Azərbaycanda hərbi vəziyyət zamanı mitinqlər, küçə yürüşləri, piketlər və s. qadağan edilir.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanunun 10-cu (Hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəlmiş tədbirlər) maddəsinə 1.14-cü bənd əlavə edilib.
Bəndə əsasən, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəlmiş tədbirlər sırasına “yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması” da daxil edilir.
Qeyd edək ki, yeni qanun layihəsinə görə, Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə, xarici dövlət və ya dövlətlər Azərbaycana müharibə elan etdikdə, ölkəyə qarşı real silahlı hücum təhlükəsi yarandıqda və Azərbaycan ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda hərbi vəziyyət elan edilir.
Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bununla bağlı Toplum.Tv-yə açıqlama verən hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, Bu qanunda nəzərdə tutulan tələblər Konstitusiyanın 50-ci maddəsinə ziddir: ”Sözügedən sahə üztə təklif olunan senzuranı Azərbaycanın bu günə qədər mənimsədiyi hüquq sistemindən imtinanın başlanğıcı kimi qiymətləndirirəm. Azərbaycan Konstitusiyasının 50-ci maddəsinin 2-ci hissəsində Azərbaycanda KİV-lərin fəaliyyəti üzərində senzuranın tətbiqinə qadağa olduğu qeyd olunub. Konstitusiyada qadağan olunan məsələnin hansısa qanunla qüvvəyə minməsi hüquqi cəhətdən mümkün deyil. Belə bir təklifin irəli sürülməsi 50-ci maddəyə açıqca ziddir”.
“KİV azadlığı təməl insan azadlıqlarındandır. Bu təməl azadlığın məhdudlaşdırılması, sadəcə, Konstitusiya çərçivəsində mümkündür. 2002-ci ildə İnsan hüquq və azadlıqlarının tənzimlənməsinə dair Konstitusiya qanunu qəbul olundu. Qanunda tələblərdən birində göstərilir ki, insan hüquq və azadlıqlarını qoruyan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Konstitusiyanın 71-ci maddəsində azad fəaliyyət göstərən medianın fəaliyyəti müharibə şəraitində qismən və müvəqqəti xarakterli məhdudlaşdırıla bilər. Əlavə olaraq Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. Konvensiyanın 10-cu maddəsində isə qeyd olunur ki, KİV-lərə gətiriləcək məhdudiyyətlər demokratik cəmiyyətdə zərurilik testindən keçirilməlidir”, – deyə ekspert vurğulayıb.