Öz vətənimizdə sürgün acıları ilə bərabər…

saadet-cahangir-koseSəadət Cahangir

Bu gün dostlarımdan birinin FB səhifəsində rast gəldim: Axıska türklərinin dədə-baba torpaqlarından sürgün edilməsinin 72-ci ildönümü imiş. Faciəli tarixdir, zorakılığı, qəddarlığı, ölümü, sürgünü görənlər yaxşı bilir. Nəsil-nəsil yaşadığın, dərinlərə işlədiyin, çiçəklədiyin, bar verdiyin torpaqlardan kökünü qazarlar bir gün. Sürüyüb yad, kimsəsiz, susuz,  bürkülü səhralara atarlar. Nəfəs yandıran qumsallarda çırpına-çırpına qalarsan, bir udum su üçün torpağı cırmaqlarsan, amma olmaz.  Alışmadığın səhraların atəşində susuzluqdan tüstün ərşə qalxar, için yanar, sərt tikanlar əllərini, ayaqlarını dağıdar. Türk tarixi belə  sürgünlərlə doludur. Bu zülmü yaxın tarixdə biz özümüz də dönə-dönə yaşamışıq. Amma Axıska  türklərinin taleyində bir başqa acı var. 72 ildir bu xalq Stalin repressiyasının alıb səpələdiyi torpaqlarda əsir kimi dolaşıb durur. Təkcə Azərbaycandakı sayları 43.454 nəfərdir rəsmi rəqəmlərə görə. Lakin sürgün coğrafiyaları Qırğızıstan, Qazaxıstan, Rusiya, Türkiyə sərhədlərinə qədər uzanıb gedir…

Keçən il bizə Saatlıdan davamlı olaraq yazan gənc bir axıskalı vardı. Rayonun problemlərindən, işsizlikdən, təsərrüfat qurmaq planlarına yaradılan əngəllərdən, dövlət idarələrinə hər müraciətində verilən yalan vədlərdən  boğaza yığıldığını yazırdı. Həmin gənc bir ara yoxa çıxdı. Aylarla heç bir səs-sorağı gəlmədi. Axıska türkü kimi yaddaşımda xüsusi qaldığına görə, “bu gəncə bir şey olmadı görəsən” deyə narahatlıq da keçirdim arada. Noyabrın əvvəllərində “qaçaq” gəncdən xəbər çıxdı, nəhayət. Bu dəfə başqa bir ünvandan – Türkiyədən. Demə, bu gənc oğlan burda qapı-qapı dolaşıb problemlərinə çarə axtarmaqdan, rəsmi orqanların “get-gəl” süründürməçiliyindən, işsizlikdən və ehtiyacdan bezib gedib Türkiyədə yaşayan qohumlarının yanına. Adam sənaye şəhərlərindən birində yerləşib, iş tapıb, yaxşı maaş alır və artıq yaxın gələcəkdə öz biznesini qurmaq haqqında düşünür. Yaşadığı  şəhərdə sahibkarlıq üçün hər cür imkan yaradıldığını, şərtlərin də Azərbaycanla müqayisə edilməz dərəcədə əlverişli olduğunu yazır gənc axıskalı. “Maaşlar yaşamaq üçün tam normal, ev kirayəsi ucuz, bizdən baha olan tək şey benzindir. Azərbaycanı vətənim kimi çox sevirəm, amma gəlsinlər görsünlər neft ölkəsi olmayan Türkiyə bir sənaye şəhərində nələr yaradıb…” Bu məktuba xeyli sevindim, ancaq dərin bir təəssüf  hissinin ağrısı də içimə düşüb qaldı. Onca imkanlar, resurslar, milyardlar… Nədən bu hala düşdük? Nədən ölkə başına ağıllı adamlar keçib xalqa gün ağlamadı? Biz bu taleyi haqq etməmişdik axı. Gerçəkdən etməmişdik…

Sürgün… O, təkcə Stalin repressiyaları zamanında yaşananlar deyil ki. Sürgün ağrısı həm də bizim bu ölkədə yaşadıqlarımızdır. Bu qədər imkanların içində ehtiyacdan ailənin üzünə baxa bilməməkdir sürgün əzabı. Təzə məktəb çantası və ya geyimi ala bilmədiyinə görə, özünü asan övladının dağını sinəsində gəzdirməkdir. Milyardları havaya sovrulan, şəxsi hesablara axan bir məmləkətdə universitet diplomu ilə qul bazarlarına çıxıb qəpik-quruş imkanı gözləməkdir. Sürgün əzabı bu gözəl vətəni cəhənnəmə çevirənlərin zorakılığı altında ölən xəyalların acısını çəkməkdir. Sürgün zorbalıq güc gəlincə, qəlbini bu torpaqlarda buraxıb göz yaşları içində uzaq diyarlara üz tutmaqdır. Bu gün Axıska türklərinin sürgünündən 72 il keçir. Acınız acımızdır, qardaşlar, öz vətənimizdə yaşadığımız sürgün acıları ilə bərabər…