Əsgər forması həqiqəti dəyişirmi?..

Cabbar Savalanlını küçədən oğurlayıb əsgər apardılar. Hər kəs bilir ki, o, hökumətin müharibə elan etdiyi düşmən cəbhədə xüsusi hədəf alınan şəxslərdən biridir. Əlbəttə, yenidən cəzalandırılması da təsadüfi deyil. Bəli, buna məhz cəzalandırmaq deyərlər. Fərqli düşüncə daşıdığı üçün 19 yaşında məhbəsə atılıb, 20 yaşında azad olunan bir gənci təhsilindən qoparıb hərbi xidmətə yollamağın bundan başqa nə adı ola bilər ki? Axı Cabbar əsgər forması geyib canından çox sevdiyi vətən torpaqlarını qorumağı özünə şərəf borcu sayanlardandır. Bu şərəfli borcu bir cəza vasitəsinə çevirmək, dilini kəsməyənləri, zülmə boyun əyməyənləri bir sürgün yeri kimi ora göndərmək yalnız belə hökumətin düşüncə məhsulu ola bilər.
Cabbarın bir qulağında ciddi problem var, daha doğrusu, uşaqlıqda aldığı travma üzündən sol qulaq eşitmə funksiyasını tam itirib. Sadəcə, “əsgərliyə yararsız” damğasını üstünə götürməmək üçün özü hər zaman bunu gizlədib. Amma söylədiyim faktla bağlı respublikanın ən mötəbər tibb müəssisəsinin rəyi var. Hətta aldığım xəbərlərə görə, hərbi komissarlıq yuxarıdan gələn bu sifarişi yerinə yetirmək üçün xeyli tərəddüd göstərib. Təbii, onların humanistliyinə inanacaq halım yox, amma bəzən Allahsızlığın misli şeytana uymuşları də çaşdıra bilər.
Cabbarın təhsili yarımçıq qaldı. Onun xarici ölkələrin birində oxumaq üçün də şansı vardı. Amma o elə biridir ki, ayrılmaz hesab etdiyi “cəbhəni” buraxıb getmək istəmədi. Elə onun ən böyük “günahı” da cəbhəçiliyi, yəni təmsil etdiyi ən qətiyyətli siyasi partiyanın təəssübünü heç kəsə verməməsidir. Özü də haqqın, həqiqətin yanında olmaq istəyi ilə bu yolu seçib. Başına gələn bütün bəlalar da doğru və dürüst yolda olmasındandır…
Cabbarın anası qeyri-adi bir qadındır. Ziyalı bir ailədə böyüyüb, uzun illər qabaq həyat yoldaşını itirib. Iki balasını boya-başa çatdırınca kirpiyiylə od götürüb. Amma bəlkə də özü hiss etmədən, dediyi kimi, bala deyil, “bəla böyüdüb”. Şübhəsiz, bu ifadəni sözün ən gözəl mənasında işlədirəm. Belə bəlaya can qurban! Belə övlad tərbiyələndirən anaya nəinki qibtə etmək, əlindən öpməyə belə varam.
Onun inqilabçı oğlu ilə bağlı qorxusunu, yuxusuzluğunu, narahatlıqlarını gözəl anlayıram. Azərbaycan kimi bir ölkədə yaşayıb, övladının taleyi üçün necə əndişələnməyə bilərsən… Ana bu eşitmə qüsuru ilə belə, oğlunun əsgər getməsinə razıdır, amma anlamadığı bir şey var, bunu niyə bir qisas kimi oğurluq yoluyla edirlər ki…
Azərbaycan unikal ölkədir, “öz qanunları” olduğunu bilirik. Amma heç olmasa, hərbin qanunlarını bu işlərə bulaşdırmasınlar. Torpaqlarımızın 20%-dən çoxunun işğal edildiyini nəzərə alsaq, ölkədə həqiqətən müharibə vəziyyəti olduğunu söyləməliyik. Vətən müharibəsi böyük səlahiyyət əldə etmiş bir qrupun mənəmlik davasına bənzəməz. Əsgəri xidməti bir vətəndaşlıq vəzifəsindən, bir qürur məsələsindən sapdırıb cəza üsuluna çevirmək ölkə üçün böyük təhlükədir. Çox da Cabbar öz eşitmə problemi ilə belə, vətən qarşısındakı borcunu verməyə razıdır. Çox da onun mərd anası övladının bu halında belə əsgəri xidmətə yollanmasına etiraz etmir. Amma hərb işini oyuncağa çevirmək olmaz axı, cənablar! Siz ciddi eşitmə qüsuru olan şəxsləri orduya yararlı hesab edərək, əsgər aparırsınız, deyilmi? O zaman mən də deyə bilərəm ki, siz Qarabağın uşaq “avtomatı” ilə alınacağına inanacaq qədər qeyri-peşəkarsınız.