Dünyanın ən böyük 4-cü neft yatağı kəşf edildi

neft-qaz-terminaliABŞ-da dünyanın ən böyük 4-üncü neft yatağı kəşf edilib.

“Marja”nın məlumatına görə, ABŞ-ın Daxili İşlər Nazirliyinə bağlı Geoloji Araşdırma (U.S. Geological Survey) departamentindən bildiriblər ki, ölkənin Texas ştatının qərbində Permian Hövzəsində yerləşən “Wolfcamp” adlı yataqda təxminən 20 milyard barrel xam neft olduğu təxmin edilir.

Beləliklə, Səudiyyə Ərəbistanında 75 milyard barel ehtiyatı qalan “Ghawar” yatağı, Küveytdə 65-70 milyard barel ehtiyatı olan “Burgan” yatağı və yenə Səudiyyə Ərəbistanında 50 milyard barel ehtiyatı olan “Safaniya” yatağından sonra, “Wolfcamp” yatağındakı kəşf, ehtiyatına görə, dünyanın ən böyük 4-üncü neft yatağı oldu.

Həmçinin açıqlamada, “Wolfcamp” yatağının ABŞ-ın ən böyük xam neft sahəsi olduğuna diqqət çəkilib, Wolfcamp yatağında təxminən 450 milyard kubmetr qaz olduğunun təxmin edildiyi bildirilib.

Mütəxəssislər, Wolfcamp yatağındakı neftin dəyərinin bugünkü qiymətlərlə təxminən 1 trilyon dollara yaxın olduğunu bildirirlər.

Enerji nəhəngi “British Petroleum”un (BP) iyunda nəşr olunan “Dünya Enerji Statistik Mənzərəsi” adlı hesabatına görə, 2015-ci ilin sonu etibarilə, ABŞ, ümumilikdə 55 milyard barrellə dünyanın ən çox xam neft ehtiyatına malik olan 9-uncu ölkəsidir.

Hesabata görə, 301 milyard barellik ehtiyatla Venesuela birinci, 267 milyard barellik ehtiyatla Səudiyyə Ərəbistanı ikinci, 172 milyard barellik ehtiyatla Kanada üçüncü yerdədir. Bu ölkələrin ardınca İran, İraq, Rusiya, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri gəlir.