Seçilmiş prezident Donald Tramp azlıqları “Ağların hakimiyyəti” ilə qorxutmaq istəyənlərdən belə bir təbliğatı dayandırmağı tələb edib.
Trampın bəzi dəstəkçiləri onun müsəlman və meksikalılara qarşı seçki qabağı sərt ritorikasından ruhlanıblar. O deyib ki, azlıqların təmsilçilərinə olan hücumlardan onun xəbəri yoxdur. Onun sözlərinə görə, “bu haqda eşitmək ona xoş deyil” və zorakılığa çağırış edənləri dayanmağı tələb edir.
Trampa qarşı aksiyalara gəlincə isə o bildirib ki, etirazçılar onu yaxşı tanımır. O, etirazçılardan ondan qorxmamağı istəyib və yeni seçilmiş prezidentə bir az vaxt vermək lazım olduğunu bildirib.
O, özünü “çılğın yox”, “olduqca ölçülü və ayıq” insan kimi xarakterizə edib və deyib ki, etməli olduğu işi görməkdən çəkinmir.
Tramp Klintonu “çox güclü və ağıllı” adlandırıb. Seçki qabağı Klintonu həbslə hədələməyi ilə bağlı deyib ki, o, Klinton ailəsinə ziyan vurmaq istəmir.
O deyib ki, respublikaçı rəhbərliklə ilk olaraq səhiyyə, immiqrasiya və vergi mövzularını müzakirə edib.
Tramp İslam Dövlətini necə məhv edəcəyinə münasibət bildirməyib. Baxmayaraq ki, qeyd edib ki, generallar öz işinin öhdəsindən gələ bilmir.