İnsanları təhqir yazmağa nə vadar edir?

sosial-shebekeSosial şəbəkələrin yox, sosial problemlərin üstünə hücum çəkmək lazımdır

Son günlər gündəmin əsas müzakirə mövzularından biri də sosial şəbəkələrdi. QHT-çilər, deputlarlar, özünü ictimai sektorun lideri hesab edənlər feysbuku hədəf seçiblər. Əslində, hökumətin sosial şəbəkələrə qarşı allergiyası xeyli əvvəldən başlayıb. Sadəcə olaraq bu informasiya məkanını məhdudlaşdırmaq üçün ağlabatan bəhanə tapmırlar. Ona görə bu qərara gəldilər ki, sosial şəbəklərlə bağlı qanuna əlavələr etsinlər və müəyyən xof yaratsınlar. Əvvəlcə, ölkə başçısını feysbukdan qorumaq üçün müddəalar ortaya çıxardılar, sonra saxta profillərlə  təhqir yazanların, insanların şərəf və ləyaqətini alçaldanların məsuliyyətə cəlb olunmasını nəzərdə tutan qərarlar qəbul olundu. Ona görə də rejimin sözçüləri sosial şəbəkələrin üzərin əhücuma keçiblər və yeni qanunların zəruriliyini əsaslandırmağa çalışırlar.

Əlbəttə ki, heç kimin şərəf və ləyaqətini alçaltmaq olmaz, kimliyindən asılı olmayaraq başqalarını təhqir edənlər cəzalandırılmalıdır.  Yəni, biz də sosial şəbəkələrin söyüş meydanına çevrilməsinin əleyhinəyik. Amma hökumət bu məsələdə səmimi görünmür. Məqsədin sosial şəbəkələrdə səliqə-qəhman yaratmaq yox,  azad fikri boğmaq olduğu qabarıq görünür.

Əvvəla, saxta profillər yaratmaq, rəqibləri təhqir etmək, müxalifət fəallarına qarşı iyrənc təxribatlar həyata keçirmək ənənəsini bu hökumət yaradıb. Tez-tez hansısa fəalın profilinin, müxalif yönümlü səhifələrin oğurlanmasının, bu səhidfələrdə yalan materialların paylaşıldığının şahidi oluruq.  Yəni, trollar, soial şəbəklərdə təxribatlar hökumətin ssenarisinin məhsuludur.

İkincisi, bu gün feysbukun üstünə hücum çəkən hökumətsevərlər, yaxşı olar ki, insanların rejimə qarşı nifrətinin səbəblərini aydınlaşdırsınlar. Niyə, hansısa deputatın, komitə sədrinin, nazirin şəkli feysbukda paylaşanda, birmənalı şəkildə mənfi qarşılanır? Niyə, insanlar hökumətə qarşı bu qədər aqressivdir? Ölkə başçısına və onun komandasına qarşı xoşagəlməz şərhlər yazanların bu tələbatı hardan qaynaqlanır?

Deməli, problemin  kökünü həm də mövcud idarəçilikdə axtarmaq lazımdır. İnsanlar o həddə çatıdırılıb ki, etik normaları gözləmək istəmir. Məmur özbaşınalığı ilə qarşılaşanlar, ədalətsiz məhkəmə hökmlərinin qurbanına çevrilənlər, mülkü əlindən alınanlar, gömrükdə incidilənlər, səhiyyənin eybəcərlikləri ilə üz-üzə qalanlar sosila şbəəklərdə fikirklərini ifadə etməklə təsəlli tapırlar. Çünki, heç bir qurum insnaların dərdinə dərman olmur, saysız-hesabsız müraciətlər, məktublar, şikayətlər cavabsız qalır. Vətəndaş hər gün mövcud idarəçilikdən zərbə alır. Nəticədə insanların hökumətə hədsiz nifrəti yaranır və bunu təhqir formasında ifadə edirlər.

Bir daha qeyd edirik ki, biz təhqirə haqq qazandırmırıq, sadəcə olaraq səbəblərin çox dərinlərə getdiyinə diqqət çəkmək istəyirik.  İnsanlar sosial şbəkələrdə öz hirslərini sözlərlə ifadə etməklə, sanki özlərinə

qarşı olan hörmətsizliyə cavab verirlər. Hər gün vətəndaş yalançı inkişaf haqqında nağıllar eşidir, insanlar hökumətdən müsbət heç nə gözləmir, sabah ümidlər itib.  Ona görə də bütün günahları sosial şəbəkə istifadəçilərinin üstünə atmaqdansa, insanları aqressivləşdirən səbəbləri aradan qaldırmaq lazımdır. Hökumət sosial şəbəkələrə güzgü kimi baxmalıdır və insanların yaralı yerini sağaltmağa çalışmalıdır.

Təbii ki, səbəbləri axtaran yoxdur. Məqsəd azad informasiya məkanı olan sosial şəbəkə istifadəçilərində xof yaratmaq, tənqidçiləri qanuna istinad edərək sıradan çıxarmaqdı. Hökumət cəmiyyətdə qorxunun götürülməsini, öz fikirin müstəqil şəkildə ifadə edənlərin sayının artmasını istəmir. Başa düşürlər ki, qarşıdakı mərhələdə ölkədə vəziyyət daha da ağır olacaq və sosial şəbəkələr birləşdiricilik missiyasını yerinə yetirə bilər. Onu da bilirlər ki, xalq hökumətdən tam narazıdır  və bu narazılığın reallıqda ifadə olunması üçün virtual aləm vasitəçi rolunu oynamaqdadır.

Amma bütün bunlar fayda verməyəcək. İnsanlar sıxıldıqca daha da aqressiv olacaqlar və bu aqressiyanın qarşısını heç bir qanunla almaq mümkün olmayacaq.

Hökumət sosila şəbəklərə hücum çəkmək əvəzinə, sosial problemlərin üstünə hücum çəkməlidir.

Samir