«Şuşanın işğalından 8 gün sonra necə deyə bilərdim ki, «Şuşa getsə, başıma güllə çaxacağam»
«Zəngilana aparılan texnikanın elektrik naqillərini kəsmişdilər»
Keçmiş müdafiə naziri Rəhim Qazıyev bugünlərdə videomüraciət yayaraq, Şuşanın işğalı ilə bağlı onun haqqında söylənilən ittihamların əsassız olduğunu bəyan etmiş, bu istiqamətdə istənilən acı suala cavab verəcəyini bildirmişdi. Rəhim Qazıyev deyirdi ki, illərdir onun açıqlamaq istədiyi mühüm faktları heç kim eşitmək istəmir. “Azadlıq” qəzeti keçmiş nazirə belə bir imkan yaradaraq, yaxın tariximizlə bağlı ondan iri həcmli müsahibə alıb:
Saxtakarlığın və sifarişin gücünə baxın…
– Məhkəmədə polkovnik Malevannıy, polkovnik Sultanov və kapitan Bayramovun imzasıyla 30 dekabr 1992-ci ildə verilə rəy araşdırıldı. Onların üçü də ayrı-ayrılıqda məhkəmədə ifadə verib. Sənəddə qeyd olunub ki, bu rəy Rəhim Qazıyev və Elçin Məmmədovun ifadələrinə, həmçinin Müdafiə Nazirliyinin Əməliyyat Idarəsinin qeydiyyat dəftərində yazılanlara əsaslanaraq verilib. Rəyə imza atmış adamlar məhkəməyə gələndə onlardan soruşdum ki, imzanızı təsdiqləyirsinizmi? Dedilər ki, bəli. Belə olan halda, onlara sual verdim ki, ekstrasens, falçı, öncəgörən deyilsiniz ki? Çünki bu rəyin altında göstərilən tarixdən 11 ay sonra mən ifadə verməyə başlamışam. Siz mənim ifadəmə necə əsaslana bilərdiniz? Saxtakarlığın və sifarişin gücünə bir baxın… Kimin ağlına nə gəlib, onu da yazıb. Bu cür saxta sənədlərə əsaslanaraq, insanlara ittiham verilir, güllələnmə hökmü çıxarılır, uzunmüddətli həbs cəzalarına məhkum edilir.
Mən məhkəmədə vəsatət qaldırdım ki, Müdafiə Nazirliyinə məktub göndərilsin və Əməliyyat Idarəsinin qeydiyyat dəftəri məhkəməyə gətirilsin. Əslində, o, ilk gündən cinayət işinin materialları arasında olmalıydı. Əməliyyat Idarəsinin rəisi Rüfət Əmirov da ifadəsində bildirmişdi ki, “mənim söylədiklərim həmin dəftərdəki qeydlərə əsaslanır”.
Hərbi texnikanın naqillərini kim kəsmişdi?
