FHN də Nəqliyyat Nazirliyinin aqibətini yaşaya bilər

fhnÖlkə başçısı İlham Əliyevin imzaladığı “Fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” fərman müxtəlif mülahizələrə səbəb olub.

Sənədin əsas mahiyyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) iki strukturunun birləşdirilməsindən ibarətdir. Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Dövlət Sularda Xilasetmə Xidməti ləğv edilib. Onların bazasında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb. Yeni xidmətin əsasnaməsi iki ay müddətində hazırlanmalıdır.

Bundan başqa, nazirliyin fəaliyyətinin optimallaşdırılması barədə təkliflər ölkə başçısına təqdim edilməlidir.

Bəzi ehtimallara görə, bu fərmanla FHN-də ciddi struktur dəyişiklikləri aparılacaq. Bu isə yaxın vaxtlarda nazirlikdə kütləvi ixtisarların olacağı deməkdir. Bəzi iddialara görə, bu, başlanğıcdır. Ölkə başçısının fərmanı ilə FHN hətta Nəqliyyat Nazirliyinin aqibətini yaşaya bilər. Məlumat üçün deyək ki, Nəqliyyat Nazirliyinin səlahiyyətlərini əhəmiyyətli hissəsi alınıb. Ziya Məmmədov hazırda faktiki olaraq portfelsiz nazir statusundadır.