İşçiləri məsuliyyəti Əli Abbasovun üstünə atır; keçmiş nazir həbs edilə bilər
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli əməkdaşlarının işi üzrə istintaq materialları bu nazirlikdə uzun illər hökm sürmüş dəhşətli korrupsiya və mənimsəmə mexanizmini üzə çıxarır.
Orada qurulmuş sistemi əsasən nazirliyin tərkibindəki strukturlardan və müəssisələrdən aylıq gəlirlər, habelə xərclərin şişirdilməsi yolu ilə əldə olunan pullar ümumi “kassada”, yaxud oğru dünyasında olduğu kimi “obşak”da toplanırdı.
İstintaq materiallarına əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Rzayevin və digərlərinin işi üzrə hazırda da nazir müavini kimi işləyən Elmir Vəlizadə də şahid qismində dindirilib.
Virtualaz.org yazır ki, Vəlizadə Elmir Tofiq oğlu ifadəsində 26.12.2007-ci il tarixdən hazıra kimi rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində işlədiyini bildirib. O, ayda 50 min manat “paket” aldığını etiraf edən digər nazir müavini İltimas Məmmədovla eyni məzmunlu ifadə verərək keçmiş nazir Əli Abbasov tərəfindən ona aylıq olaraq əvvəllər 3 min manat, sonradan 15 min manat, son dövrlərdə isə 30 min manat “paket” şəklində pulların verildiyini təsdiqləyib.
Elmir Vəlizadənin sözlərinə görə, o, həmin vəsaiti almaqdan imtina etmək istəsə də, nazir Əli Abbasov deyib ki, puldan imtina etmək olmaz. Çünki bu “ümumi qaydadır” və yığılan pullar nazirliyin rəhbər işçiləri arasında paylanır. Nəticədə Elmir Vəlizadə bu qayda ilə aylıq olaraq hər ay qeyd olunan məbləğdə “paket” aldığını təsdiq edib.
Generallar haqq almadığını iddia etsə də…
İstintaq ləğv edilmiş MTN-nin Transmilli Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləmiş general Sübahir Qurbanovun da ifadəsini alıb. O, Vidadi Zeynalovun ona hər ay mütəmadi olaraq pul göndərmədiyini, lakin sonuncudan bir neçə dəfə ad günü və toy şənlikləri üçün hədiyyə tapmasını xahiş etdiyini, sürücüsü Ramil vasitəsi ilə həmin hədiyyələri ondan qəbul edib dəyərini ödədiyini iddia edib.
Lakin sürücü istintaqa ifadəsində generalı deyib ki, Sübahir Qurbanovun tapşırığı ilə ayda bir dəfə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun yanına gedib, Zeynalov nazirliyin binasının 2-ci mərtəbəsində yerləşən xidməti otağında ona hər dəfə 16x16x10 sm ölüçdə, şəffaf izolentlə bağlanmış və içərisi görünməyən sellofan “paket” verib. Sürücü deyib ki, həmin paketi ondan alıb Sübahir Qurbanova çatdırıb, bağlamanın içərisində pul olduğunu bilirmiş, ancaq miqdarından xəbərsiz idi. Sürücü təsdiqləyib ki, 3-4 il ərzində bu qayda ilə Vidadi Zeynalovun verdiyi bağlamanı Sübahir Qurbanova çatdırıb, Vidadi Zeynalovdan son dəfə 2015-ci lin oktyabr ayında paketi alıb Sübahir Qurbanova aparıb.
Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin rəisi vəzifəsində işləmiş general Teymur Quliyev də istintaqa ifadəsində Vidadi Zeynalovdan aylıq haqq aldığını inkar edib. O, Zeynalovu 20-25 ildir tanıdığını desə də, yaxın münasibətlərdə olduğunu inkar edib, pul tələb etmədiyini bildirib.
Lakin Vidadi Zeynalov Sübahir Qurbanovla və Teymur Quliyevlə üzləşmə zamanı 3-3,5 il ərzində Sübahir Qurbanova hər ay 100 min ABŞ dolları, Teymur Quliyevə isə 2013-cü ilin ortalarından başlayaraq hər ay 50 min ABŞ dolları pulu sürücüləri vasitəsi ilə göndərdiyini bir daha onların üzünə təsdiq edib. Generallar bu faktları təkzib edə bilməyiblər.
“Ayda 500 min manatı Əli Abbasovun tapşırığı ilə almışam”
“Aztelekom” MMC epizodu üzrə ifadə verən Rabitə və Yüksək Texnologiya Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov isə MMC-nin direktoru Məhəmməd Məmmədovla üzləşib.
Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, sabiq aparat rəhbəri 02.11.2015-ci il tarixli ifadəsində göstərib ki, “Aztelekom” MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan təşkilatlardan biri olub: “Nazir Əli Abbasov tərəfindən “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədova tapşırıq verildi ki, hər ay, yəni 2009-cu ildən başlayaraq ayda onlara 500.000 manat pul verməlidirlər. Ona görə də 2009-cu ildən başlayaraq “Aztelekom” MMC-dən aylıq “stabil” olaraq ona 500.000 manat pul gətirilib verildi. Həmin pulu ya Məhəmməd Məmmədov özü, ya köməkçisi Qulu və ya onun baş mühasibi Oktay Rüstəmov gətirirdi. Qulu çox az-az gəlirdi, belə ki, Məhəmmədin işi olduqda Oktay, olmadıqda pulu Qulu gətirib verirdi. Hər ayın sonunda, bir qayda olaraq ayın 28-dən növbəti ayın 2-3-nə kimi olan müddətdə “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov nazir Əli Abbasovun qəbuluna gedib, birliyin gəlirləri, verəcəyi pulun miqdarı barədə onu məlumatlandırırdı. Bildiyimə görə, birliyin direktoru nazirə gəlirlərini və gətirilib veriləcək məbləği bildirirdi. Çünki birliyin direktoru nazirin qəbulundan çıxandan sonra mənim yanıma gəlib nazirlə görüşdüyünü və birliyin baş mühasibi Oktayın mənimlə əlaqə saxlayacağını deyirdi. Bundan sonra isə birliyin baş mühasibi Oktay Rüstəmov zəng edib gəlmək istədiyini bildirir və razılıq verdikdən sonra çanta ilə yanıma gəlib yuxarıda qeyd etdiyim miqarda pulu verirdi. Heç vaxt gətirilən pulları saymamışam, çünki onlar “paçka” şəklində və bağlanmış vəziyyətdə olurdu və pulun məbləğinin düz olduğuna inanırdım”.
