Ayıb olsun sizə…

Yaxud Çovdar kəndinin somalili sakinləri
“Azadlıq” radiosunun dəyərli əməkdaşlarının növbəti araşdırması gündəmi zəbt etdi. “Əliyevlər ölkənin qızıl mədənlərinə necə yiyələnib?” başlıqlı araşdırmada diqqəti daha çox çəkən qızıl üstə yaşayan sakinlərdir. Bəri başdan araşdırmanı hər kəsin oxumasını məsləhət bilərdik. Keçək sakinlərə.
Yazıya əlavə edilmiş videoda bu yerin sakinləri kamera qarşısına gəlir. Onlara diqqətlə baxın. Hər biri prezidentdən, onun xanımından ən adi insani yaşayış üçün zəruri olanları xahiş edirlər. Tələb etmirlər, hətta bu adamların kameraya dediklərində bir qədər yaltaqlanmaq elementləri də var. Xoş sözlər deyir, sevgilərini bildirir, həm də öz aləmlərində guya bir qədər də siyasət işlədirlər. Onlar qızıl üstündə yaşayırlar. Illər, bəlkə də əsrlərdir. Bu gün “hansısa” xarici şirkət – sakinlər onlara “ingilislər” də deyirlər – bu kəndin ətrafındakı qızıl yataqlarına sahiblənib və adamlar bundan faydalanmaq yerinə min bir əzab-əziyyətə tuş gəliblər. Onların yolunu dəyişiblər, suyunu kəsiblər, otlaqlarını – örüşü, torpaqlarını əllərindən alıblar. Bu sadəlövh adamlar da Azərbaycanın dövlət başçısının bütün bunlardan – onun təbəələrinin başına gətirilənlərdən xəbərsiz olduğunu düşünürlər.
Jurnalist araşdırması isə “qızıl axtaranlar”ın elə prezidentin ailəsi olduğunu ortaya çıxarıb. Bu araşdırma çoxlarına o qədər də təəccüblü görünməyə bilər: hamı bu ailənin bütün ölkənin var-yatırına sahiblənməkdə davam etdiyinin fərqindədir. Burda təəccüblüsü insanlardır. Ən adi yaşayış şəraiti olmayan insanlar. Onların evləri uçuq-sökük daxmalardan ibarətdir. Kim bilir, bəlkə günün birində bu evləri bütünlüklə yerlə-yeksan edəcəklər və Ilham Əliyev də Lider-ə çıxıb deyəcək ki, onların evlərinin sığortası yoxdur, bunlar özbaşına tikilidir, lazımi materialdan tikilməyib… və s.
O videoya təkrar-təkrar baxın. O üzlərdə nə qədər əzab olduğunu görəcəksiniz. Onların geyindiyi paltarı bəlkə heç Afrika cəngəlliklərində də geyinmirlər. Onların əksəriyyətinin ağzında bir-iki dişi var. Onlar həyatın dibində olan adamlardı. Əslində orda həyat yoxdur. Evlərindən, adamların sir-sifətindən bunu aydın görmək olur. Bu adamlar sanki heç uşaq, gənc olmayıblar, elə anadan qoca doğulublar. Ayaqlarında corabları cırıq, ayaqqabıları köhnə, amma “çar baba”ya ümidləri sonsuz. Onlar inanırlar ki, dövlət başçısı xəbər tutan kimi problemi yoluna qoyacaq, bu kəndin sakinlərini bəladan qurtaracaq. Bu adamların mal tövləsindən fərqlənməyən evlərində Heydər və Ilham Əliyevlərin şəkilləri asılıb. Bu, bugünkü Azərbaycandır. Gerçək Azərbaycan. Bu Azərbaycanın banisi, ölkənin hər yerinə yapışdırılmış plakatlarda yazıldığı kimi, Heydər Əliyevdir…
Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin rəhbəriÿValeh Ələsgərovun jurnalistin Çovdar yataqlarını istismar edən şirkətlərlə bağlı sualına “Ayıb olsun sizə”, ardınca da “xvatit, vsyo” cavabı isə tarixə yazılasıdır. Həm də gələcək nəsillərin oxuması üçün…
Ayıb görəsən kimə olmalıdır; xalqın malını, ölkənin sərvətlərini gizli-aşkar talayanlara, yoxsa bunların üstünü açan araşdırmaçı jurnalistlərə?!.