“İqbal Mahmudovun qətli sifarişlidir”

“Azərbaycan diasporunun liderlərindən olan İqbal Mahmudovun qətli sifarişlidir”. Lent.az-ın məlumatına görə, bu barədə Ukraynanın imp.ua saytı xəbər yayıb. Xəbərdə deyilir ki, Mahmudov dünən Makeyevka şəhərinə müharibə veteranları ilə görüşə gedərkən yolda maşınındaca qətlə yetirilib. Onun arxasınca motosikldə gələn şəxs İqbal Mahmudovun idarə etdiyi maşını ötüb keçərkən ona tapançadan bir neçə atəş açıb.

Xatırladaq ki, hadisə barədə “Azadlıq”a Ukraynadan verilən ilkin məlumatda 2 naməlum motosikçinin açıq havada görüş keçirən İ.Mahmudovu atəşə tutulduğu, ona 3 güllə dəydiyini və güllələrdən birinin onun ciyərini parçaladığı deyilirdi.

İqbal Böyükkişi oğlu Mahmudov 1977-ci ildə Lənkəran rayonunun Port-İliç qəsəbəsində (indiki Liman şəhəri) anadan olub. 1995-ci ildə Ukraynaya gedib. Donetsk Milli Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Bundan sonra təhsilini Taras Şevçenko adına Kiyev Milli Universitetinin beynəlxalq hüquq və biznes fakültəsində davam etdirib və oranı da müvəffəqiyyətlə bitirib. 2005-ci ildən Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti təşkilatına sədrlik edib.

İqbal Mahmudov “Azud” MMC-nin təsisçisi və prezidenti, eləcə də kikboksinq üzrə idman ustası olub, Ukraynada keçirilən yarışlarda dəfələrlə qalib gəlib. Mərhum ictimai fəal olmaqla yanaşı, xeyriyyəçi kimi də tanınıb. O, bir sıra idman yarışlarının sponsoru olub, müharibə və əmək veteranlarına, əlillərə və kimsəsizlərə daim yardım edirmiş.