Azadlıqda cəza çəkən vicdan məhbusu

Arif Alışlı azadlığa çıxmasının səbəbləri barədə

“2 aprel” aksiyasına görə azadlıqdan məhrum edilənlər arasında ən çox “iş” alanlaran biri Arif Alışlı idi. Arif Alışlı indi ailəsinin yanındadır, ancaq onu tam azadlığa qovuşmuş saymaq olmaz. Keçən həftə məhkəmə sadəcə onun cəza növünü dəyişib.

Evə dönüş

“Mən öz hüququmdan istifadə edərək cəza növümün dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etdim. Qanun və mənim haqqımda verilən rəylər belə bir qərarın çıxarılmasına heç bir maneə yaratmırdı. Həbsdə olduğum müddətdə nümunəvi davranışım ilə həmişə seçilmişəm. Həbsxana rəhbərliyinin, dustaq yoldaşlarımın mənim davranışımla bağlı heç bir iradı olmayıb. Əlbəttə, başa düşürəm ki, qərarın verilməsi üçün Azərbaycan şəraitində təkcə bu yetmirdi. Görünür, hakimiyyətin də marağı var idi ki, içəridə vicdan məhbuslarının sayı azalsın. Məhkəmənin özü etiraf elədi ki, belə qərarlar çox az hallarda verilir”.

Həbsxanadaykən

“Heç kim həbsxanadan sığortalanmayıb. Amma olur da, həyat belədir. Düşmənimə belə həbsxana arzulamıram. Azadlıq doğrudan da əsl nemətdir. Həbsxanaların heç olmaması absurd arzu olardı. Ancaq heç olmasa elə etmək olar ki, orda günahsız insanlar olmasın. Bir də cəzaları yüngülləşdirmək lazımdır. Narkomanları ora salmaqla onları nə sağaltmaq olar, nə də islah etmək. Eləcə də bir telefon oğurluğuna görə insanı 4-5 il həbsdə çürütmək doğru deyil”.

Necə bir yerdi oralar?

“Mənim ”cinayətim” saxlandığım 17-cü müəssisə üçün uyğun deyildi. Oranın vəziyyəti bərbaddır. Adı açıq tipli olsa da, ora əslində “Qobustan” həbsxanasının filialı idi. Gəzmək üçün cəmi 20 kvadrat sahəsi vardı. Dar bir yer idi, bu da insana olduqca ciddi psixoloji təzyiq yaradırdı. Qışda orda biz nə zülmlər çəkdik… Bütün məhbsular xəstələndi. Suyumuz kəsildi”.

Ötən günlər

“Dustaq yoldaşlarıma əlimdən gələn qədər kömək etməyə çalışırdım. Çoxunun elementar biliyi olmurdu. Hüquqi məsələləri bacardığım qədər onlara başa salırdım. Günümü əsasən qəzet oxumaqla, filmlərə baxmaqla keçirirdim. Bir də başımı qatmaq üçün müəssisə daxilində keçirilən müxtəlif tədbirlər olurdu, onlarda fəal iştirak edirdim”.

Dəyişənlər

“Evə gəlmişəm, qəribə vəziyyətdəyəm. Işləmək istəyirəm, əlim işə yatmır. Bir az vaxt keçməlidir yəqin ki. Mən olmayanda nələr dəyişib? Ciddi bir dəyişiklik yoxdur. Evdə əsasən texniki dəyişikliklər var, ora sınıb, bura qırılıb və s. Özümdə də dəyişiklik var. Qışda kalonda sürüşüb ayağımı əzmişəm. Indi axsayıram. Ayağıma, bir də soquqdəyməmə görə müalicə almalıyam”.

Təşəkkür

Mənim müdafiəmdə iştirak edən bütün dostlarıma, əqidədaşlarıma minnətdarlığım var. Onlar əllərindən gələni etdilər. Ancaq nə edəsən, Azərbaycan kimi qanunçuluğun zəif olduğu yerdə güclü müdafiədən nəticə gözləmək olmaz. Mən həbsdəykən Əli Kərimli, Isa Qəmbər və bu iki şəxsin ətrafındakı funksionerlər Sabirabada atamın yasına getdilər. Bu, mənim üçün unudulmaz bir diqqətdir”.

Arzu

“Illər keçsə də dustaqlar arasında ”Elçibəy aministiyası” hələ də danışılır. Zamanında Əbülfəz bəy tarixə düşən bir aministiya verib, onun bu addımını indi hamı təqdir edir. Mən dustaqlara deyirdim, demokratların qədrini bilin. Onlar hamı üçün xeyir verməyə çalışan insanlardır. Bu gün ölkənin elə bir aministiyaya ehtiyacı var. Həbsdə bizim vicdan məhbusu olan dostlarımız var, eləcə də başqa günahsız insanlar. Onların azadlığa çıxması ən böyük arzumdur”.

Həftədə bir dəfə

AXCP üzvü Arif Alışlı ötən il avqustun 25-də Səbael Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Vicdan məhbusunun cəzası yüngülləşdirilib. Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda bildirilib. Məlumatda bildirilib ki, qüvvədə olan qanunvericiliyə əsasən azadlıqdan məhrum edilmiş şəxslərin cəzadan vaxtından əvvəl şərti azad olunmaları və ya məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilmələri ilə əlaqədar müraciətləri cəzanı icra edən müəssisələrin rəhbərliyi gecikdirilmədən aidiyyəti üzrə ərazi məhkəmə orqanlarına göndərir. Keçən həftə onun cəzası yüngülləşdirilərək Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeçiliyində olan məntəqə tipli cəzaçəkmə müəssisələrinin birinə keçirilmək barədə məhkəmə qərar verib. Həmin müəssisədən isə azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona evində yaşmağa icazə verilib. Indi Arif Alışlı həftədə bir dəfə həmin müəssisəyə gedərək uyğun sənədlərə imza atıb yenidən evinə dönür.

Natiq Güləhmədoğlu