“Baş prokuror saxta rəy əsasında cinayət işi qaldırıb”

   

Vidadi İsgəndərli: “Azərbaycanda seçkini mütəşəkkil cinayətkar dəstə saxtalaşdırır”

Parlament seçkisindən sonra noyabrın 10-da Baş Prokurorluğun “Demokratiyanın Inkişafına Kömək” ictimai birliyinin sədri, hüquq müdafiəçisi Vidadi Isgəndərliyə qarşı qaldırdığı cinayət işi ilə əlaqədar şikayətçi tərəflərin ifadələri alınsa da, ondan heç izahat belə tələb edilməmişdi. Bununla bağlı dəfələrlə mətbuatda çıxış edən hüquq müdafiəçisi cinayət işi qaldırılandan 50 gün sonra nəhayət, istəyinə çata bildi. Dekabrın 28-də 3 saat, dekabrın 29-da 7 saat sərbəst ifadə verib.

300-dən artıq saxta bülleten…

Hüquq müdafiəçisi cinayət işini birbaşa baş prokuror Zakir Qaralovun qaldırdığını iddia edir: “Əgər belə olmasaydı şikayətçi tərəflərlə yanaşı mənim də ifadəm alınar, ondan sonra cinayət işi qaldırılardı. Məndən başqa digər dörd namizədin belə ifadələri alınmayıb. Halbuki bütün proseslər dörd namizəd və 20-yə yaxın müşahidəçinin gözü qarşısında olub. Amma dekabrın 28-də baş prokurorluğun ağır cinayətlərə dair mühüm işlər üzrə baş müstəntiqi Pərviz Ibayevə sərbəst ifadə verdim. Törədilmiş cinayət faktları barədə müstəntiqə məlumat verdim. Beş məntəqədən əldə etdiyim üç yüzdən artıq bülleten, şəxsiyyət vəsiqəsini əvəz edən sənədlər və başqa çoxsaylı sənədlər barədə fikirlərimi çatdırdım. Bundan əlavə saxtakarlığı sübut edən video faktlar barədə təkrar-təkrar çıxış etdim. Mənə orada məlum oldu ki, 8 saylı orta məktəbin direktoru və eyni adlı məntəqənin sədri Sədaqət Umudovanın şikayətinə əsasən cinayət işi qaldırılıb. Guya mən seçki günü daşınan qutunun içərisindən 8 dəst qızıl-brilyant oğurlamışam. Başqa bir şikayətdə qeyd edilib ki, hansısa bir məntəqədə seçkinin gedişinə mane olmuşam. 15, 16 və 17 saylı məntəqələrdə qışqır-bağır salaraq guya seçicilərə mane olmuşam. Halbuki mən sadaladığım bu məntəqələrdə 300-dən artıq saxta bülletenlərin Şəmsəddin Hacıyevin xeyrinə atıldığını lentə almışam. Digər şikayətdə isə qeyd edilib ki, Araz Ələkbərov adlı şəxsə xəsarət yetirmişəm. Halbuki mən belə şəxsi tanımıram”.

Hər şey ITV-dən başladı

V.Isgəndərli deyir ki, ona qarşı qaldırılmış cinayət işində qeyd edilənlərin hamısı böhtan xarakterli və qərəzlidir: “Yalnız seçki günü 300-ə yaxın saxta bülletenləri tapıb götürmüşəm. Sərbəst ifadəmdə də qeyd etmişəm ki, cinayətkar dəstəni ifşa etmək üçün bu addımı atmışam. Iqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin xeyrinə saxtakarlıq edən mütəşəkkil dəstədə YAP-ın, eləcə də müstəqil müşahidəçi kimi qatılan, əslində rektorun kadrları, Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, prokurorluq və hüquq mühafizə orqanlarının bir qrup işçisi olub. Bütün bunları sərbəst ifadəmdə söyləmişəm”. 
Müsahibimiz bildirir ki, 10 saatlıq sərbəst ifadəsi zamanı cinayəti özü deyil, Mənsur Məmmədov və onun əlaltılarının Şəmsəddin Hacıyevin xeyrinə törətdiyini sübut edib. V.Isgəndərli deyir ki, ona qarşı ifadə vermiş sıravi şəxslərin hamısı sonradan peşman olduqlarını bildiriblər: “Əksəriyyəti qadınlar olan şikayətçilərin həyat yoldaşları məndən üzrxahlıq diləyir, DSK-ya müraciət edirlər ki, mənim heç bir günahım yoxdur”.
Hüquq müdafiəçisi qaldırılmış cinayət işini qərəzli sayır: “Çünki noyabrın 5-də ITV-də etdiyim çıxışda baş prokuror Zakir Qaralovu rüşvət və korrupsiyada ittiham etmişəm. Məhz buna görə şəxsən baş prokuror öz imzasıyla mənə qarşı cinayət işinin qaldırılmasına əmr verib. Guya mən 20 nəfərin gözü qarşısında Araz Ələkbərovu döymüşəm. Halbuki 20 nəfərin hamısı ifadəsində qeyd edib ki, mənim belə adamla, ümumiyyətlə, mübahisəm olmayıb. Baş prokuror saxta rəy əsasında cinayət işi qaldırıb”.

Niyə biabır oluruq?

“Mən seçki saxtakarlığı faktını sübutlarla aidiyyəti orqanlara göndərirəm. Onlar şikayətimə baxmaq əvəzinə, mənə qarşı qaldırılmış cinayət işinə istinad edirlər. Məsələni qarşılıqlı anlaşmayla həll etmək istəyirlər. Əgər günahım varsa, həbs edilməyə etiraz etmirəm. Şəmsəddin Hacıyevə, Mənsur Məmmədova və Ziya Məmmədova da cinayət işi qaldırılsın. Çünki bu şəxslər dövlətə qarşı saxtakarlıq ediblər”.

Ramin DEKO