Burada bir haşiyə çıxım. O zaman mən Moskvaya getmişdim ki, Qraçovdan yalvar-yaxarla texnika alım. Bu, o dövr idi ki, Yaqub Məmmədovdan soruşmuşdular, “Rəhim Qazıyev hardadır?” Demişdi ki, “tapa bilmirəm, qaçıb”… Halbuki, mən həmin vaxt artıq üçüncü gün idi ki, Qraçovun kabinetində idim. Yalvar-yaxarla 20 texnikanın icazəsini aldım – 10 BMP, 10 tank. Elə mənim yanımdan Bakıda olan 4-cü ordunun komandanı Papova zəng eləyib, göstəriş verdi. Popov cavabında dedi ki, “verərəm, amma 3-4 gündən tez olmayacaq, çünki hamısı konservasiyadadır, heç birinin də akkumulyatoru yoxdur”. O vaxt akkumulyator çox qıt idi. Mən onun yanından rəhmətlik Vahid Musayevə zəng eləyib dedim ki, otağımda harada nə olduğunu bilirsən, ondan bir az götür, get, Papovun yanına. Sonra texnikləri də götür, təcili Prişibə (Cəlilabadın Göytəpə qəsəbəsi) gedin – orada motoatıcı polk var idi – konservasiyada olan texnikanın 20-ni bizə verəcəklər. Həmin texnikanı saz vəziyyətə salın. Əlavə elədim ki, mənim başqa bir əmrimi də Baş Qərargah rəisinə çatdırsın. Səfər Əbiyev Siyəzən yolundakı Beşmarbarmaq ərazisində reyd briqadasından 100 nəfəri də götürüb Prişibə getsin. Dedim ki, dəmir yol idarəsilə danışmışam, heyət verəcəklər, oradan birbaşa Zəngilana getsinlər. Bunlar gedirlər, 8-10 saatın içində texnikanı qaydasına salırlar, tanklar da, BMP-lər də problemsiz platformaya gəlib çıxır. Səfər Əbiyev orada onların üstündə, 100 nəfər əsgərimiz də 20 texnikanın üstündə gəlib Zəngilan stansiyasında düşəndə texnikanın 8-i işləmir. Hamısının elektrik naqilləri kəsilib. Kim kəsmişdi? Əbiyevə əmr verdim ki, qalan 12 texnikanı götür, birbaşa Laçına get. Heç Qubadlıya çatmamış, Səfər Əbiyev texnikanı da, əsgərləri də qoyub gedir. Buna görə də mən həmin dövrdə onu işdən azad elədim, barəsində cinayət işi başlandı.
Əliyev Elbrus Orucova general rütbəsi verdi
– Cinayət işinin aqibəti necə oldu?
– Səfər Əbiyevin sonrakı taleyi bəllidir… “Ümummilli lider” Heydər Əliyev bu adamların rütbələrini qaldırdı, onlara vəzifə verdi. Bu adamlar günü bu gün də yüksək vəzifələrdə çalışırlar. Elbrus Orucova da sonradan general rütbəsi verildi, özü də uzun müddət müdafiə nazirinin müavini oldu. Mən həbsxanadan çıxan kimi onu burada vəzifədən çıxarıb Gürcüstana hərbi attaşe göndərdilər.
Mövcud olmayan qeydiyyat dəftərinə necə istinad edilib?
– Bir qədər əvvəl Müdafiə Nazirliyinin Əməliyyat Idarəsinin qeydiyyat kitabı haqda danışırdınız, amma fikriniz yarımçıq qaldı. Nəyi demək istəyirdiniz?
– Dediyim kimi, ikinci məhkəmədə Əməliyyat Idarəsinin qeydiyyat dəftərinin araşdırılması barədə vəsatət qaldırdım. Vəsatət əsasında Apellyasiya Məhkəməsi nazirliyə məktub göndərdi. Həmin məktubla əlaqədar nazirlikdən Apellyasiya Məhkəməsinin o vaxtkı sədri Gülzar Rzayevanın adına göndərilən cavab məktubunda göstərilib ki, Əməliyyat Idarəsinin qeydiyyat dəftəri yoxdur və olmayıb. Bəs Əməliyyat Idarəsinin rəhbəri Rüfət Əmirov ifadəsində bildirirdi ki, “qeydiyyat dəftərində yazılanlara əsaslanaraq bunları deyirəm…” Yaxud cinayət işinin materiallarındakı rəydə göstərilib ki, guya, həmin rəy həm də Əməliyyat Idarəsinin qeydiyyat dəftərində göstərilənlərə əsasən verilib… Bu necə olur? Indi görürsünüzmü ki, necə saxtakarlıqlara yox verilib…
Elə söz deməmişəm!
