Akademik zarafat – “Azərbaycan-2020»

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu günlərdə Heydər Əliyevin anadan olmasının 89 illiyinə həsr olunmuş konfransda çıxış edib dedi ki, narahatçılığa əsas yoxdur, “2020-ci ilə qədər biz bütün qazandığımız uğurları başa çatdırıb Azərbaycanın yeni modelini dünyaya nümayiş etdirəcəyik”.
Hə, “allah qoysa”, nə “xalq bizə etimad göstərərsə”, nə “seçkilərdə qələbə qazanarsaq, elə YAPsayağı, bir reklam rolikində olduğu kimi – ”biz sizə göstərəcəyik!”.
Konkret vaxt da göstərilmir, 2020-dən sonra…
PA şöbə müdiri Novruz Məmmədov da bir neçə gün əvvəl Qərbi hədələyərək 5-10 ilə “başqa bir siyasi kursa keçid ala bilərik, özünüzü yaxşı aparın”- dedi. “Ustadı” isə sonsuzluğu göstərdi,- dedi, gedirik dövlət qurmağa, bizi narahat etməyin. Yəni…
Qonşum Azad müəllimin evində kirayə qalan 6 soydaşımız ən azı on il bundan sonra da Ramiz Mehdiyevin yaxın qohumlarının obyektlərində usta, fəhlə qismində çalışa biləcəklər.
Santexnik dostum Ziya Məmmədovun villasının gürcüstanlı “prorab”ından vurduğu kafel-metlaxın pulunu ala bilməyib yanıma “şikayətə” gələcək. Onun atası sovet dövründə raykomun qonaq evində çalışıb və Bakıdan gələn müxbirlərin “zəhmi”, onların zurna-balabanla müşayiət olunan nahar və şam yeməkləri, çıxardıqları hoqqalar, dostumun yaddaşına əbədi həkk olunub. Bu günün reallığı ona çatmır.
Bakı Dövlət Universitetindən tanıdığım, savadlı və rusdilli dostum isə altında ölkənin baş ideoloqlarının “imzası” olan “yazıları” ilə qarşımda öyünməkdə davam edəcək.
Bu illərdə soydaşlarımız bir parça çörək qazanmaq üçün Bakının dəmiryol vağzalından şimal istiqamətinə üz tutacaqlar.
Minlərlə vətəndaşımız min bir əziyyətlə qazandığı pulla özünə mənzil almaq həvəsinə düşəcək və sonradan aldadıldıqlarını bilib, prezident sarayının önündə dubinkaya “qonaq” olacaqlar.
LAZIM 27 yaşını qeyd edəcək, ARAbir Ermənistanı hədələməkdə davam edəcək.
Heykəllərin sayı sürətlə, ölkədə qalan insanların(!) sayına yaxınlaşacaq, çünki…
Nə Ramiz Mehdiyev, nə də Əli Əhmədov bu 19 ildə buraxılmış heç bir səhvi etiraf etmədilər, dedilər ki, hədəfə doğru səhvsiz, inamla addımlayırıq, Sovet dönəmi zamanı respublikaya rəhbərlik etmiş Heydər Əliyevin qurduğu çiçəklənən Azərbaycanı bir az dağıtdılar, amma şükür ki, biz qayıtdıq və qadığımız yerdən davam etdik, qüsursuzuq…
…Yadıma 1990-cı illər düşdü, o zaman biz tələbə idik, bayırda rus tanklarının tırtıllarının səsindən qulaq tutulurdu, auditoriyada isə Sov.IKP tarixi kafedrasının dosenti mühazirə oxumağa gəlmişdi. Heyrətlə bir neçə dəqiqə dinlədik və mühazirə zalını icazəsiz-filansız(!) tərk etməyə başladıq. Bir neçə gündən sonra fikirləşdik ki, bunlar da ailə başçılarıdır, yola verək getsin…
Qəribədir ki, 1970-80-ci illərin Azərbaycanını yerə-göyə sığdırmayan iqtidar ideoloqları öz bioqrafiyalarından həmin illəri silib atıblar.
YAP-ın icra katibi Əli Əhmədovun bioqrafiyasında ömrünün 18 ilini verdiyi elmi-kommunizmin adı belə çəkilmir, namizədlik dissertasiyası mövzusu belə xatırlanmır. Ramiz Mehdiyevin bioqrafiyası da …tərtəmizdir. Qalanların da illəri “yox” olub, sanki bu illərdə onlar “morozilka”da olublar (“Qafqazinfo”da hər gün ağlaşma quran, “dovşan” ləqəbli, vəzifəsiz əliyevçi ilə tam şərikəm, bu mənada – X.Ə.).
Ölkə hansı meyarlarla idarə olunur, cəmiyyətin inkişafı hansı təməl prinsiplərinə söykənir, ümumiyyətlə, biz hansı quruluşda yaşayırıq, heç fikirləşmisiniz?  
…Bu yaxınlarda yenicə xalq artisti adını almış(!), Səməd Səmədovun müsahibəsini oxudum. Müxbir – “siz ölkə prezidentinin bu fərmanını ilk dəfə kimdən eşitdiniz və reaksiyanız necə oldu?”. Cavab:
– Dedim ki, gedin tullanın alə, məni ələ salmısınız?.
Səməd Səmədov daha sonra, deyir: “Alə, mən sənətkarlara illər boyu aparatura daşımışam, bir gün mikrofonu əlimə aldım və gördüm ki, çox yüngüldür, başladım oxumağa!..”.
Iqtidardakı akademik və professorların Səməd Səmədov “ədaləti” başadüşüləndir, səviyyə baxımından. Elmi-mədəni müsibətin buynuzu olmur ki…
O ki, qaldı “2020-ci ilə”, bu, sadəcə bir zarafatdır, baxmayaraq ki, təbabətdə bunun başqa adı var…