Korrupsiyadan yazanlar niyə həbs olunur?
Azərbaycanda ən ciddi məsələlərlə bağlı verilən qərarlar qeyri-ciddi təəssürat yaradır. Məsələn, korrupsiya böyük bəladır və bu bəlaya qarşı mübarizə ciddi məsələdir. Amma Azərbaycanda korrupsiyaya qarşı mübarizəni heç kim ciddi qəbul edə bilmir. Çünki, ölkədə ən yüksək vəzifə tutan adamlar, korrupsiyanı lənətləyənlər milyardlara sahib olublar. Bu isə birbaşa korrupsiyanın göstəricisidir. Əmək haqqı ilə saysız-hesabsız şirkətlər, villalar, ticarət mərkəzləri əldə etmək olmaz. İndi də “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna yeni maddə əlavə ediblər. Bu maddəyə görə Azərbaycanda korrupsiya halları barəsində müvafiq qurumlara məlumat verən şəxslər dövlət tərəfindən qorunacaq.
Məsələ burasındadır ki, Azərbaycanda korrupsiya haqqında xəbər şəxslər qondarma ittihamlarla həbs olunublar.Korrupsiya hallarını araşdıran jurnalsitlər, korrupsiyanın ünvanını göstərən ictimai-siyasi xadimlər, korrupsiya faktlarını ictimailəşdirən fəallar ən ağır cəzalara məhkum edilir. Bu gün ölkədə 100-dən artıq siyasi məhbus var. Əgər dərindən analiz etsək bu adamalr korrupsiyaya etiraz etdiklərinə görə, korrupsionerləri hədəf göstərdikləri üşün həbs olunublar.
Bəli, bir məmurun vəzifə səlahiyyətini aşması da, ləyaqətsiz adamların vəzifələrə çəkilməsi də korrupsiyadır. Azərbaycanda korrupsiyanın bütün növləri qol-budaq atıb. Bu gün həbsdə olan adamalr korrupsiya haqqında məlumatları açıq şəkildə icitmailəşdirirlər və bundan da çəkinmirlər. Bu adamların dövlətin qorumasına yox, hökumətdən qorunmağa ehtiyacları var. Yəni, bu gün Azərbaycanda korrupsiyanı ifşa edən adamlar hökumətin qəzəbinə gəlirlər. Digər tərəfdən bu gün Azərbaycanda prinsipial məhkəmə prosesləri gedir və bu proseslərdə milyardlıq korrupsiya faktları aşkar olunur. Amma günahkarla hələ də azadlıqdadır, cianyətdə adı çəkilənlər yüksək vəzifə sahibləridir.
Ölkədə korrupsiyadan yazan, bütün neqativləri açıq şəkildə göstərən yeganə müstəqil qəzet 2 aydır ki, fəaliyyətini dayandırıb. Hökumət mətbuatı isə bu qəzetlə bağlı ən iyrənc kampaniyalara imza atır. Demək istəyirik ki, sözdə korruspyadan xəbər verənlərə təhlükəsizlik vəd edilirsə, əməldə korrupsiyadan xəbər verənləri cəzalandırırlar.
Amma bu da mümkündür ki, böhran o qədər dərinləşib ki, hökumət xırda korrupsiya faktlarından da xəbərdar olmaq istəyir. Yəni, vətəndaşa təminat verirlər ki, korrupsiya haqqında xəbər ver və biz səni qoruyacağıq. Ona görə yox ki, şəffaflığı təmin etmək istəyirlər, ona görə ki, yeni qazanc mənbəyi axtarırlar. Yeni şikar izinə düşmək istəyirlər.
Samir