“Eurovision” mahnı yarışmasını Azərbaycanın adını dünyada ucaltmaq üçün böyük fürsət sayan YAP-çılar tənqidi mövqe tutan ictimai fəalları susmağa çağırarkən bir suala hökmən cavab verməlidirlər. Azərbaycanın dünyadakı adı onlara əzizdirsə, niyə korrupsiya siyahılarında adımızın ən pis yerlərdə olmasından narahat deyillər?
Ilham Əliyev nə üçün Azərbaycanın adının qeyri-azad ölkələr sırasında olmasından narahat olmur. Söz azadlığının durumuna və iqtisadi azadlıqlara görə də yaxşı yerlərdə deyilik. Hətta təhsil və elm sahəsində biz ən problemli ölkələrlə bir yerdəyik. Insan haqlarının durumu ağır olduğu üçün Azərbaycan mötəbər hesabatlarda, beynəlxalq təşkilatların qətnamələrində daim tənqid edilir.
Bəs Ilham Əliyev bunlara görə niyə narahat olmur? Əksinə, bu siyahılar və tənqidlər səslənəndə açıq şəkildə bəyan edir ki, heç kim Azərbaycanın işinə qarışmasın, bizim öz yolumuz var.
Bizim öz yolumuz varsa, biz dünyanın tənqidlərini saya salmırıqsa, “Eurovision”la Azərbaycanın adını necə ucaldacağıq və harada ucaldacağıq? Bizi tənqid edən dünyadan başqa da dünya varmı? Bəlkə “Eurovision” bu tənqidlərə son qoyacaq? Bəlkə bizi siyahılarda irəli aparacaq?
Avropa Parlamenti yaxın günlərdə qəbul etdiyi qətnaməsində Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə ittiham edib, bizim torpaqları azad etməyə çağırıb, Azərbaycanı isə insan haqlarını və vətəndaş azadlıqlarını pozmağa görə tənqid edib. Yenəmi Avropaya qərəzli deyəcəksiniz? Bizi “Eurovision”un qalibi edən Avropa niyə öz tənqidlərində qərəzli olmalıdır?
Adımızı dünyada biabır edənlər
Çox təəssüf ki, bizim hakimiyyət Azərbaycanın adını əsl siyasi alverə çevirib. Uzun illərdir ağzını açanın ağzından vururlar ki, adımızı dünyada biabır etmək olmaz, ölkə həqiqətləri barədə ölkədən qıraqda susmaq lazımdır. Azərbaycandakı qüsurları – haqsızlıqları, ayrı-seçkiliyi, qanunsuzluqları dünya mediasına, beynəlxalq təşkilatlara çatdıran insanları isə bir qayda olaraq düşmən elan edirlər ki, onlar adımızı dünyada biabır edirlər. “Eurovision” ərəfəsində isə bu ittihamlar daha tez-tez, daha sərt şəkildə səslənməyə başlayıb…
Elə bir təbliğat qurublar ki, bəzən sadə insanlar da bu hiylənin təsiri altına düşür və deyirlər: “Mən xaricilərin qabağında ölkəmin qüsurlarından danışa bilmərəm”.
Bəzən marginallaşmış siyasilər, hüquq müdafiəçiləri, jurnalistlər də bunu öyünə-öyünə deyirlər. Bu isə bir hiylədir, hiylənin tələsinə düşməkdir.
Bu hiylənin gülməli tərəfi odur ki, guya biz deməsək, Azərbaycanda baş verənlərdən, onun necə bir ölkə olmasından dünyada xəbər tutmayacaqlar. Hətta bizdən yaxşı bilirlər bizim barəmizdə. Ölkəmizdəki sosial-ictimai durumdan tutmuş oğurlanıb xaricə aparılan pullara qədər…
Ictimai fəallar isə problemləri ona görə dünya mediasında və beynəlxalq təşkilatlar qarşısında qaldırırlar ki, Azərbaycanın öhdəliklərini yada salsınlar, onun yaxşıya doğru dəyişməsinə və yaxud hakimiyyətimizin yanlış siyasətinin dayandırmasına təsir etsinlər. Susmaq isə Azərbaycanın yanlış yolla getməsinə, ağır problemlərin, ədalətsizliyin, korrupsiyanın qalmasına susmaq və razılaşmaq deməkdir.
Hər bir azərbaycanlı yalançı milli qüruru kənara atıb qəbul etməlidir ki, ölkəmiz yalnız və yalnız azad dünyaya inteqrasiya olunmaqla, beynəlxalq öhdəliklərə əməl etməklə inkişaf edə və adını dünyada ucalda bilər. Başqa yol yoxdur.
Yaxşı ad haqqında
Yaxşı adımız olsa, amma pis yaşasaq, ictimai ədalətsizlik içində boğulsaq, bu yaxşı ad bizim nəyimizə lazımdır?! Onun əhəmiyyəti varmı?!

Azərbaycanın dünyadakı adı Ilham Əliyevə əzizdirmi?
•