə bilmirəm, amma Xəlil Rzanın qəbri önündə bir şeir dedim:
Mən sənin ucbatından fərli ata olmadım,
Mən sənin ucbatından fərli oğul olmadım,
Azərbaycan!
Mən Xəlil Rzanın bu misralarını onun özünə hesabat kimi qəbul edirəm. Xəlil bəy şikayətlənmirdi. Elə birisi deyildi əsla. İnanılmaz dərəcədə fədakar adam olan Xəlil bəy yanılanda belə səmimi və mərd idi. Canını da, övladını da bu ölkə üçün qurban verməyi bacarırdı. Bunları yazmağımın da səbəbi var. Şəxsən mən də sizin hər biriniz kimi keç kimi və heç nəyi unutmamışam bu illərdə…
 
***

Geridə qalan illərə qayıdıb özümə hesabat verməyə çalışıram. Necə oldu ki, biz Azərbaycanın xoş günlərinin lap yaxında olduğunu düşündüyümüz halda, onun talan edilən, yalanla idarə edilən uzun bir dövrünə düşdük? Sanki əlimizin altındaydı, sanki əlimizin altından qaçdı azad, müstəqil və firavan bir ölkə. Yerini tamahkar bir irtica tutdu. Səbəblərini hamı bilir əslində. Mən bir çox amilləri sadalaya bilərəm – xarici faktorlar, keçmişə bağlı əngəllər və s. Lakin bunlar əsas deyildi. Bu ölkənin Əliyevlərin bostanına çevrilməsinin əsas səbəbi o oldu ki, bir toplum olaraq rejimin qarşısından qaçdıq.
Satıldı adamlar, ikiüzlülük etdilər, pula, vəzifəyə baş əydilər. Bir tərəfdə də firqə davaları getdi. Azaldıq sadəcə olaraq. Azaldıq, parçalandıq, zəiflədik. Əslində, qeyri-adi heç nə baş vermədi: bu halda heç bir mənəvi dayağı olmayan, lakin hər cür əməli özünə rəva görən, pullu-hallı bir hakimiyyəti dəyişmək uzana bilərdi. Elə belə də oldu. Yolun sonu deyil sadəcə olaraq. Hər gün daha çox çürüyən bir rejimin sonuna qədər getməliyik.
Yeni Azərbaycan qurmalıyıq, onu köhnəliyə dartan Yeni Azərbaycan Partiyasından qurtulmalıyıq. Bütün bunları düşündükdən sonra mənim hesabatıma bircə cümlə düşdü: Bunu etməmişik hələ.