Hakimiyyət müstəqil jurnalistikanı qəbul edə bilmir

Elçin Şıxlı: «Bir çox jurnalistlər sağ qalmaq üçün durmadan mübarizə aparmaqdan yorulublar»

«AXC zamanında bir hərəkətə görə parlament toplandı, DIN rəhbərinin əməlləri pisləndi, prezident üzrxahlıq etdi»

Mətbuat və söz azadlığı yalnız o halda mümkündür ki, ölkə rəhbərliyi informasiyanın, habelə onun daşıyıcılarının əsl qiymətini bilsin, deyə “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı obyektiv.tv-yə müsahibəsində bildirib.
Azərbaycanın bütün prezidentləri ilə işləmiş jurnalistin sözlərinə görə, hakimiyyət və mətbuat arasında bugünki münasibətlərin əsas nöqsanı təkcə nəşrlərə deyil, müstəqil jurnalistikanın mövcudluğuna da adekvat reaksiyanın olmamasıdır. Bu gün qəzet təsis etmək asandan asandır, amma məmurların və xüsusi xidmətlərin təzyiqi altına düşmək daha da asandır, Xədicə Ismayılova, Idrak Abbasov və digərlərinin başına gəldiyi kimi.
AXC zamanında daxili işlər naziri Isgəndər Həmidov xoşuna getməyən nəşrlərə görə “Zerkalo” qəzeti ilə “hesablaşırdı”. Bu məsələ ilə bağlı parlament toplandı, DIN rəhbərinin əməllərini pislədi, ölkə prezidenti üzrxahlıq etdi. Həmin vaxt hakimiyyət redaksiyaların işinə müdaxilə etmirdi, hərdən bir zəng edərək fikirlərini bildirirdilər, bu qədər.

Heydər Əliyevin dövründə prezidentin iştirakı ilə brifinqlər keçirilirdi, jurnalistlər aktual sualları verir, başqa şəraitdə səslənə bilməyəcək cavablar alırdılar.
Dövlət başçısı dəfələrlə redaktorlarla görüşüb, onların fikirləri ilə maraqlanıb, bizim “sexin” aktual problemlərini həll edirdi, bir sözlə, etiket qaydalarına uyğun oynayırdı.
Bu gün yerli jurnalistlər dövlət başçısının mövqeyini xarici agentliklərdən və telekanallardan öyrənirlər. Jurnalistikanın deyil, onun ayrı-ayrı nümayəndələrinin problemlərini həll etmək təcrübəsi qəbul olunub. Əvvəllər müstəqil hesab olunan bir çox həmkarlarımız bu gün loyal informasiya resurslarına sahibdirlər və susmalarının qarşılığını alırlar. Əvvəllər möhkəm mövqeyi olan 150 nəfər var idisə, bu gün onların sayı 10-dan çox deyil.
Bir çox jurnalistlər sağ qalmaq üçün durmadan mübarizə aparmaqdan yorulublar və kommersiya qurumlarına keçiblər. Lakin həyatın, o cümlədən siyasi və hökumət həyatının hərəkətverici qüvvəsi məhz ictimai rəydir. Məsələn, Qərbi Avropa hökumətləri dünya maliyyə böhranı fonunda repressiyalardan qaçmaq üçün qeyri-populyar addımlar atmaq məcburiyyətindədirlər, lakin təkrar seçilmək naminə sosial əhval-ruhiyyəni nəzərə alırlar. Azərbaycan jurnalistlərin fəaliyyəti üçün mövcud şəraitə görə Asiyanın bir çox ölkələrindən irəlidədir, hələ Afrikanı demirəm. Amma, bu sevinmək üçün səbəb ola bilərmi? Biz Avropanın beynəlxalq təşkilatlarının tamhüquqlu üzvüyük və insanların birgə yaşaması qaydalarının unifikasiyası üzrə öhdəliyimiz var. “Yaxşı” qanunlar qəbul edərək özümüzü aldada bilmərik. Bu qanunların həyata keçirilməsini təqlid etmək deyil, onları ciddi şəkildə icra etmək lazımdır, deyə Şıxlı qeyd edib.