Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin yazdığı “MSŞT ilə bağlı nə baş verir?” adlı yazı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yazıda hakimiyyətin MSŞT çərçivəsində apardığı imitasiya siyasəti ilə yanaşı bu siyasətə açıq və ya gizli dəstək verən, özünü müstəqil vətəndaş cəmiyyətinin təmsilçiləri hesab edən bəzi şəxslər və onları dəstəkləyən “müxalif” adına iddia edən təşkilatlar da tənqid olunur.
Yazıda diqqət çəkən məqamlardan biri odur ki, MSŞT Koalisiyasında müstəqil vətəndaş cəmiyyəti fəallarına qarşı mövqe sərgiləyən Koalisiya üzvlərini hakimiyyət qrant layihələri və vəzifələrlə mükafatlandırır. Yazıdan sitat;
“… Hazırda Koalisiya Şurasında prinsipial vətəndaş cəmiyyəti mövqeyi nümayiş etdirən şəxslərə qarşı mübarizə aparanları hakimiyyət unutmur. Onları vaxtaşırı olaraq qrant layihələri, vəzifə və imtiyazlarla mükafatlandırır. Mükafatlandırılanların birini, Əsasnamə tələbini pozaraq bir neçə ay öncə mənim Koalisiyadan xaric olunmağıma dair saxta rəy verən Monitorinq Qrupunun üzvünü bu yaxınlarda 21 saylı Nəsimi Dairə Seçki Komissiyasına sədr təyin ediblər (https://www.infocenter.gov.az/archive/terkib.aspx?dsk=21&i=true). Şəffaflıq Koalisiyasında hakimiyyətdən “şəffaflıq dərsi” alanlar 26 sentyabr Referendumunda seçicilərin 70%- dən çoxunu seçkilərə “gətirib” Konstutusiyaya dəyişiklilərin hammısına 80- 90% “hə” cavabı “alıblar”. Çox maraqlıdır ki, Monitorinq Qrupunun saxta rəy məsələsində də yenə müəyyən “müxalif” siyasi dairələrə yaxın olan şəxslər, “ziyalılar”, QHT rəhbərləri bizim deyil, hakimiyyət təmsilçilərinin, DSK sədrlərinin mövqeyini müdafiə etdilər. Təbii ki, qrant layihələri və xüsusi imtiyazlar qarşılığında… Sonra da gedib təmsil olunduqları təşkilatların, partiyaların ali hüzurunda əyləşib demokratiyadan, insan haqlarından, azad seçkidən, haqq- ədalətdən, Məmməd Əmin Rəsulzadədən danışdılar. “Ziyalılar” isə həmin şəxslərlə birlikdə Azərbaycanın gələcəyi ilə bağlı STRATEJİ DÜŞÜNCƏlərini bölüşüb millətə atalıq, analıq qayğısından bəlağətli nitqlər söylədilər”.
Apardığımız araşdırmadan məlum oldu ki, 21 saylı Nəsimi Dairə Seçki Komissiyasına sədr təyin olunan şəxs Koalisiyanın Monitorinq Qrupunun sədri Çingiz Dadaşovdur. O, bəzi digər Monitorinq Qrupu üzvləri ilə bir yerdə bu ilin iyun ayında Koalisiya Şurasının üzvü Oqtay Gülalıyevə xəbərdarlıq edilməsi, onun üzrxahlıq etməsi və Koalisiyadan xaric olunması ilə bağlı qurumun Əsasnamə tələblərinə zidd Rəyə imza atıb. Maraqlıdır ki, onunla birlikdə bu rəyə müxalif partiyalardan birinin məclis üzvü də imza atıb. Sonuncu bu addımına görə QHT- lərə Dövlət Dəstək Şurasından qrant layihəsi ilə mükafatlandırılıb.
- S. Mövzunu diqqətdə saxlamağa çalışacayıq.