Cavid Qurbanovun müşaviri seçicini təhqir etdi

«Azəryolservis» şefinin seçicisinə ağ bayraq götürüb Ermənistana keçmək təklif olundu

“Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanov seçicilərinin problemlərilə maraqlanmır. Cavid Qurbanov hətta seçicilərini qəbul etmək istəmir. Konkret olaraq bir faktı oxucuların diqqətinə çatdıraq. Kəlbəcər rayonundan məcburi köçkün olan və hazırda Bakıda kirayədə yaşayan, Cavid Qurbanovun seçicisi Alagöz Verdiyeva dəfələrlə “Azəryolservis” şefinin qəbuluna düşmək istəsə də, məqsədinə nail ola bilməyib.
Alagöz Verdiyeva “Azadlıq”a bildirib ki, Cavid Qurbanov onu qəbul etmək istəmir: “Mən 5 dəfə onun qəbuluna düşmək istəmişəm. Ailəmizin 5 üzvü onun seçicisidir. Lakin biz deputatımızla görüşə bilmirik. Sonuncu dəfə yenə onun qəbuluna düşmək istəmişəm. Amma onun  Həbib adlı müşaviri mənə dedi ki, Cavid Qurbanov heç kimi qəbul etmir. Mən dedim bəs biz nə edək? Qaçqın düşmüşük, evimiz-eşiyimiz yoxdur, ailəmiz böyükdür, kirayə pulunu çatdıra bilmirik. ”Qaçqınkom”a müraciət edirik deyirlər ki, gedin deputatınız Cavid Qurbanov problemi həll etsin. Bura da gəlirik ki, siz deyirsiniz ki, Cavid Qurbanov heç kimi qəbul etmək istəmir. Həbib adlı həmin şəxs də cavabında dedi ki, əgər Azərbaycanda heç kim sizin probleminizlə maraqlanmaq istəmirsə onda ağ bayraq götürüb keçin Ermənistana”.
Göründüyü kimi Cavid Qurbanov seçicilərinin problemlərini dinləməkdən onları ələ salmaqdan zövq alır. Hər halda Cavid Qurbanovun nümayəndəsi özbaşınalıq edərək onun seçicisinə belə deyə bilməz. Görünür ki, deputatın seçicilərinə münasibətini, onlarla ələ saldığını bildiyindən məcbur köçkün olan Alagöz Verdiyevanı bu sayaq aşağılayıb.

Informasiya şöbəsi