Vidadi Zeynalov ifadəsinin ardında bildirib ki, 2009-cu ildən başlayaraq 2013-cü ilin aprel ayına kimi “stabil” olaraq “Aztelekom” MMC-dən aylıq 500 min manat pul gətirilib. 2014-cü ildən başlayaraq isə mənə aylıq 200.000 manat pul verilirdi. “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədova bizə verdiyi pullardan başqa aylıq 50.000 manat pul qalırdı. Eşitdiyimə görə, Məhəmməd Məmmədov baş mühasibi Oktay Rüstəmova aylıq 3000 manat, köməçisi Quluya 1000 manat, digər müavinlərinə isə aylıq 1000-2000 manat arası pul verirdi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər struktur qurumları kimi “Aztelekom” MMC də əsasən kabel çəkilişi, avadanlıq alınması, binaların təmir edilməsi və s. xərcləri müvafiq sənədlərdə yüksək göstərilmək yolu ilə əldə etdiyi vəsaitin bir hissəsini mənə verirdi. “Aztelekom” MMC-nin tabeçiliyində olan Telekommunikasiya qovuşağından 2009-2015-ci illər ərzində vəsaitlər köçürülmüş “Qafqaz-S İnşaat” MMC nazir Əli Abbasovun qaynı Elçin İbrahimova məxsus olub”.
İbtidai istintaq zamanı ifadələr arasında ziddiyyətlər olduğundan iş üzrə təqsirləndirilən “Aztelekom” MMC-nin sabiq baş direktoru Məmməd Məmmədov və nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov arasında üzləşmə aparılıb. Üzləşmə zamanı Vidadi Zeynalov bildirib ki, Məhəmməd Məmmədovun dedikləri ilə razıdır, əlavə ifadə vermək istəmir.
“MTN-ə yaxın şirkətlə işləməyi Əli Abbasov tələb etdi”
“AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.
Report-un məlumatına görə, o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, “Cartburg NC” şirkətinə verilən qiymətlər şkala çərçivəsində digər mobil operatorlara təklif edilən qiymətlərə uyğun olub.
Onun sözlərinə görə, “Cartburg NC” şirkəti ilə müqavilə bağlanılıb əməkdaşlıq edilməsini birbaşa ona rabitə və yüksək texnologiyalar naziri (RYTN) Əli Abbasov tapşırıb: “Nazir qiymətlərə, trafikin aylıq həcminə və keyfiyyətinə də daim özü nəzarət edib. Nazir mənə trafik həcminin sürətlə aşağı düşməsinin qarşısının alınmasını, eyni zamanda kibercinayətkarlığın qarşısının alınması üçün MTN-nin böyük dəstəyi və köməkliyinin lazım olduğunu bildirib. Buna görə o, MTN-lə əlaqəli olan “Cartburg NC” şirkəti ilə müqavilə bağlanmasının zəruri olduğunu söyləyib. Bu zaman müqavilə bağlanmasını özündə əks etdirən yazılı göstəriş verilməsini Əli Abbasovdan tələb etdim. Bunun nəticəsində də nazirlikdə iclası keçirildi və iclasın yazılı protokoluna əsasən əməkdaşlıq edilməsinə göstəriş verilib. Həmin şirkətin nümayəndəsi kimi yalnız Ayaz Kərimovu tanıyıram. Ayaz Kərimovu mənə Əli Abbasov təqdim edib, onunla əməkdaşlıq edəcəyimi tapşırdı”.
Müvafiq ittiham aktına əsasən, istintaq zərurəti ilə əlaqədar olaraq Cəlil Cəfərovun yaşadığı mənzildə və iş yerində təxirə salmadan axtarış istintaq hərəkəti keçirilib və axtarış zamanı C.Cəfərovun yaşadığı Bakı şəhəri, O.Mustafayev küçəsi 51 ünvanındakı evindən 300.000 ABŞ dolları və 87.000 manat məbləğində pul vəsaiti, həmçinin Bakı şəhəri, Z.Əliyeva 77 ünvanında yerləşən ofisindən isə 30.000 ABŞ dolları məbləğində pul vəsaiti və külli miqdarda qızıl-zinət əşyaları aşkar edilərək götürülüb. Həmin pul vəsaitləri 4 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabına qoyulub.
Cəlil Cəfərov Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
Göründüyü kimi işçiləri ifadələrində məsuliyyəti keçmiş nazir Əli Abbasovun üzərinə atır. Məlum olur ki, nazirlikdə korrupsiya əməliyyatları, MTH-dəki şəbəkə ilə əlaqələr qurulması Əli Abbasovun tapşırığı ilə olub. Hər halda onun işçiləri belə deyir. Bəzi mülahizələrə görə, bütün bunlar Əli Abbasovun həbsilə nəticələnə bilər. Məlumat üçün deyək ki, keçmiş nazir istintaqa cəlb olunsa da, azadlıqdadır.