– Sizi ittiham eləyənlərin əsas arqumentlərindən biri də budur ki, Rəhim Qazıyev deyirdi, “Şuşa getsə, başıma güllə çaxacağam…”
– Ilk növbədə qeyd edim ki, əldə bayraq edilən o fikir qətiyyən bu cür deyilməyib. 1992-ci il mayın 16-da Ali Sovetin qarşısındakı meydanda mitinq gedirdi. Yəni, Şuşanın işğalından 8 gün sonra… Əbülfəz Elçibəy mitinqdə çıxış edirdi. Mən əsəbi halda gəldim, çatan kimi, hətta kobud şəkildə Əbülfəz bəyin əlindən mikrofonu almaq istədim. Bir qədər sakitləşəndən sonra Əbülfəz bəy mikrofonu mənə verdi ki, “görək, Rəhim bəy nə deyir”. Mikrofonu alıb dedim ki, ay millət, bura niyə yığışmısınız? Nəyi bayram eləyirsiniz? Şuşa gedib, Laçın da gedir. Hazırda Bakıda cəbhədən çağırılmış 4 min əli silahlı adam var. Ali Sovetin binasını, telestudiyanı kimdən qoruyursunuz? Bu əli silahlılar cəbhə xəttində olmalıdırlar. Əgər bu döyüşçülər sabah cəbhə xəttinə, döyüş yerlərinə qayıtmasalar, mənim bir əlacım qalır – gəlib sizin qarşınızda başıma bir güllə vurub yıxılmaq. Bir daha qeyd edirəm ki, mən bu fikri səsləndirəndə artıq 8 gün idi ki, Şuşa işğal olunmuşdu. Mayın 8-də Şuşa gedibsə, mən 16 mayda necə deyə bilərdim ki, Şuşa getsə, başıma güllə çaxacağam?
“Günahım varsa, cəzamı çəkməyə hazıram”
– Son olaraq, Şuşanın işğalına görə sizi ittiham edənlərə nə demək istəyirsiniz?
– Müsahibə boyunca mən yalnız və yalnız konkret sənədlərə əsaslanaraq danışdım. Bütün bu dediklərimdən, ortaya qoyduğum sübutlardan, göstərdiyim faktlardan sonra mən yalnız onu əlavə edə bilərəm ki, müdafiə naziri olduğum 11 ay ərzində Dağlıq Qarabağın ümumi ərazisinin 52 faizi bizim qeyrətli, namuslu balalarımızın canı-qanı hesabına azad olunmuşdu. 164 il Azərbaycanı təpik altında əzən işğalçı rus sovet ordusu 4 ay ərzində ölkəmizi tərk etdi. Yeri gəlmişkən, belə fikirlər də səslənirdi ki, sovet ordusu Azərbaycanı tərk eləməsəydi, Qarabağ da getməyəcəkdi. Bunu deyənlər nəzərə alsınlar ki, bizdən 12 il sonra Gürcüstanı tərk elədilər, amma bu ölkənin Abxaziyası da getdi, Osetiyası da. Ona görə də belə çiy fikirləri səsləndirənlər danışmamışdan əvvəl bir düşünsünlər.
Onu da əlavə etmək istəyirəm ki, bir qədər əvvəl dediyim kimi, insanların canı-qanı hesabına azad etdiyimiz Dağlıq Qarabağın 52 faizlik ərazisi, üstəlik, Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı sonradan “müdrik rəhbərin” uzaqgörən siyasəti nəticəsində getdi. Bütün bunlardan sonra hər yerdə heykəli ucalan Heydər Əliyevdir, döyülən-söyülən isə Rəhim Qazıyev…
Mən yenə müzakirələrə hazıram, qoy, Elbrus Orucov, Əzizağa Qənizadə, Elçin Məmmədov da gəlsin, hərə öz arqumentini ortaya qoysun, insanlar da bilsinlər ki, kim haqlıdır. Mənim günahım varsa, onun cəzasını bundan sonra da çəkməyə hazıram.
Aytən Məmmədova,
Natiq Güləhmədoğlu
P.S. Rəhim Qazıyevin qəzetimizdə dərc olunan silsilə müsahibəsi geniş rezonans doğurub. Müsahibədə çox ciddi məqamlardan söhbət gedir və bir sıra ittihamlar yer alır. Redaksiya olaraq, bildiririk ki, müsahibədə adları çəkilənlərin hər birinə yer verməyə və bütün məqamlarla bağlı onların da fikirlərini dərc etməyə hazırıq.