Bir Vidadi öyküsü

Vidadi Isgəndərlini biz jurnalistlər haqqı tapdanan insanların qoruyucusu kimi tanıyırdıq. Müsahibələrindən, açıqlamalarından alovlu, prinsipial biri olduğunu bilirdik. Geniş ictimaiyyət isə onu daha yaxından şərlənərək həbs edilməsilə tanıdı.
Vidadi bəyin məhkəməsi hamımızın yadındadır. Həmin məhkəmədə bəyin üzünə qoymağa adam tapmamışdılar, məcbur olub ruhi sağlamlığı yerində olmayan insanları gətirmişdilər. Bu, əlbəttə, məhkəmə deyildi, bu, heç məzhəkə də deyildi. Bu, sadəcə, dünya hüquq tarixinin üzqaralığı idi. “Məhkəmə necə olmamalıdır?”, “Hüquqa necə tüpürmək olar?” kimi sualların cavabı idi.
Vidadi bəyin məhkəmədəki duruşunu, özünün və vəkillərinin Əliyevçi “məhkəmə” sistemini necə rəzil etdiyini də yaxşı xatırlayırıq. Rejim öz fiaskosunu o qədər aydın görmüş və o qədər qəzəblənmişdi ki, Vidadi Isgəndərliyə başdan-ayağa qanunsuz, sifarişli qərar çıxarmaqla da ürəyi soyumamış, bəyin vəkili Xalid Bağırovun da vəkillik hüququnu əlindən almışdı.
Vidadi bəyin “məhkəməsində” “dövlət ittihamçısı”na dediyi o sözlər isə tarixə əlbəttə, qızıl hərflərlə yazılacaq, azadlıq və demokratiya uğrunda mübarizə aparan insanların qəlbinə qüvvət, gözünə işıq verməkdə davam edəcəkdir: “Siz məni ittiham edə bilməzsiniz, burda mən sizi ittiham edirəm!”
Əslində, Ilham Əliyevin Azərbaycanında hüququn necə dəfn edildiyini, ədalət duyğusunun necə sümürüldüyünü görmək üçün heç də həmişə siyasi məzmunlu məhkəmə işlərinə baxmaq lazım deyil. Siz hətta boşanma xarakterli məhkəmə iclaslarında da otura, orada belə, ölkədəki hakimliyin səviyyəsinə şahidlik edə bilərsiniz. Bu saat Azərbaycanda ədalət – sadəcə, “Ədalət” qəzetinin və “Ədalət” Partiyasının, hə, bir də müğənni Ədalət Şükürovun adında qalıb.
Bəzən deyirlər ki, rejim ona görə vətəndaşları belə asanlıqla əzib keçir, qurbanına çevirə bilir ki, insanlar öz hüquqlarını bilmirlər. Amma Vidadi Isgəndərli bu mifi də alt-üst etdi. Hər kəsə göstərdi ki, illərin hüquqçusu, hüquq müdafiəçisi, qanunları əzbər bilən biri olaraq, onun özü şərləmənin, zorakılığın qurbanına çevrilirsə, yaptokratiyanın özbaşınalığını, quldurluğunu vətəndaşların hüquqlarını bilməməsi ilə əsaslandırmağa çalışmaq məntiqsizliyin, absurdun pik nöqtəsidir.
Bugünlərdə Vidadi bəyin 50 yaşı tamam oldu. O, bu 50 yaşa başqa cür də gəlib çıxa bilərdi: ölkəsinin, xalqının qayğılarına, ideallarına yad olan, bu millətin və məmləkətin indisindən, gələcəyindən əsla narahatlıq keçirməyən, əndişə duymayan biri kimi! Əvəzində də yubiley yaşını dəmir barmaqlıqlar ardında yox, işıqlı, geniş kabinetində qarşılayardı. Təbrik üçün qapısında növbə tutardılar.
Vidadi bəy məhz bunu istəmədi. Bu yolu seçmədi. Çağdaş, demokratik, azad Azərbaycan üçün savaşa atıldı, bu gün bunun cəzasını çəkir, amma mükafatını əlbəttə, Tarix mütləq verəcəkdir.
Azərbaycan onun kimi aydın, ləyaqətli, cəsur insanların çiynində dayanıb. Onun kimi insanların varlığıdır bu ölkədə azadlıq ümidlərini ölməyə…
Çağdaşlıq, demokratiya xəyallarını suya düşməyə…
Irticanın öz qələbəsini elan etməyə qoymayan.
Onun kimi insanların sayəsində hər cür şərə, şərəfsizliyə, işgəncəyə, zülmə rəğmən, bu ölkədə hüququn və ədalətin təntənəsinə, azadlıqların zəfərinə inamımız tamdır, sarsılmazdır.
Təbrik edirik, Vidadi bəy!
Sizinlə, müqəddəs dəyərlər uğrunda azadlığından keçən, hər cür məhrumiyyəti göz önünə alan bütün fədakar, vicdanlı dostlarımızla qürur duyuruq. Bu millət bir ömür boyu sizə minnətdar olsa, yenə azdır.
Yaxşı ki, varsınız.