Liviyanın öldürülmüş diktatorunun və ailəsinin varidatı isə milliləşdirildi
Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin şəxsiyyətinə pərəstiş edilməsi qadağan olunub. Ölkənin müvəqqəti hökuməti Milli Keçid Şurasının qəbul etdiyi yeni qanuna əsasən Müəmmər Qəzzafi, onun rejimi, onun ideyaları və övladlarına pərəstiş edənlər, onları tərifləyənlər həbs cəzasına məhkum olunacaq.
“Belə xəbərlər, şayiələr, və ya təbliğatlar dövlətin ziyanına olduğu təqdirdə, ömürlük həbs cəzası tətbiq olunacaq” deyə yeni qanunun mətnində bildirilir. Qanun eyni zamanda hərbi fəaliyyətə hər hansı yolla maneçilik törədən, terroru yayan, vətəndaşların əxlaqi dəyərlərini aşağılayan məlumatları və şayələri qadağan edir.
Milli Keçid Şurasının başqa bir qərarı ilə Liviyanı 42 il dəmir yumruqla idarə edən Müəmmər Qəzzafi və onun ailəsinin varidatının milliləşdirilməsinin önü açılıb. Müvəqqəti hökumətin çıxardığı qərarla Qəzzafinin və ailəsinin daşınan və daşınmaz əmlakları, bank hesablarındakı pullar bundan sonra Liviya dövlətinin varidatı hesab olunacaq.
Bununla yanaşı Milli Keçid Şurası bir müddət öncə dini, tayfa və etnik zəminli partiyalara qoyulmuş qadağanı da ləğv edib. İnqilabdan əvvəl Qəzzafi rejimi dövründə eyni zamanda istənilən siyasi təşkilatların fəaliyyətinə qadağa qoyulsa da, Milli Keçid Şurası bu ilin yanvarında bu haqda qanunu aradan qaldırmışdı.
azadliq.info


