Telekanalları bu vəziyyətə kim salıb?

Hakimiyət təmsilçilərinin telekanalları tənqid etməsi halları artıb. Bu günlərdə “Azərbaycan” qəzetinin buş redaktoru Bəxtiyar Sadıxov teleekranın qəhrəmanlarının ziyalıların, alimlərin, siyasətçilərin olmamasından təəssüflənərək daha çox sensasiya tipli süjetlərə və şou verilişlərinə üstünlük verildiyini yazır. Şübhəsiz ki, Bəxtiyar Sadıqov, ondan əvvəl də bu mövzuya toxunan məmurlar bu məsələdə telekanalların lazımi səlahiyyəti olmadığını bilir. Müstəqil olmayan telekanal heç vaxt hakim dairələrin maraqlarına zidd olaraq ölkədəki problemləri işıqlandıra, bu problemləri dilə gətirən şəxslərə efir vaxtı ayıra bilməz. Bu mənada telekanalları ittiham etmək nə dərəcədə doğrudur və vəziyyətin bu hədə çatmasının əsl səbəbkarları kimdir?

«Efir məkanından kimsə öz şəxsi məqsədləri üçün istifadə edəndə tamaşaçıların haqqını pozur»

Tanınmış ziyalı Eldəniz Quliyev telekanalların özbaşına olmadığını və idarə olunduğunu deyir. Azərbaycan teleməkanında televiziyaların estetikası barədə heç kəsin fikirləşmədiyini deyən E.Quliyev telekanallardan yalnız təbliğat vasitəsi kimi istifadə olunduğunu da vurğuladı. Onun fikrinəc, bir çox hallarda isə təbliğatın idbar formasından istifadə edirlər.
Efir məkanından şəxsi maraqlar üçün istifadə olunduğunu deyən E.Quliyev televiziyaların artıq çağırılmamış qonaq kimi evlərə daxil olduğunu da vurğuladı: “Televiziya hər birimizin evinin qonağıdır. Istərdik ki, bu çağırılan, istənilən qonaq olsun. Ancaq bu gün televiziyalar çağırılmamış qonaq kimi hər birimizin evinə girir. Dünyada azadlıq, hava kimi bir çox şeylər var ki, bir adamın deyil, hamınındır. Efir məkanı da onun kimidir. Bu efir məkanından kimsə öz şəxsi məqsədləri üçün istifadə edəndə tamaşaçıların haqqını pozur. Bundan Azərbaycandakı kimi istifadə olunması isə biabırçılıqdır”.

«Televiziyalarda bu sistemi yaradan indiki rejim və onun məddahlarıdır»

Tanınmış publisist, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir rəsmi şəxslər tərəfindən telekanalların tənqid olunmasını absurd adlandırdı. Onun sözlərinə görə, bu, artıq tendensiyadır və yüksək dairələrdən qaynaqlanır: “Bu, Bəxtiyar Sadıqovdan yox, daha yuxarılardan gəlir. Bir müddət əvvəl Ramiz Mehdiyev də öz məqaləsində telekanalları tənqid edirdi. Bu durumun yaradıcısı olan, telekanalların müstəqilliyini alıb, yaradıcılığını zədələyən, onlara azad fəaliyyət göstərməyə imkan verməyən şəxslərin telekanalları  bu vəziyyətə düşməsinə görə tənqid etməsi absurddur”.
M.Vəzirinin sözlərinə görə, Azərbaycanda telekanalların mədəni səviyyəsi çox aşağıdır. Hətta bəzən aparıcılır sözləri düzgün tələffüz etmir. Amma bunun hamısının başında dayanan bir səbəb var. Bu da teleşirkətlərin müstəqil, azad olmamasıdır. Bu sistemi yaradan isə Prezident Administrasiyası, indiki rejimdir və bu hakimiyyətin xidmətçiləri, məddahlarıdır. Bəxtiyar Sadıxov kimi…

Fizzə