YAP-çı deputatdan yuxu kimi açıqlama

deputat-aydin-huseynovAydın Hüseynov böhranın bitdiyini, inkişafın başladığını iddia edir

“Dünyada baş verən iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatında yaranmış çətin dövr artıq arxada qaldı. Bundan sonra ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək, böyüyəcək və güclənəcək”.Bu sözləri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.
Deputat onu da bildirib ki, Azərbyacan iqtisadiyyatının iflasa uğrayacağı barədə səslənən fikirlər əsassızdır.
Bu adamlar o qədər məsuliyyət hissini itirblər ki, heç bir kompleks keçirmədən istənilən fikri səsləndirə bilirlər. Ölkədə böhran rəqs eləyir, bütün göstəricilər sürətlə aşağı düşür və YAP-çı deputat çiçəklənmədən danışır. Əslində ölkədəki vəziyyəti bu formada şərh etmək vətəndaşı ələ salmaqdır.
Hər gün milli valyuta dəyər itirir, banklar sıradan çıxır, iş adamları ölkəni tərk edir və iş yerləri qapadılır. Son məlumata görə Mərkəzi Bankın rezervləri 41 faiz aalaraq 4 milyard maant olub. Beynəlxalq qiymətləndirmə agentlikləri gələn il Azərbaycandakı iqtisadi artımı Gürcüstan və Ermənistandan az proqnozlaşdırırlar. O biri tərəfdən də neftin qiyməti yenidən ucuzlaşmağa başlayır.
İqtisadçı ekspertlər də hesab edir ki, böhrannı daha ağır mərhələsi qarşıdadır. Məsələn, dolların 2 manatı ötəcəyi, qiymətlərin yenidən bahalaşacağı real görünür. Vəziyyət o qədər acınacaqlıdır ki, hökumət cərimələri sərtləşdirmək, rüsumları artırmaqla dönüş edəcəyini düşünür. Amma real islahatlar aparılmayana qədər, imtiasiyadan imtina edilməyənədək hər hansı uğurdan danışmaq absurddur.Artıq hər bir Azərbaycan ailəsi böhranı öz üzərində hiss edir və bundan sonra çiçəklənmədən danışmaq ikrah hissi yaradır.
Ümumiyyətlə, YAP-çı deputat çiçəklənmənin hansı sahədə baş verdiyini açıqlamır. Maaşlar artıb, manat əvvəlki səviyyəsinə qayıdıb, büdcədə artım baş verib, ixracımız çoxalıb, idxaldan asılılıq minimuma endirilib? Axı böhranın arxada qaldığını nəyə əsasən söyləmək olar?
Bu məqamda yalnız bir versiyanın üzərində dayanmaq olar. Belə görünür ki, hökumət komandası böhranı arxa planda qoyub və bunu ölkə vətəndaşlarına da şamil edirlər. Yəni, öz bizneslərinə xələl gəlməyib, yığdıqlarından xərcləməyiblər, bankları mənffətlə işləyib və vətəndaşın cibinə girməklə prosesi davam etdirirlər.
Ən maraqlısı isə budur ki, dünyada iqtisadi böhran baş verməyib və Azərbaycandakı səfalətin dünyaya aidiyyatı yoxdur. Ölkənin bu vəziyyətə düşməsinin neftin qiymətinin cuzlaşmasıyla da əlaqəsi yoxdur. Guya, neft 120 dollar olanda xalq cənnət həzzi yaşayırdı? Bütün məmurlar milyarderə çevrilibsə, neftin qiymətinin, qlobal böhranın buna nə dəxli var? Heç bir sərvəti olmayan Ermənistanda minimum əməkhaqqı Azərbaycandan çoxdur. Yaxud, Gürcüstanın neftsiz büdcəsi Azərbaycannı büdcəsindən artıqdır.
Ona görə də Aydın Hüseynov başa düşməlidir ki, arxada qalan böhran deyil, böhranın yüngül formasıdır. Bundan sonra böhranın daha tünd rəngləri ilə qarşılaşacağıq.
Millətə vəkillik etmək cəsarətiniz yoxdur, heç olmasa millətə yalan danışmaqdan əl çəkin. Böhranın arxada qaldığını indi yuxuda da görmək mümkün deyil.YAP-çı deputat isə deyəsən inkişaf yuxusu görüb.

Samir