Villa-villa oyunu

Bəzi dostlar dörd gün əvvəl ayrılarkən demişdi ki, bir də gələn il görüşərik. Üstündən saatlar keçdi və biz növbəti ildə görüşdük. Bizi illərdən Hacıbala müəllimin fişəngləri ayırır. Təsəvvür edin ki, parta-partla göyə bir yığın “kitay”  fişəngi atırsan, il təzələnir. Amma bu ölkədə heç Hacıbala müəllim də təzələnmir. Ümumiyyətlə, il təzələndimi? Nəydi təzələnən?
Elə bu yerdə zamanın nisbiliyi haqda doyunca və maraqla yazmaq istərdim. Lap elə Eynşteyn sayağı. Həm də çox əcaib və diqqət çəkən misallarla. Bilirsiniz necə maraqlıdır dünyada yüksək sürətə məhdudiyyətin olmasını düşünmək. Işığın ikili əlaməti də bir ayrı aləmdir. Amma kimə maraqlıdır ki?! Üstəlik, hamı ucundan-qulağından bilir, hamı lazım olan qədər dərk edir bunları. Fəqət zaman o qədər nisbidir ki, indi dünyada az qala hər kəs elmin bu çətin nəzəriyyəsini dərk etsə də, heç də hamı bizim hələ də 21-ci əsrə çatmadığımızı dərk etmir. Bizdə zaman həddən artıq nisbidir…
Bizdə yeni ilin gəlişi də yeni seçkilərin keçirilməsi kimidir, heç nə dəyişmir. Məşhur sovet lətifəsində olduğu kimi, qatarda pərdələri yelləyirik ki, getdiyimizi düşünək. Bizim də bayrağımız yellənir. Dünyada ən uca olan bayrağımız. Ən maraqlısı odur ki, il bitəndə Ilham Əliyev də belə söylədi. Milyonları yelə verib yellətdikləri bayrağı dünyanın ən uca bayrağı adlandırdır. Nisbilik isə öz işini görmüşdü, acından günorta oyanan Tacikistan artıq 162 metrlik (bizdəkindən 2 metr artıq) bayraq ucaldır. Bayraq nisbiliyi Albert Eynşteynin ağlına gəlsəydi, deyərdi ki, zaman nisbi olmaqla yanaşı, zarafatcıldır həm də.
Amma bizdə yerində duran zaman da var. Deməli, Dağıstan prezidenti Maqomedsalam Maqemedov Bakıya səfərə gəlib. Sovetlər dağılandan Dağıstana Maqomedovlar rəhbərlik edir. Əvvəl atası Maqomedali Maqomedov idi rəhbər, sonra oğluna keçdi hakimiyyət. Eynən bizdəki kimi. Maraqlı olan odur ki, Maqomedovun burada görüşdüyü Qafqazın şeyxülislamı Allahşükür Paşazadə də həminkidir. Illərin Paşazadəsi. Üstəlik, görüşdə onun qardaşı olan başqa bir Paşazadə də iştirak edib. Daha belə də nisbilik olar? Sanki kimlərsə zamanı əlində tutub saxlayır. Zamanın belə tərəfləri də var, bəzən ona sahib çıxırlar. Elə bizdə də bizim zamanımıza sahib çıxıblar, alıblar onu əlimizdən.

***

Ötən ildən qalan bir mövzuya toxunmaq isə məncə gec deyil. Aradan il-zad keçməyib, az qala dünənin söhbətidir. Milli Məclis sədrinin müavini, YAP Idarə Heyətinin üzvü Bahar Muradova ilin sonunda belə demişdi: “Bəzi müxalifət partiyalarının Ictimai Palata adlı yeni qurum yaratmalarının Azərbaycandakı ictimai-siyasi proseslərə, ölkəmizin inkişafına zərrə qədər təsiri yoxdur və olmayacaq. Bu düşərgədə ildə bir neçə dəfə yeni təşkilatın yaradılması ideyalarını kənardan müşahidə edəndə uşaqların “evcik-evcik” oyunu yada düşür.”
YAP-çılar artıq danışmağı da bilmir. Seçki zamanı 4 dəqiqəlik çıxışlar da sübut etdi ki, zaman onları yamanlayır. Nə danışdıqlarını bilmirlər. Axı bu “evcik-evcik” söhbəti dərhal “villa-villa” söhbətini yada salır. Elə Dubaydakı villaları. YAP-çıların Azərbaycanı özlərinin villalar məkanına çevirməsi də unudulmur. Azərbaycan artıq villa-villa oyunu ilə idarə edilir. Başqa amal yoxdur sanki. Villa zamandır bizdə.