«Eurovision» hazırlıqları və Müsyö Jordanın xələfləri barədə…
“Eurovision” hazırlıqları davam etdikcə Azərbaycandakı tragik vəziyyət bir az da komik xarakter alır. Ilham Əliyevin hazırlaşdığı tədbirdən nə əldə edəcəyinə baxınca, mənə aydın oldu ki, Azərbaycan rəhbəri Tacikistana niyə yatırım qoyub. Məni həmişə düşündürürdü ki, Tacikistana yatırım qoymaq kimin ağlına və necə gələ bilər? Bu da bizim suala cavab…
“Eurovision”a hazırlaşmaq daha betər bir addımdır. Ona görə ki, Tacikistan bir dövlətdir, elə də taqətli deyil. Üstəlik, bu pula və sərmayəyə ehtiyacı var. Amma “Eurovision” daha böyük problemlər yaradır. Bir deyil, beş deyil, qırxa yaxın dövlətdir. Bilmirsən, mahnı oxumağa gəlirlər, yoxsa, kəlmeyi-şəhadət oxutdurmağa. Ilham Əliyev də bir tərəfdən puldan axıdır ki, işlər yaxşı getsin, adamlar yumşaq yerdə otursunlar ki, narazı getməsinlər. Amma ağızları düzəlmir ki, düzəlmir. “Times” jurnalı yazıb ki, rəsmi məlumatlarda “Eurovision”a 30 milyon dollar xərcləndiyi deyilsə də, qeyri-rəsmi mənbələr bu tədbirə 277 milyon dollar xərc çəkildiyini təsdiqləyir. Yəni, aşağı-yuxarı, rəsmi rəqəmin doqquz qatı. Ortalıqda “toy toğlusu” olanları da nəzərə alsaq, söhbətin on qatdan getdiyi məlum olacaq.
Olsun, amma burada ən böyük dərd odur ki, bu qədər pul tökməsinə baxmayaraq, Ilham Əliyev yenə də hədəf olaraq qalır. Əvvəllər sadə insanlar, hətta bəzi politoloqlar deyirdilər ki, Ilham Əliyevin elə də çətinliyi olmayacaq, ondan istəniləni verəcək və durumunu sabit saxlayacaq. Söhbət təbii ki, maddi sərvətlərdən gedirdi. Indi isə vəziyyət xeyli dəyişmiş görünür. Heç şübhə qalmır ki, Qərbin istədiyi Ilham Əliyevdə yoxdur. Ona görə də bu cür səxavətli rəhbərə qarşı amansız mövqe tuturlar. Bu, işin faciə tərəfidir – adamın əlində pulu var, amma ona yiyə duran yoxdur. Sulutəpədə, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva küçələrində, Bayraq meydanında sökülən evlərin evsiz sakinləri dünya üçün o qədər matah adamlara çevrilib ki, gül kimi rəhbərin milyonları və milyardları kara gəlmir. Bu, qədim nağıllardakı “zalım şahların xəzinəyə girmək üçün min oyundan çıxmalarına” bənzəyir. Onlar ləl-cəvahiratı görəndən sonra ağıllarını itirirdilər və qapını açan sehrli sözü unudurdular. Son nəticədə də var-dövlət içində acından və ən başlıcası, köməksiz vəziyyətdə məhv olurdular.
Bəli, bu həm də məşhur filmdəki komik faciəvi durumu xatırladır. Hatəmxan ağa öz aləmində qonaqlıqlar təşkil edir, dəridən-qabıqdan çıxır, dərddən və heç nədən anlamayan Müsyö Jordan isə çör-çöp dərdindədir. Avropa demokratiya dərdində olduğu kimi… Bənzərlik isə budur ki, indi demokratiya da o çör-çöp kimi dərmana çevrilib…
Bu dəfə Paris partlamasın…
Amma bu dəfə Azərbaycanın vətənpərvər və milli oğluna qarşı Firəngistandan deyil, Almaniyadan təhlükə var. Ona görə də Ilham Əliyev bütün başbilənlərini yığıb, Almaniyaya qarşı hücuma keçməyi tapşırıb. Görünür ki, Dərviş rolunda olan əsas ideoloq kimdirsə, bu dəfə də barıtı düz ayarlaya bilməyib. Partlayış daha çox elə Ilham Əliyevin ziyanına olub. Nyu-Yorkda onunla yalnız Almaniyanın xarici işlər nazirinin görüşməsi isə digər Qərb dövlətlərinin Ilham Əliyevə mesajı idi. Demək istəyirdilər ki, sənin ona qulaq asmaqdan başqa bir yolun qalmayıb.
Qısası, Almaniya bu dəqiqə Ilham Əliyevlə bütün Qərbin adından danışır. Buna görə də Ilham Əliyev hansısa bir yol tapıb, Berlini partlatmaq istəyir. Yoxsa, Şahbaz bəy Berlinə gedə bilsə, onun burada işi bitəcək.
Seymur Həzi