İsraildə “Irana hücum” böhranı dərinləşir

Tehran rejiminə müdaxiləni dəstəkləyən Netanyahu-Barak tandeminə etirazlar artıb

Israildə Irana qarşı müharibənin qaçılmaz olduğuna dair iddiaları gündəmə gətirən baş nazir Benyamin Netanyahu və müdafiə naziri Ehud Barak başda olmaqla, indiki hökumətə yönəlik etirazlar artıb. Müxalifətlə yanaşı, son 10 il ərzində ölkənin mühüm postlarını tutmuş şəxslər də Netanyahu-Barak tandemini hədəf alıb. Bir zamanlar ölkənin kəşfiyyat qurumlarına rəhbərlik etmiş iki rəsmi, bir baş nazir və iki baş qərargah rəisi Iranla müharibəyə etiraz edənlərin sırasına qoşulub.
Keçmiş baş nazir Ehud Olmert bildirib ki, Irana qarşı hər hansı addım məsələsində yalnız ABŞ qərarverən olmalıdır. Keçmiş baş nazirin sözlərinə görə, Tehran rejiminə qarşı hərbi variant üçün tələsik addımlar atmağa ehtiyac yoxdur. Irana qarşı sanksiyalar təsirsiz olarsa, Tehrana yönəlik hərbi hücum Israil tərəfindən deyil, ancaq ABŞ liderliyində baş tutmalıdır. Olmert hərbi müdaxilənin son çarə olduğunu da əlavə edib.
Kəşfiyyat qurumu “Shin Bet”ə 6 il rəhbərlik etmiş Yuval Disk Netanyahu hökumətini ölkəni Iranla müharibəyə sürükləməkdə günahlandırıb. O, hökumətə güvənmədiyini söyləyib: “Ən böyük problemim bizi Iranla döyüşə və ya regional müharibəyə sürükləyən indiki liderlərə inanmamağımdır. Nə baş nazirə, nə də müdafiə nazirinə inanıram. Özünü Məsih zənn edən liderlərin qərarlarına inanmıram. Onlar belə bir zamanda Israilə liderlik edə biləcək insanlar deyillər”.
Yuval Diskin açıqlamaları rezonans doğurub. Onun qalmaqal yaradan sözlərinə “Mossad”ın keçmiş şefi Meyl Daqandan dəstək gəlib. Daqan Irana hücumun axmaqlıq olacağını deyib.
Keçmiş baş qərargah rəisi Qabi Aşkinazi də Diskin fikirlərini dəstəkləyib.
Israil ordusunun hazırkı baş qərargah rəisi Beni Qantz da ötən həftə Iranın nüvə silahı əldə etmək barədə qəti qərar vermədiyini söyləmişdi.