Tramp iki əsas vəzifəyə təyinat verdi

trampABŞ prezidenti seçilən Donald Tramp onun gələcək komandasında əsas vəzifələrə Respublikaçılar Partiyasının və mühafizəkar medianın rəhbərlərini təyin edib.

Respublikaçı Milli Komitəsinin sədri olan Reince Priebus Trampın işçi heyətinin rəhbəri olacaq. Bu vəzifədə o, Ağ Ev üçün yeni üslub yaradacaq, hökumət və Konqresə çıxış üçün vasitəçi kimi fəaliyyət göstərəcək.

Mühafizəkar “Breitbart News Network”dan olan Stephen Bannon isə Trampın əsas strategiyaçısı kimi fəaliyyət göstərəcək.

“Mən ölkəni idarə etmədə uğurlu komandamla birgə olmaqdan məmnunluq duyuram. Steve və Reince bizim kampaniyada birgə uğurla işləyib, bizi qələbəyə aparan peşəkar insanlardır. İndi isə mən Ağ Evdə yenidən onlarla birgə olacam ki, Amerikanı yenidən qüdrətli edək”, – deyə təyinatlarla bağlı Trampın yaydığı bəyanatda deyilir.

44 yaşlı Priebus seçki kampaniya müddətində Respublikaçılarla Tramp arasında körpü rolunu oynayırdı. O deyib ki, Ağ Evdə Trampa işçi heyətinin rəhbəri kimi qatılması onun üçün fəxrdir.

Keçmiş dəniz zabiti, investor bankir və Hollywood produseri olan 62 yaşlı Bannonun rəhbəri olduğu “Breitbart” ABŞ-da ən çox oxunan mühafizəkar xəbər saytıdır.

“Mənə administrasiyada cənab Reince ilə birgə işləmək şansı verdiyinə görə cənab prezidentə təşəkkürümü bildiriəm. Biz kampaniya müddətində bizi qələbəyə aparan uğurlu əməkdaşlıq ortaya qoyduq. Bu cür əməkdaşlığı yenə də davam etdirəcəyik ki, seçilmiş prezident öz gündəliyindəki məsələlərə nail olsun”- deyə Bannon özi ilə bağlı təyinata münasibət bildirib.