Əliyevin müşavirədə dedikləri əks nəticə verdi
Azərbaycanda heç nə təsadüfün, özfəaliyyətin nəticəsi kimi ortaya çıxmır. Hər pis əməlin arxasından ölkədəki eybəcər idarəçilik, korupsiya, qanunsuzluq boylanır. Hər dəfə məlum olur ki, bütün pisliklərə nəfəs verən, neqativləri zirvəyə çıxaran hökumət özüdür.
Əvvəllər hökumət görüntü xarakterli addımlar atsa da son dövrlər bu imitasiyadan da əl çəkiblər. Məsələn, əvvəllər müşavirələrdə süni qiymət artıranları hədələyərdilər, harın məmurlara barmaq silkələyərdilər və cəmiyyəti inandırmağa çalışardılar ki, hökumət tədbir görür. Ymurutanın qiymətiylə bağlı müşavirə keçirilmişdi, dərmanların qiymətinə görə ölkə başçısı geniş nitq söyləmişdi, AZAL-da biletlərin baha olduğuna irad tutulmuşdu və.s
Yəni, hər dəfə cəmiyyətdə müəyyən narazılıq yarananda ölkə başçısı dilə gəlirdi və bütün bu xoşagəlməz hallara görə natəmiz adamları günahlandırırdı. Amma uzun illər ötsə də nə harın məmurların cəzalanmasının, nə süni qiymət artıranların məsuliyyətə cəlb olunmasını eşitmədik.
Amma son vaxtlar bu hədələr də yoxa çıxıb. Hər ay, hər həftə qiymətlər artır və hökumətdən səs çıxmır. Artıq qiymət artımları normaya çevrilib. Çünki, hökumət qiymətlərin artması üçün əlindən gələni əsirgəmir. Məsələn, 1 yumurtaya görə 16 qəpik rüsum müəyyən etmək, yumurtanın qiymətinin qalxmasını zərurətə çevirməkdi.
Qiymət artıranları hədələyə-hədələyə, qiymət artımını adi hala çevirdilər. İndi qiymət artımına görə heç kimə irad tutulmur. Əksinə, yeni qiymət artımlarının anonsu verilir, vəziyyətin daha da pis olacağı bildirilir.
Nəticə bundan ibartətdir ki, qiymət artımına şərait yaradan hökumət özüdür. Müşavirələrdə səslənən fikirlər isə sadə vətəndaşı arxayınlaşdırmaqdı. Manat hər gün dəyər itirir və bütün məhsulların qiyməti hər gün qalxır.
İndi ölkə başçısından soruşmaq lazımdır ki, natəmiz adamlara qarşı mübarizənin nəticəsi necə oldu? Niyə süni qiymət artıranlara gücü çatmadı?
Belə çıxır ki, günahkarlar hökumət komandasıdır və bunu etiraf edirlər. Həm etiraf edirlər ki, ölkə başçısının müşavirədə söylədiklərinin heç bir əsası yoxdur. Sadəcə əzbərlənmiş sözlərdi və hər dəfə təkrar etmək ehtiyacı duyur.
Xülasə, bu ölkədə xalqın söykənəcəyi hakimiyyət yoxdur və ölkəni bu komanda ilə böhrandan çıxarmaq mümkün deyil. Bu ölkədə problemləri yalnız xalq həll edə bilər. Unutmayaq ki, qarşıda beynəlxalq tədbirlər var və hökumətr bu tədbirləri yola vermək üçün yenidən xalqın canına darışacaq. Axırda da müşavirə keçirib, günahkarları hədələyəcəklər.
Akif