YAP-çı deputatdan “serial qadağası”na kəskin etiraz

“Yaxşı, indi nə verəcəklər? Hansı telekanalı açırsan, 80-90 yaşlı kişini evləndirirlər. Bu verilişdir?”

“Rus filmlərini göstəririk, əcnəbi saymırıq. Amma dost, qardaş ölkənin filmlərini əcnəbi sayıb, yayımını dayandırırıq”

Milli Məclisin deputatı Eldar İbrahimov Azərbaycan telekanallarını, yayımladıqları verilişlərin keyfiyyəti ilə bağlı sərt tənqid edib. E.İbrahimov “Modern.az” saytına açıqlamasında bunları deyib:
“Space”də seriala baxırdım, bu zaman “Planet parni iz Baku”nun reklam çarxı yayımlandı. Tahir və Cabir İmanov qardaşları Türkiyə prezidenti Abdulla Gülün qıraqları güllü çərçivədə şəkilini ortalığa qoyub başlayırlar “Ay bağda gül, bağda gül” deyib, onun ətrafında oynamağa.
Azərbaycanı hər zaman beynəlxalq təşkilatlarda, hər yerdə müdafiə edən belə bir adamın, qonşu, dost ölkənin prezidentinin bu cür məsxərəyə qoyulması nə dərəcədə düzgündür? Ona görə həmin an “Space” telekanalının direktoru Vaqif Mustafayevə zəng edib, fikirlərimi bildirdim və o mənimlə razılaşdı. Bir neçə dəqiqədən sonra isə zəng edib artıq həmin reklamın yayımdan qaldırıldığını bildirdi.
Bu adi bir adam deyil ki, qardaş ölkənin prezidentidir. Hər şeyin bir həddi var. Onların verilişlərində bəzi adamları yamsılamaq kimi hallar olur, amma bu yamsılamaq deyil, məsxərəyə qoymaq idi. Onu da sağ olsunlar ki, çıxartdılar”.
Eldar İbrahimov bütün yerli telekanalların milli-mənəvi dəyərlərə, mentalitetə uyğun olmayan verilişlər yayımladığını deyib. O bildirib ki, hər şeydən öncə televiziya proqramlarının hazırlanmasında milli dəyərlər əsas tutulmalıdır.  
“Bizim televiziyalarda səviyyəli verilişlər getməlidir ki, insanlar da ona baxsın. Maraqlı seriallar yayımlanırdı, məsələn “Möhtəşəm yüzil” serialı. Bu serial tarixidir, tam olmasa da, izləyici ona baxıb nəsə öyrənə bilərdi. Və ya son vaxtlar “Bu zalım dünyada doğulma” (“Amaci”) serialı da gözümə sataşırdı. Amma hamısının yayımını dayandırdılar…
Mən demirəm ki, xarici seriallar yığışdırılmasın. Amma sənin daxili serialın varmı, bunun yerini tuta bilirmi? Yoxsa elə hansı telekanalı açırsan, orada 80-90 yaşlı kişini evləndirirlər. Bu verilişdir? Özlərini gülüş vəziyyətdə qoyurlar. Düzdür, bu tip verilişlər Rusiyada da yayımlanır, amma ordakıların səviyyəsi ilə bizimkilərin səvviyəsi bir deyil axı” – deyə deputat vurğulayıb.
Eldar İbrahimov əcnəbi seriallar adı ilə Türkiyə seriallarını yığışdırmağı doğru hesab etmir.
“Rus filmlərini göstəririk, onu əcnəbi saymırıq. Amma dost, qardaş ölkənin filmlərini əcnəbi sayıb, yayımını dayandırırıq. Mən bunu heç doğru hesab etmirəm”.
Millət vəkili bu serialları yığışdırmağın tərəfdarı olmadığını vurğulayıb: “Yaxşı, yığışdırdıq. İndi televiziyalarda nə verəcəklər? Onlar nə verməlidirlər ki, insanlar baxsın?
Məgər Azərbaycan seriallar çəkir? Azərbaycanın bu gün yetəri qədər  televiziya verilişləri olacaqmı ki, insanlar baxa bilsin? Haranı açırsan ya evləndirirlər, ya da axşama kimi “onu orada maşın vurdu öldürdü, maşın qəza törətdi, 50 adam öldü”  tipli, insanları mənəvi cəhətdən sıxan, bədbinləşdirən xəbərlər verirlər”.